Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, fevralın 23-də Azərbaycandan göndərilmiş ərizələr üzrə 5 yekun qərar və qərardadlarını elan edib. Bu ərizələrdə əsasən, ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozuntuları mübahisələndirilirdi. İlkin Rüstəmzadə Azərbaycana qarşı işində həmçinin, Konvensiyanın 7-ci (Qanunda nəzərdə tutulmamış cəzanın yolverilməzliyi), 10-cu (ifadə azadlığı) və 18-ci maddələrinin (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusu da mübahisələndirilmişdi.
İlkin Rüstəmzadə Azərbaycana qarşı
1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı olan ərizəçi İlkin Bəkir oğlu Rüstəmzadə 2011-ci ildə yaradılmış “Azad Gənclik” təşkilatının təsisçilərindən biri olub. Şikayəti 2013-cü ilin mayında Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi və vətəndaş cəmiyyəti qurumu üzvüykən həbs edilməsindən sonra ərizəçinin həmin vaxt Azərbaycanda məşhur olan “Harlem Shake” rəqsinin çəkilişində iştirak etməsi və videonu “Youtube”a yükləməsinə görə xuliqanlıqda ittiham olunması ilə bağlıdır. Rüstəmzadə həmin hadisələrin ardınca, xuliqanlıq və cinayətə, kütləvi iğtişaşların təşkilinə hazırlıq, qanunsuz olaraq silah əldə edib daşıyan, partlayıcı maddələrə və qurğulara sahib qrupa üzvlük kimi cinayət əməllərində təqsirli bilinərək, 8 il müddətinə azadlıqdan məhrum edilmişdi. Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 7-ci (Qanunda nəzərdə tutulmamış cəzanın yolverilməzliyi), 10 (ifadə azadlığı) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadənin məhdudlaşdırılması) maddələrinə əsaslanan ərizəçi AİHM qarşısında heç bir cinayət əməli törətmədiyini, məhkum edilməsinin onun qeyd edilən hüquqlarını pozduğunu iddia edirdi.
AİHM bu işdə ərizəçinin 6-cı və 10-cu maddəsi ilə təminat altına alınan ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarının pozulmasına qərar verib.
Qərara əsasən, hökumət Rüstəmzadəyə mənəvi zərər əvəzi 12 min avro, xərc və məsrəfələrə görə 2 min 500 avro ödəməlidir.
Emin Bəşirli və başqaları Azərbaycana qarşı
Bu işdə ərizəçilər “Gənclərin HİV/AİDS və Narkomaniyaya Qarşı Mübarizə Mərkəzi-nin və digər ictimai birliklərin təsisçiləri olublar. Birliklər 2012-ci ildə təsis edilib. Ancaq Ədliyyə Nazirliyi adı çəkilən İB-in qeydiyyat sənədlərini dörd dəfə geri qaytarıb. Digər təşkilatların da qeydiyyatından imtina edilib. Ərizəçilər AİHM qarşısında birləşmək (Konvesiyanın 11-ci maddəsi) və ədalətli məhkəmə araşdırması (Konvensiyanın 6-cı maddəsi) hüquqlarının pozuntusunu iddia edirdilər.
AİHM bu işdə ərizəçilərin birləşmək hüququnun pozuntusunu tanıyıb. Qərara əsasən, hökumət 1-ci ərizəçilərə (Emin Bəşirli və Vüsal Yolçuyev) 2700 avro, ikinci ərizəçilərə (Mehriban Əhmədova və Ceyhun Əliyev) 1600 avro təzminat ödəməlidir. Qərar üzrə bütün ərizəçilərə birlikdə 1000 avro xərc və məsrəf əvəzi də ödənilməlidir.
Qubad Bayramov və Rəcəb İmanov Azərbaycana qarşı
Bu məhkəmə işi “İctimai Təşəbbüslər Mərkəzi”nin dövlət qeydiyyatına alınmaması ilə bağlı idi. Ədliyyə Nazirliyi 2012-ci ildə təsis edilmiş Mərkəzin qeydiyyat sənədlərini iki dəfə geri qaytarmış, məhkəmələr nazirliyin hərəkətlərindən verilmiş şikayətləri təmin etməmişdilər. Ərizəçilər AİHM qarşısında birləşmək (Konvensiyanın 11-ci maddəsi) və ədalətli məhkəmə araşdırması (Konvesiyanın 6-cı maddəsi) hüquqlarının pozulduğunu iddia edirdilər.
Məhkəmə bu işdə ərizəçilərin birləşmək azadlığı hüququnun pozulmasına qərar verib. Qərara görə, hökumət ərizəçilərə 4 min 500 avro mənəvi zərər əvəzi, 500 avro xərc və məsrəf əvəzi ödəməlidir.
Aynurə İmranova və Asya Əhmədova Azərbaycana qarşı
Bu məhkəmə işi “Media və Demokratiyanın İnkişafına Dəstək” İctimai Birliyinin dövlət qeydiyyatına alınmamasına aid idi. 2014-cü ildə təsis edilmiş birliyin qeydiyyat sənədlərini Ədliyyə Nazirliyi 2014-cü ildə geri qaytarmışdı. Ərizəçilər AİHM qarşısında birləşmək (Konvensiyanın 11-ci maddəsi) və ədalətli məhkəmə araşdırması (Konvesiyanın 6-cı maddəsi) hüquqlarının pozuntusunu iddia edirdilər.
Məhkəmə bu işdə ərizəçilərin birləşmək azadlığı hüququnun pozulmasına qərar verib. Ərizəçilər bu işdə maddi tələb irəli sürməyiblər.
Yaşar Ağazadə və başqaları Azərbaycana qarşı
Bu məhkəmə işi də qeyri- hökumət təşkilatlarınln qeydiyyata alınmaması ilə bağlı idi. Ərizəçilərdən Y.Ağazadə “Həbsxana İslahatlarına Yardım” təşkilatının təsisçilərindən olub. Ədliyyə Nazirliyi 2011-ci ildə yaradılan təşkilatı qeydiyyata almayıb, yerli məhkəmələr nazirliyin hərəkətlərini qanuni hesab etmişdilər. Ərizəçilər AİHM qarşısında birləşmək (Konvensiyanın 11-ci maddəsi) və ədalətli məhkəmə araşdırması (Konvensiyanın 6-cı maddəsi) hüquqlarının pozuntusunu iddia edirdilər.
Məhkəmə bu işdə ərizəçilərin birləşmək azadlığı hüququnun pozulmasına qərar verib. Qərara görə, hökumət birinci ərizəçilərə (Rövşən Kəbirli və Yaşar Ağazadə) 4 min 500, ikinci ərizəçilərə (Fəqan Əsədov və Yaşar Ağazadə) 2 min təzminat ödəməlidir. Ərizəçilərə birlikdə 1000 avro xərc və məsrəf əvəzi də ödənilməlidir.