AİHM-in Azərbaycanla bağlı qərarları – aylıq (aprel, 2022) icmal

Avropa İnsan Haqları Məhkəməsi (AIHM) aprel ayında Azərbaycanla bağlı 2 qərar elan edib. Mahiyyəti üzrə olan hər iki qərarda iddia olunan pozuntuların əksəriyyəti tanınıb.

Eynulla Fətullayev Azərbaycana qarşı işi hökuməti və müxtəlif məmurları sərt tənqidləri ilə seçilən “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin təsisçisi və baş redaktoru olan ərizəçi E.Fətullayevin cəza çəkərkən üzərində axtarış aparılması, özərindən heroin tapılması və buna görə məhkum olunması olayı ilə əlaqəli idi. AİHM hesab etdi ki, ərizəçiyə münasibətdə Konvensiyanın 6-cı maddəsi pozulub – milli məhkəmələr ədalətsiz olub. Məhkəmə hesab etdi ki, “…ərizəçiyə əsas müdafiə xəttini – narkotik vasitənin ərizəçinin üzərinə rəsmilər tərəfindən yerləşdirilməsi, cinayət işinin ümumilikdə qurama olması haqda dəlilləri səmərəli təqdim edə bilmək imkanı verilməyib. Ərizəçinin bu dəlilləri kifayət qədər ardıcıl və ciddi idi, ancaq buna baxmayaraq, milli məhkəmələr onları yoxlayıb, tədqiq etməyiblər. Milli məhkəmələr sadəcə, cəzaçəkmə müəssisəsinin iddialarına söykənərək, ərizəçinin prosessual tələblərini nəzərə almayıblar, ona həlledici sübutlara etiraz etmək, onun xeyrinə olan dəlilləri təqdim etmək imkanı verməyiblər. Xüsusilə, ərizəçinin hökuməti tənqid edən məqalələrinə görə təqiblərə məruz qalmasnın ardıcıllığı, ərizəçinin həbsdəykən jurnalist fəaliyyətini davam etdirməsi və buna görə, məmurlar tərəfindən hədəfə alınması kimi xüsusatlar ümumiyyətlə milli məhkəmələr tərəfindən diqqətə alınmayıb”.

Bəhruz Həsənov Azərbaycana qarşı işində Azərbaycan Xalq Cəbhəsi Partiyası (“AXCP”) sədrinin mühafizəçisi olan ərizəçinin 2012-ci ildə 10 sutkalıq inzibati həbs edilməsinin qanuniliyi mübahisələndirilmişdi. Ərizəçi AİHM qarşısında Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə əsasən şikayət etmişdi ki, onun saxlanılması və inzibati həbsi özbaşına xarakter daşıyıb, heç bir faktiki əsasa söykənməyib. O, həmçinin, iddia etmişdi ki, ona münasibətdə Konvensiyanın 6.1, 6.3-cü (b və c) maddələri də pozulub. AİHM ərizəçinin hər iki iddiasının əsaslı sayıb, ərizəçiyə münasibətdə azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusuna qərar verib.

Aprel ayında Azərbaycanla bağlı elan olunmuş qərarlar üzrə ərizəçilərə 8500 avro təzminat ödənilməlidir.