Press-reliz:
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) martin 19-da Azərbaycandan göndərilmiş şikayət üzrə növbəti qərarını elan edib. Məhkəmə iddia olunan pozuntuları tanıyıb, hökumətin üzərinə pozuntulara görə təzminat ödəmək vəzifəsi qoyub.
Qərar 44 yaşlı Süleyman Sətullayevin 12 il əvvəl Sumqayıt şəhərində başına gələnlərlə bağlıdır.
İşin faktlarına görə, Süleyman Sətullayev ailəsinə məxsus dükanda satıcılıq edirmiş. 2008-ci il avqustun 20-də axşam saatlarında mülki və rəsmi geyimdə olan polislər dükana “qonaq” gəlib. Onlar deyiblər ki, narkotik satmağınla bağlı əməliyyat məlumatı var, axtarış aparmalıyıq. Süleyman sənəd tələb edib, sənədsiz axtarışa etiraz edib, ancaq axtarış davam etdirilib. Polislər onunla qaba rəftar ediblər, təhqir ediblər, əllərinə qandal vurublar. Sülüyman ardınca, polis idarəsinə aparılıb, bir neçə saat saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Süleyman bir neçə gün sonra prokurorluğa müraciət edib, onunla qeyri-insani davranmış polislər barəsində tədbir görülməsini tələb edib. Ancaq prokurorluq cinayət işi açmaqdan imtina edib. Süleyman məhkəməyə üz tutub, faydası olmayıb. O, Avropa İnsan Haqları Məhkəməsinə şikayətində iddia edirdi ki, şikayəti araşdırılarkən işgəncəyə məruz qalmamaq. Azadlıq və toxunulmazlıq hüquqlarına müdaxilə edilib.
Avropa İnsan Haqları Məhkəməsi iddia edilən pozuntuları tanıyıb. Hesab edib ki, S.Sətullayevin 3-cü (həm substantiv, həm də prosedural) və 5-ci maddə ilə təminat altına alınan hüquqlarına müdaxilə edilib.
Qərara görə, Azərbaycan hökuməti Sətullayevə ümumilikdə 6 min 500 avro təzminat ödəməlidir.
Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)