Press-reliz:
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən 8 işi araşdırmağa başlayıb, həmin şikayətlər üzrə hökumətə izahedici suallar göndərib. Sözügedən şikayətlərin hamısı ölkədən çıxışa “stop” qoyulması ilə bağlıdır. Şikayətçiləri araşdırılanlar arasında jurnalistlər də var.
Araşdırılan işlərdən biri jurnalist Kamran Mahmudov şikayəti ilə bağlıdır. Kamran Mahmudov iki il əvvəl Gürcüstanla sərhəddə ölkədən buraxılmamış, saxlanılmış, Qazax polisinə aparılmış, səhərə kimi polisdə saxlanılmışdı. Ona ölkədən çıxışında qadağa qoyulduğu bildirilmişdi. Daxili məhkəmələrdə araşdırma əsnasında jurnalistin “stop”-u götürülmüşdü.
Bu iş üzrə şikayəti AİHM-ə 2018-ci ilin sonunda göndərilib.
Şikayətləri araşdırılan Tural Əsədov, Salima Cəlilova, Sevinc Vaqifqizi, Intigam Əliyev, Rasim Garaja, Mehman Huseynov və Georgi Nikolovun da ölkədən giriş-çıxışına müxtəlif vaxtlarda qadağa qoyulub.
Bu şikayətlərdə Konvensiyanın 4 saylı protokolunun 2-ci maddəsinin (Hərəkət azadlığı), 5 (Azadlıq hüququ), 8 (Şəxsi həyatın toxunulmnazlığı), 10 (İfadə azadlığı), 13 (Səmərəli müdafiə vasitələrinə malik olmaq) və 18-ci maddələrinin pozuntusu iddia edilir.