Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, iyulun 8-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə bir neçə qərarını elan edib. Məhkəmə şikayətlərdə iddia edilən pozuntuların əksəriyyətini tanıyıb.
Elnur Məmmədov və İdrak Abbasov Azərbaycana qarşı
AİHM bu qərarında jurnalist olan ərizəçilərin iddia etdikləri pozuntuların əksəriyyətini – azadlıq və toxunulmazlıq, ifadə azadlığı hüquqlarının pozulmasına qərar verdi (E.Məmmədova münasibətdə Konvensiyanın 5 və 10-cu, İ.Abbasova münasibətdə 10-cu maddələrinin pozuntusu). Qərar qəti olduqdan sonra hökumət, E.Məmmədova 6 min, İdrak Abbasova isə 4500 avro mənəvi zərər əvəzi təzminat ödəməlidir. Xərc və məsrəflərə görə, ərizəçilərin hər birinə 1000 avro ödənilməlidir.
Bu məhkəmə işi 2009-cu ildə baş vermis olaylarla bağlı idi. Repartyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşları olan ərizəçilər “Milli Yol” qəzetinin ofisində həyata keçirilən polis əməliyyatından bilgi toplamağa yollanmışdılar. Ərizəçilər çəkiliş apararkən mülki geyimli şəxslər onlara müdaxilə etmişdi – jurnalistlər söyülmüş, qolları burulmuş, çəkiliş aparmaları əngəllənmiş, foto və video alətləri əllərindən alınmışdı. Ərizəçilərdən Məmmədov zorla avtomobilə mindirilmiş və 1 saatlıq “gəzintidən” sonra tanımadığı bir ərazidə sərbəst buraxılmışdı. Ərizəçilər AİHM qarşısında azadlıq və toxunulmazlıq, ifadə azadlığı və səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq hüquqlarının pozuntusunu mübahisələndirmişdilər.
Əli Həsənov Azərbaycana qarşı
AİHM bu qərarında Konvensiyanın 10-cu maddəsinin (ifadə azadlığı hüququ) pozulduğuna qərar verib. Hökumət ərizəçiyə ümumilikdə 1700 avro təzminat ödəməlidir.
Bu iş də ifadə azadlığı hüququnun mübahisələndirilməsi ilə əlaqəliydi. Ərizəçi journalist, qəzet redaktoru idi. Müharibə iştirakçısı olan veteran haqda məqaləsinə görə, məhkum edilmiş ərizəçi mübahisəli məqalələrin müəllifi olmadığını iddia etsə də yerli məhkəmələr məqalələrin müəllifinin ərizəçi olması, başqa adlarla yazması, məqalələrin aşağılayıcı olmasını müəyyən etmişdi. Ərizəçi təhqirə görə 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Bu işdə AİHM qarşısında ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu mübahisələndirilmişdi.
Solmaz Salmanova Azərbaycana qarşı
AİHM bu işin qəbuledilməz olmasına qərar verib.
Məhkəmə işi mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pzountusu iddiaları ilə bağlıydı. Ərizəçiyə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənzil verilmiş, ancaq ev məcburi köçkünlər tərəfindən zəbt edilmişdi. Yerli məhkəmələr ərizəçinin mənzilə yerləşməsinin evi zəbt etmiş köçkünlər öz yurd-yuvalarına (Xocalı) qayıdana qədər ertələmişdi.
Solmaz Orucova Azərbaycana qarşı;
Eyyub Tahirov Azərbaycana qarşı;
AİHM hər iki şikayəti qəbuledilməz hesab edib.
Bu məhkəmə işləri mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pzountusu iddiaları ilə bağlı idi. Ərizəçilərin sahibi olduqları əmlaklar sökülüb, onlara təzminat tam verilməmişdi.