AİHM-in Azərbaycanla bağlı qərarları – aylıq (oktyabr) icmal

Avropa Məhkəməsi oktyabr ayında Azərbaycandan göndərilən 84 şikayət üzrə yekun qərar və qərardadlarını elan edib. Onların arasında seçki hüququnun pozuntusu iddia edilən şikayətlər üzrə elan olunan qərardadlar daha çox diqqəti çəkir.

Azərbaycanda 2015-ci ildə keçirilmiş parlament seçkilərindən verilmiş 47 şikayətə baxışını oktyabrda yekunlaşdıran məhkəmə, həmin şikayətlər üzrə 2 qərardad elan edib. Bu məhkəmə işlərində ərizəçilər əsasən, deputatlığa namizədliklərinin qeydə alınmamasının qanunsuzluğundan şikayət etmişdilər.

Mübariz Rəhimli və başqaları Azərbaycana qarşı işində 2015-ci ildə deputatlığa namizəd olan 6 ərizəçi hökumətlə dostca anlaşma bağlayıblar. Həmin anlaşmaya əsasən, pozuntunu etiraf edən hökumət, 6 ərizəçiyə təzminat ödəməlidir.

Arzu Səmədbəyli və başqaları Azərbaycana qarşı işində də hökumət 41 ərizəçinin seçki hüququnun pozulduğunu etiraf etdiyi üçün Avropa Məhkəməsi mahiyyəti üzrə qərar çıxarmağa ehtiyac görməyib. Məhkəmənin qərardadına əsasən, hökumət 41 ərizəçinin hər birinə təzminat ödəyəcək.

Son bilgilərə görə, Avropa Məhkəməsi seçki hüququ ilə bağlı indiyə qədər Azərbaycana qarşı 37 qərar və ya qərardad elan edib. Həmin qərarlara görə, ümumilikdə 130 deputatlığa namizədin seçki hüququna müdaxilənin baş verməsi ya Avropa Məhkəməsi tərəfindən tanınıb, ya da hökumət tərəfindən etiraf edilib.

Oktyabrda Avropa Məhkəməsi seçki işlərindən başqa, ədalətli məhkəmə araşdırması və dini etiqad azadlığı hüququnun pozuntuları iddia edilən daha iki işlə bağlı qərardad elan edib.

Elvin Adıyev və Elçin Namazov Azərbaycana qarşı işində ərizəçilər polis əməkdaşının qanuni tələbinə əməl etməməyə görə inzibati qaydada cəzalandırılmalarının qanunsuz olmasından şikayət etmişdilər. Emil Mehdiyev və Vahid Əbilov Azərbaycana qarşı işində isə “Yahova Şahidləri” dini icmasının üzvləri olan ərizəçilər iddia edirdilər ki, hərbi xidmət keçməkdən imtina etdiklərinə görə, 1 il müddətinə azadlıqdan məhrum edilmələri onların dini etiqad azadlığı hüququnu pozub. Hər iki işdə hökumət ərizəçilərin hüquqlarının pozluduğunu etiraf edib. Məhkəmənin qərarına əsasən, ərizəçilərin hamısına təzminat ödəniləcək.

Mahiyyəti üzrə qərarlara gəldikdə, Avropa Məhkəməsinin diqqətçəkən qərarlarından biri “Demokratiya, İnsan Haqları Resurs Mərkəzi” və Əsabəli Mustafayev Azərbaycana qarşı işi üzrə çıxarılıb. 2014-cü ildə Baş Prokurorluq maliyyə pozuntuları əsası ilə bir sıra QHT-lərə cinayət işi açmışdı. Həmin işin araşdırması çərçivəsində ərizəçi Mustafayevin və onun rəhbəri olduğu QHT-nin bank hesabları dondurulmuş, ölkədən çıxışı yasaqlanmışdı. Bu işdə ərizəçilərə tətbiq edilən məhdudiyyətləri siyasi məzmunlu sayıb Konvensiyanın 18-ci maddəsinin pozuntusunu tanıyan Avropa Məhkəməsi həmçinin, ərizəçilərin mülkiyyət, səmərəli müdafiə vasitələrinə malik olmaq və hərəkət azadlığı hüquqlarının da pozulduğuna qərar verib.

Ülvi Həsənov və Məcid Məcidli Azərbaycana qarşı işində ərizəçilər 2013-cü ildə Bakıda siyasi məzmunlu mətnlər yazılmış vərəqələr yayarkən, polislər tərəfindən saxlanılmışdı. Ardınca, hökumət əleyhinə vərəqələr yaymaqda, polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan ərizəçilər 15 sutkalığa həbs edilmişdilər. Avropa Məhkəməsi bu işdə ərizəçilərin ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarının pozuntusunu tanıdı.

Zoletic və başqa 32 nəfər Azərbaycana qarşı işində Bosniya və Herseqovina vətəndaşları olan ərizəçilər Azərbaycanda aldadıldıqlarını iddia edirdilər. Onlar AİHM-ə şikayətlərində bildirmişdilər ki, Bakıdakı məşhur alış-veriş və biznes mərkəzlərinin inşasında çalışıblar. İşə götürərkən, hər saat üçün 5-7 dollar ödənilməsi, zəruri şəraitlə təmin edilmiş mənzillərdə yerləşdirilmələri razılaşdırılsa da, ərizəçilər iddia edirdilər ki, onlara cəmi 3-4 dollar ödənilib, yaşayış durumları dözülməz olub, pasportları əllərindən alınıb, hamam, tualeti olmayan, yüz nəfərə qədər insanın sığdığı, sərt daxili qaydaların tətbiq edildiyi baraklarda saxlanılıblar. Avropa Məhkəməsi onların iddialarını qismən qəbul etdi, hesab etdi ki, 33 ərizəçinin hər birinə münasibətdə köləliyin, məcburi əməyin yolverilməzliyi hüququnun pozuntusuna yol verilib.

Oktyabrda Avropa Məhkəməsi Azərbaycan hökumətinin Aleksandr Lapşin Azərbaycana qarşı işi üzrə qərardan verdiyi şikayətə də baxıb. Böyük Palatanın 5 hakimdən ibarət kollegiyası hesab edib ki, Azərbaycan hökumətinin şikayətinə Böyük Palatada baxılması üçün əsaslar mövcud deyil. Beləliklə, Lapşin Azərbaycana qarşı işi üzrə qərar qüvvəyə minib. Sözügedən qərarında Avropa Məhkəməsi, israilli bloqerə münasibətdə Azərbaycanda həbsdə olduğu zaman onun yaşamaq hüququnun pozuntusuna yol verildiyi qənaətinə gəlmişdi.

Beləliklə, Avropa Məhkəməsi oktyabrda Azərbaycanla bağlı qərarlarında mülkiyyət, səmərəli müdafiə vasitələrinə malik olmaq, hərəkət sərbəstliyi, ədalətli məhkəmə araşdırması, ifadə azadlığı, məcburi əməyin yolverilməzliyi hüquqlarının pozuntusunu tanıyıb. Məhkəmə həmçinin bir işdə, hərəkət azadlığı və mülakiyyət hüququ ilə birgə götürülməklə, Konvensiyanın 18-ci maddəsinin pozuntusuna qərar verib. Hökumət bütün qərarlar üzrə ərizəçilərə 441 min avro təzminat ödəməlidir.