Avropa İnsan Haqları Məhkəməsi (AİHM) sentyabr ayının 5-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə 7 qərar və qərardadını elan edib.
Əfqan Muxtarlı Azərbaycan və Gürcüstana qarşı
Bu işdə ərizəçi Əfqan Sabir oğlu Muxtarlı 1974-cü ildə anadan olmuş, Almaniyada yaşayan Azərbaycan vətəndaşı idi. Məhkəmə işi tanınmış azərbaycanlı jurnalist olan ərizəçinin 2017-ci ildə müvəqqəti yaşadığı Gürcüstandan oğurlanıb gizli şəkildə Azərbaycana gətirilməsi, pis rəftara məruz qalması, daha sonra onun həbs edilməsi, məhkəməyə qədər həbsdə tutulmasının qanunsuzluğu iddiaları ilə bağlı idi. Ərizəçi iddia edirdi ki, məruz qaldığı bütün hərəkətlər onu susdurmaq və jurnalist fəaliyyətinə görə cəzalandırmaq məqsədi daşıyıb.
Ərizəçi Gürcüstanla bağlı onun oğurlanmasından, pis rəftara məruz qalmasından, zorla Azərbaycana ötürülməsindən və müvafiq orqanların baş verənləlrə bağlı səmərəli araşdırma aparmamasından şikayət etmişdi. Azərbaycana gəldikdə ərizəçi iddia edirdi ki, onun həbs olunması və məhkəməyə qədər orada saxlanması qanunsuz və əsassız olub.
Ərizəçiyə görə, ona münasibətdə Konvensiyanın 3-cü, 5-ci, 8-ci, 10-cu, 13-cü və 18-ci maddələrinin pozuntusu baş vermişdi. Hərəkət azadlığı, əcnəbilərin ölkədən çıxarılması ilə bağlı prosessual təminat hüquqlarının da pozulduğunu iddia edən ərizəçi, faktiki olaraq, oğurlandığını və bununla Gürcüstan dövlətinin onun Konvensiyanın 3 və 5-ci maddələri ilə təminat altına alınan haqlarını pozduğunu iddia edirdi.
AİHM qərarında Gürcüstan dövlətinin ərizəçiyə münasibətdə Konvensiyanın 3-cü (pis rəftar) və 5-ci (azadlıq və toxunulmazlıq hüququ) maddələrinin (jurnalistin qaçırılması, pis rəftara məruz qalması, qanunsuz Azərbaycana verilməsi ilə bağlı səmərəli araşdırmanın aparılmaması səbəbindən) pozulmasına qərar verib.
Məhkəmə Azərbaycana münasibətdə Konvensiyanın 5.3-cü və 8-ci maddələrinin pozulmasına qərar verib.
Qərara görə, ərizəçiyə Gürcüstan hökuməti 10 min, Azərbaycan hökuməti isə 6 min avro mənəvi zərər əvəzi ödəməlidir. Bundan əlavə, ərizəçiyə xərc və məsrəflərə görə, Gürcüstan hökuməti 2500, Azərbaycan hökuməti 2500 avro ödəməlidir.
Əhmədov və başqaları Azərbaycana qarşı;
İbrahimov və başqaları;
Bu məhkəmə işlərində ərizəçilər barələrindəki inzibati icraatların qanunsuzluğundan və toplaşmaq azadlığı hüququnun gerçəkləşdirilməsinə müdaxilələrin qanunsuz olmasından şikayət etmişdilər.
Əhmədov və başqalarının işində hökumət 5-ci maddənin pozuntusunu etiraf edib. Qərardada əsasən, hökumət ərizəçilərdən Niyaməddin Əhmədov və Faiq Əmirovun hər birinə 1125 avro, Elnur Yusubov və Elnur Həsənovun hər birinə isə 2025 avro ödəməlidir.
İbrahimov və başqalarının işində isə tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçilər Cavid İbrahimov, Süleyman Məhərrəmov, Nicat Abdullayev, Bəxtiyar Yusubov və Baba Süleymanovun hər birinə 2850 avro ödəməlidir.
Şərifov Azərbaycana qarşı
Mülkiyyət hüququnun pozuntusu mübahisələndirilən bu iş “Qış Parkı”nın salınması zamanı həmin ərazidəki tikililərin sökülməsi, onların kompensasiya edilməməsi ilə bağlı idi. Ərizəçi ona məxsus yaşayış sahəsi sökülsə də qanunvericiliyə uyğun olaraq, kompensasiya ala bilməməsinin onun mülkiyyət, ədalətli məhkəmə araşdırması və şəxsi həyata hörmət hüququnu pozmasından şikayət etmişdi.
AİHM bu işdə mülkiyyət hüququnun pozulmasına qərar verib. Ərizəçi ümumilikdə 256 min 124 avro təzminat tələb etmişdi. AİHM qərarında təzminat tələbi üzrə qərar verməyə hazır olmadığını qeyd edib, tərəflərə maddi tələblər üzrə razılaşmaları üçün 3 ay vaxt müəyyən edib.
Abbasov və başqaları Azərbaycana qarşı;
Böyükkişiyev Azərbaycana qarşı;
Hər 2 işdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu mübahisələndirilmişdi. Ərizəçilər müxtəlif tarixlərdə yerli məhkəmələr qarşısında mülki iddia qaldırmış, onların iddiaları təmin edilməmişdi.
Abbasov və başqalarının işində hökumət iddia olunan pozuntuları etiraf edib. Hökumətin təktərəfli bəyannaməsinə əsaslanan qərardada görə, ərizəçiyə 4100 avro mənəvi zərər, xərc və məsrəf əvəzi ödənilməlidir.
Böyükkişiyevin işində də təktərəfli bəyannamə təqdim edən hökumət iddia olunan pozuntuları etiraf edib. Həmin bəyannaməyə əsaslanan qərardada görə, hökumət ərizəçiyə 4100 avro mənəvi zərər, xərc və məsrəf əvəzi ödəməlidir.
Ağayev Azərbaycana qarşı
Bu işin halları əvvəlki işlə oxşardır. Saatlı rayonu sakini olan ərizəçi məhkəmə qarşısında iddia edib ki, rayon adminstrasiyasının qərarına əsasən, ona məxsus iki qeyri-yaşayış sahəsi sökülüb, əlindən alınıb. Ancaq ona kompensasiya ödənilməyib.
Ərizəçi mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu iddia edir.
AİHM bu ərizəni qəbuledilməz elan edib.