Avropa Şurası Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarının icra durumu haqqında statistik bilgilərini yeniləyib. Sənəd 2011-ci ildən 2021-ci ilin iyunun 14-dək olan dövrə aid bilgiləri əhatə edir.
Sənəddə icrası başa çatmış, icrası davam edən, yubanan və nəzarət mərhələsinə yeni daxil olmuş qərarlar barədə məlumat verilir.
Sənədin Azərbaycanla bağlı bölməsində bildirilir ki, indiyə qədər AİHM-in Azərbaycanla bağlı 300-dək qərarı icra mərhələsinə daxil olub. 2011-ci ildən bəri ümumilikdə, 41 belə qərarın icrasına nəzarət qapadılmış elan edilib. 2012-ci ildə 1, 2018-ci ildə 18, 2019-cu ildə 16, 2020-ci ildə isə 6 qərarın icrasına nəzarət qapadılıb. İcrası başa çatan işlərdən 5-i “aparıcı”, 36-sı isə “təkrarlanan” işlər olub.
Hazırda AİHM-in Azərbaycanla bağlı qərarlarının 248-nin icrasına nəzarət davam etdirilir. İcrası yubanan belə qərarların 202-si “təkrarlanan”, 46-sı isə “aparıcı” qərarlardır.
İllər üzrə göstricilərdə icrası yubanan qərarların sayında artım tempi müşahidə olunur. İcrası yubanan təkraralanan qərarların sayı 2011-ci ildə 22, 2012-ci ildə 38, 2013-cü ildə 48, 2014-cü ildə 72, 2015-ci ildə 102, 2016-cı ildə 115, 2017-ci ildə 143, 2018-ci ildə 131, 2019-cı ildə 155, 2020-ci ildə 190, 2021-ci ildə isə 202 olub.
Qeyd edilənlərdən başqa 2021-ci ildə 11 yeni qərar icra mərhələsinə daxil edilib.
Qonşu ölkələrin göstəricilərinə görə, indiyə qədər AİHM-in Gürcüstanla bağlı qəbul etdiyi 150-yə yaxın qərar icra mərhələsinə daxil olub. Gürcüstan hökuməti həmin qərarların 85-ni tam icra edib. Ermənistanın göstəriciləri də oxşardır. AİHM-in bu ölkəyə qarşı 140-dan artıq qərarı icra mərhələsinə transfer edilib. AŞ-ın bilgilərinə görə, onlardan 84-ü tam icra edilib və icrasına nəzarət qapadılıb.
* Avropa Şurasına üzv olan dövlətlər Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını tam olaraq icra etməlidirlər. Dövlətlər Avropa Konvensiyasına qoşulmaları ilə AİHM-in qərarlrın əməl etmək öhdəliyini götürmüş olublar. Bu öhdəlik Konvensiyanın 46-cı maddəsində təsbit olunub. AİHM qərarlarının icrasına nəzarəti Avropa Şurasının Nazirlər Komitəsi (AŞ NK) həyata keçirir. Avropa Məhkəməsinin qərarları qəti olduqdan sonra icrasına nəzarət edilməsi üçün NK-nə göndərilir. AİHM qərarlarının icrasına qərarların “aparıcı”, “təkrarlanan” və “izolə edilmiş” işlər üzrə təsnifləndirilməsi işığında nəzarət edilir. Belə təsnifləndirmə qərarların icrasına nəzarət sisteminin asanlaşdırlmasına xidmət edir. Təsnifləndirmənin məqsədi “aparıcı işlər”in müəyyən edilməsidir. Bu işlər yeni ümumi tədbirlərin həyata keçirilməsini zəruri edən, kompleks və ya struktural problemləri ortaya çıxaran qərarlardır. Daha əvvəlki məhkəmə işlərində təsbit olunan sistemli problemlərlə bağlı olan işlər “təkrarlanan işlər” kimi təsnif edilir.