Press-reliz:
Bu gün, sentyabrın 26-da Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan müxalif partiya rəhbərləri və fəallarının 11 şikayəti üzrə birgə qərarını elan edib (Məcidli və digərləri Azərbaycan qarşı – 56317/11). Ərizəçilər Arif Hacılı, Fuad Gahramanli Babak Həsənov, Zülfüqar Eyvazov, Arif AlışlI, Məhəmməd Məcidli, Tural Abbaslı, Elşən Həsənov, Rüfət Hacıbəyli, Sahib Kərimov, Ülvi Quliyev olub.
Adları çəkilən siyasilər 2011-ci ildə, müxalifət partiyalarının birliyi olan İctimai Palatanın təşkil etdiyi etiraz aksiyaları kontekstində saxlanılmış, məhkum edilmiş, inzibati qaydada cəzalandırılmışdılar. Onlar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə və İnzibati Xətalar Məcəlləsi əsasında günahkar bilinmişdilər. Arif Hacılı, Məhəmməd Məcidli və Tural Abbaslı 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, Fuad Qəhrəmanlıya 2 il şərti cəza verilmiş, digər müxalifətçilər inzibati cəza almışdı.
Ərizəçilər AİHM-ə şikayətlərində onlara münasibətdə Avropa Konvensiyasının 3-cü (İşgəncəyə məruz qalmamaq), 5-ci (Azadlıq və toxunulmazlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ), 10-cu (İfadə azadlığı) və 11-ci maddələrinin pozulduğunu iddia edirdilər.
AİHM qərarında hesab edib ki, dövlət ərizəçilərin Azadlıq və toxunulmazlıq, Ədalətli məhkəmə araşdırması və toplaşmaq azadlığı hüquqlarına müdaxilə edib. Qərara əsasən, dövlət ərizəçilərə maddi və mənəvi zərər əvəzi olaraq təzminat ödəməlidir.
Qərar qüvvəyə mindikdən sonra ərizəçilərdən Məhəmməd Məcidliyə 14 500, Arif Hacılı, Fuad Qəhrəmanlı, Babak Həsənov, Zülfüqar Eyvazov, Arif Alışlı, Elşən Həsənov, Rüfət Hacıbəyli, Sahib Kərimov, Ülvi Quliyevə 11 500, Tural Abbaslıya isə 10 000 avro təzminat ödəniləcək.
Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)