AİHM: Hüquqşunasın məhkəməyə qədər həbsi qanunsuz olub

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, martin 17-də Azərbaycanla bağlı daha bir qərarını elan edib.

Vidadi İsgəndərov Azərbaycana qarşı

Nə baş vermişdi?

Bu iş ixtisasca hüquqşunas olan ərizəçinin saxlanılma şəraitinin, məhkəməyə qədər həbs edilməsinin, həbs müddətinin uzadılmasının qanunsuzluğu iddiaları ilə bağlı idi. Şəkərli diabetdən əziyyət çəkən ərizəçi 2011-ci ildə saxlanılmış, Nəsimi rayon polis idarəsində iki nəfərlik kamerada yeddi nəfərlə birlikdə saxlanılmışdı. Aprelin 26-27-də həmin kamerada saxlanılan ərizəçi yemək və içməli su ilə təmin olunmamışdı. Ərizəçinin həbsdə saxlanma şəraitinin qanunsuzluğu ilə bağlı şikayətini cinayət prosesini həyata keçirən orqan təmin etməmiş, həmin qərardan şikayəti isə milli məhkəmələr rədd etmişdilər.

Ərizəçi daha sonra ona qarşı irəli sürülmüş ittihamlar üzrə (döymə, seçki hüquqlarının həyata keçirilməsinə mane olma və seçki komissiyalarının fəaliyyətinə müdaxilə) təqsirli bilinmişdi. O, iddia edirdi ki, barəsindəki məhkəmə araşdırmaları ədalətli olmayıb.

Ərizəçi bu işdə ona münasibətdə Konvensiyanın 3-cü, 5-ci və 6-cı maddələrinin pozuntusunun baş verdiyini iddia edirdi.

Məhkəmənin dəyərləndirməsi

AİHM öncə, ərizəçi ilə rəftarın minimum şiddət səviyyəsinə çatıb-çatmamasını araşdırıb. Hökumət iddia edirdi ki, ərizəçinin saxlanma şəraiti bütün standartlara cavab verib. Həm də cinayət prosesini həyata keçirən orqanlar, eləcə də daxili məhkəmələr ərizəçinin şikayətlərini hərtərəfli araşdırıb və nəticədə ərizəçinin iddialarını təsdiq edən hər hansı fakt ortaya çıxmayıb. Saxlanıldığı kameranın həddən artıq darısqal olması, yemək və içməli su ilə təmin olunmadığını iddia edən ərizəçi isə istər ölkədaxili araşdırmalar zamanı, istərsə də AİHM qarşısında saxlanma şəraiti ilə bağlı iddialarını təsdiq edən heç bir dəlil təqdim edə bilməyib. AİHM  presedent hüququna söykənərək qeyd etdi ki, həbs şəraitinə dair iddiaları təfərrüatların ətraflı və bir-birini tamamlayan təqdimatlarının müşayət etməsi və mümkün olduğu qədər iddiaları dəstəkləyən dəlillərin təqdim olunması gözləniləndir. Hazırkı işdə isə iddiaların əhatə etdiyi müddət saxlanma yerlərində yemək verilməyən gecə vaxtı ilə bağlıdır və həm də ərizəçi şəkərli diabet xəstəsi olması, ona yemək, içməli su verilməməsi, kameranın həddən artıq dolu olması ilə bağlı dəlil və yetərli təfərrüat təqdim etməyib. Buna görə, Məhkəmə hesab edib ki, ərizəçinin 3-cü maddə üzrə şikayətləri qəbuledilməzdir.

AİHM ərizəçinin azadlıq və toxunulmazlıq hüququnun pozuntusu ilə bağlı iddialarını qəbuledilən sayıb. Azərbaycanla bağlı əvvəlki qərarlarına istinad edən AİHM, daxili məhkəmələrin həbslərlə bağlı qərarlarında standart şablonlardan istifadə etdiyini, heç bir səbəb göstərmədiyini, konkret faktlara istinad etmədiyini, həbs üçün bir sıra mücərrəd əsasları təkrarladığını vurğulayıb. Hesab edib ki, məhkəmələr ərizəçi barəsində məhkəməyə qədər həbs qərarları çıxararkən, uyğun və yetərli əsaslar göstərə bilməyiblər və 5-ci maddənin pozuntusu baş verib.

Məhkəmə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu ilə bağlı ərizəçinin iddiasını da qəbuledilməz hesab edib. Ərizəçi iddia edirdi ki, onun işində təklif etdiyi 27 şahiddən yalnız səkkizi dindirilib. Məhkəmə qeyd edib ki, müdafiə tərəfinin şahidlərinin dindirilməsini tələb edərkən, onların ifadələrinin dinlənilməsinin vacibliyini, zərurliyini aydın izah etmək gərəklidir. Ancaq ərizəçi bunu etməyib. Müdafiə tərəfinin şahidlərinin dindirilməsinin zəruri olması ilə bağlı hər hansı arqumentin ortaya qoyulmadığını da göz önünə alan AİHM, yerli məhkəmələrin bu məsələyə yanaşmasında problem görmədiyini ifadə edib və 6-cı maddə ilə bağlı iddiaları qəbuledilməz sayıb.

Qərar

Yekunda Məhkəmə, ərizəçinin Konvensiyanın 5.3-cü maddəsi ilə təminat altına alınan hüquqlarının (məhkəməyə qədər həbs üçün əsasların olmaması) pozulduğuna qərar verib. Hökumət ərizəçiyə mənəvi zərərə əvəzi 3 min, xərc və məsrəflərə görə 500 avro təzminat ödəməlidir.