Avropa İnsan Haqları Məhkəməsi noyabrın 18-də Azərbaycanla bağlı növbəti qərarlarını elan edib.
Səyyarə Əhmədova Azərbaycana qarşı
Ərizəçi Səyyarə Əhmədovanın şikayəti onun evinin sökülməsi, onun və qızının kompensasiya ödənilmədən evdən çıxarılmasını nəzərdə tutan qərarlarla bağlı idi. Şikayətə görə, Ərizəçi 2007-ci ildə Bakının Səbail rayonunda ev satin almışdı. 3 il sonra yerli məhkəmələr evin neft hasilatı üçün ayrılmış dövlət torpaq sahəsində icazəsiz tikilməsi əsası ilə Dövlət Neft Şirkətinin evin sökülməsini və ərizəçinin evdən çıxarılmasını tələb edən iddiasını təmin etmişdi. Şikayət edilən zaman qərarlar icra edilməmişdi. Ərizəçi AİHM qarşısında mülkiyyət və şəxsi həyata hörmət hüququna müdaxilənin baş verdiyini iddia edirdi.
Avropa Məhkəməsi bu işdə hesab etdi ki, əgər ərizəçinin evindən çıxarılması və evin sökülməsi baş verərsə, bu halda onun Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınan hüquqları pozulmuş hesab ediləcək. Məhkəmə həmçinin, pozuntunun müəyyən edilməsinin, özlüyündə ərizəçiyə dəymiş mənəvi zərərə ədalətli kompensasiya təşkil etdiyini vurğulayıb.
Par və Hyodo Azərbaycana qarşı
Avropa Məhkəməsi bu işdə hesab etdi ki, ərizəçilərə münasibətdə mülkiyyət hüququnun pozuntusu baş verib. Qərara əsasən, hökumət birinci ərizəçiyə 210 min avro, ikinci ərizəçiyə isə 127 min avro maddi zərərə görə təzminat ödəməlidir.
Bu işdə ərizəçilər İstanbulda yaşayan Türkiyə vətəndaşı Serpil Par və Yokohamada (Yaponiya) yaşayan Yaponiya vətəndaşı Katsunori Hyodo idi. Onların şikayəti, 2010 və 2011-ci illərdə Bakı beynəlxalq hava limanından keçərkən, gömrük orqanları tərəfindən saxlanılmaları, bəyan edilməmiş pul məbləğinin götürülməsi ilə bağlı idi.
Hər iki ərizəçiyə hadisələrin baş verdiyi zaman, qaçaqmalçılıq ittihamı ilə cinayət işi qaldırılıbmış. Həmin cinayət işinə Ərizəçilər bəyan edilməyən pulun müsadirəsinə razılıq verdikdən sonra xitam verilib. Qısa müddət sonra ölkəni tərk edən ərizəçilər, sonra pullarının geri qaytarılması tələbi ilə məhkəməyə müraciət ediblər, lakin bunun nəticəsi olmayıb.
Onlara məxsus pul məbləğinin qanunsuz, təzyiq altında müsadirə edildiyini iddia edən ərizəçilər, mülkiyyət hüquqularına müdaxilənin baş verdiyini iddia edirdilər.