AİHM: Emin Hüseynovun vətəndaşlıqdan məhrum edilməsi qanunsuz olub

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) iyul ayının 13-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə növbəti qərarını elan edib. Məhkəmə Azərbaycan vətəndaşlığından məhrum edilən, hazırda Avropada yaşayan vətəndaş cəmiyyəti fəalı Emin Hüseynovun iddia etdiyi pozuntuların bir qismini tanıyıb.

Emin Hüseynov Azərbaycana qarşı (№ 2) (№ 1/16)

Bu işdə 1979-cu il doğumlu ərizəçi Emin Rafik oğlu Hüseynov hazırda Cenevrədə (İsveçrə) yaşayır. Məhkəmə işi onun 2015-ci ilin iyununda Azərbaycan vətəndaşlığından məhrum edilməsi və vətəndaşlıqsız duruma düşməsi ilə bağlı idi. İşin hallarına görə, həmin vaxt ərizəçi, müstəqil jurnalist və journalist haqları sahəsində çalışan qeyri-hökumət təşkilatlarından birinin sədri idi. Yaşadığı İsveçrəyə həmin ölkənin xarici işlər naziri ilə yola düşməzdən əvvəl ərizəçinin rəhbəri olduğu QHT-yə maliyyə qanunsuzluqları əsası ilə cinayət işi açılmışdı. Barəsində axtarış elan edildiyindən İsveçrənin Bakıdakı səfirliyinə sığınıb, orda 10 ay yaşamışdı.

Konvensiyanın 8-ci (şəxsi həyata hörmət hüququ), 10-cu (ifadə azadlığı), 13-cü (effektiv hüquqi müdafiə vasitəsi hüququ) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadənin məhdudlaşdırılması) maddələrinə əsaslanan ərizəçi, AİHM qarşısında iddia edirdi ki, yerli hakimiyyət orqanlarının məcburi yolla vətəndaşlıqdan imtinaya zorlaması onun Konvensiya ilə qorunan hüquqlarını pozub. Ərizəçi, həmçinin, Konvensiyanın 34-cü (fərdi şikayət hüququ) və 38-ci (işin araşdırılması üçün lazımi şərait yaratmaq öhdəliyi) maddələrə əsasən iddia edirdi ki, qardaşı hazırkı ərizəyə görə, dövlət orqanları tərəfindən dəfələrlə təzyiqlərə məruz qalıb və saxlanılıb, hökumət işin araşdırılması üçün bütün müvafiq sənədlərin surətlərini təqdim etməyib. Ərizəçi eyni zamanda AİHM-dən onu Azərbaycan vətəndaşlığından məhrum edən qərarın ləğv edilməsini, vətəndaşlığa bərpa olunmasını, habelə, vətəndaşlıqla bağlı özbaşına qərarların verilməsini önləyən ümumi tədbirləri nəzərdə tutan qərar verməsini istəmişdi.

AİHM ərizəçinin 8-ci maddə ilə qorunan şəxsi həyata hörmət hüququnun pozulmasına qərar verib. “Vətəndaşlığına xitam verilməsinin sonucu olaraq, ərizəçinin vətəndaşlığı olmayan şəxs durumuna düşməsi mübahisəsizdir. …Ərizəçinin vətəndaşlığına xitam verilməsini nəzərdə tutan qərar onu etibarlı şəxsiyyət sənədsiz qoyub, onun bir fərd olaraq hüquqi statusu ilə bağlı ümumi qeyri-müəyyənlik yaradıb və sosial kimliyinə birbaşa təsir edib. Belə olan halda Məhkəmə, mübahisə edilən tədbirin ərizəçinin 8-ci maddədə nəzərdə tutulmuş şəxsi həyata hörmət hüququna müdaxilə təşkil etdiyi qənaətindədir”, Məhkəmə qərarında qeyd edib.

Məhkəmə həmçinin, bu işdə Azərbaycan dövlətinin Konvensiyanın 34-cü (Fərdi şikayət hüququ) və 38-ci maddələri (Məhkəmə işlərinin araşdırlması) ilə üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyi qənaətinə gəlib.

Məhkəmə, gəldiyi nəticələrin işığında Konvensiyanın 10, 13 və 18-ci maddələri üzrə iddiaları incələməyə ehtiyac duymayıb.

Onu Azərbaycan vətəndaşlığından məhrum edən qərarın ləğv edilməsi, vətəndaşlığa bərpa olunması, habelə, vətəndaşlıqla bağlı özbaşına qərarların verilməsini önləyən ümumi tədbirləri nəzərdə tutan qərarın verilməsi ilə bağlı ərizəçinin tələblərinə gəlincə, AİHM qərarında qeyd edib ki, “hazırkı işin xüsusi hallarının işığında Azərbaycanla bağlı hər hansı ümumi və ya fərdi tədbirə ehtiyac olmasını vurğulamağı uyğun hesab etmir”.

Qərara görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 4500 avro ödəməlidir.