AİHM “heykəl məhbuslarına” görə Azərbaycanı 72 min avro cərimələdi

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, fevralın 13-də Azərbaycandan göndərilmiş 6 şikayət üzrə qərarını elan edib. AİHM şabhəli ittihamlarla həbs edilmiş, daha sonra azadlığa buraxılmış gənc fəallar Qiyas İbrahimli və Bayram Məmmədovun 6 şikayəti üzrə hökuməti cərimələyib.

6 şikayət gənclərin saxlanılması zamanı işgəncə, qeyri-insani rəftara məruz qalmaqdan, axtarış və götürmənin qanunsuzluğundan, məhkəməyə qədər həbsin qanunsuzluğundan verilmişdi. Gənclər AİHM-ə şikayətlərində iddia edirdilər ki, onların işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi həyatın toxunulmazlığı, ifadə azadlığı hüquqları pozulub. Məhkəmədən həmçinin 5-ci, 8-ci və 10-cu maddələrlə birlikdə götürülməklə 18-ci maddənin pozuntusunun tanınmasını tələb edirdilər.

AİHM hesab edib ki, gənclərin 3-cü, 5-ci, 10-cu və 18-ci (5-ci maddə ilə birlikdə) maddələrlə təminat altına alinan hüquqları pozulub. Hökumət gənclərə birlikdə 72 min avro (60+12(hüquq məsrəfləri)) təzminat ödəməlidir.

– B.Məmmədov və Qiyas İbrahimli 2016-cı il mayın 10-da saxlanlmışdı. Rəsmi açıqlamada B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edidiyi, Q.İbrahimovdan isə 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilirdi.

Gənclər məhkəmədə ittihamları qəbul etməmişdilər. Onlar, vəkilləri, hüquq müdafiə qurumları bəyan etmişdilər ki, gənclər keçmiş prezident Heydər Əliyevin abidəsinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs ediliblər. Yerli məhkəmələr gənclərin hər birini 10 il azadlıqdan məhrum edən hökm çıxarmışdı. Hər iki gənc fəal 2019-cu ilin martında azadlığa çıxıb.

Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)