Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Fransada Covid-19-a qarşı peyvənd olunmanı məcburi edən qanundan verilən şikayəti təmin etməyib.
Avqustun 5-də Fransada Covid-19-a qarşı peyvənd olunmaq tələbi gətirən, vaksin olunmayanlara işə çıxmağa qadağalar nəzərdə tutan qanun qəbul edilib. İctimai sağlamlıq böhranının idarəsini nəzərdə turan qanuna yanaşma mübahisəli olub.
Qanunla müəyyən edilən tələblərlə razılaşmayan Fransa yanğınsöndürmə, təcili yardım xidmətinin (SDİS) 672 üzvü avqustun 19-da birbaşa Avropa Məhkəməsinə müraciət etmişdilər (41950/21, Abgrall və 671 Others vs. France). Ərizəçilər Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) və 8-ci (şəxsi həyata hörmət hüququ) maddələrinə söykənərək, AİHM-in 39-cu qaydasına əsasən, sözügedən qanuna qarşı müvəqqəti məcburiyyət tədbirinin təbiq edilməsini tələb edirdilər. AİHM-dən aşağıdakılar tələb olunurdu:
– Qanundakı peyvənd olunma tələbi dayandırılsın;
– Peyvənd olunma tələbinə əməl etməyən şəxslərin peşə fəaliyyətini yasaqlayan tələb dayandırlsın;
– Peyvənd olunma tələbinə əməl etməyən şəxslərə əmək haqqı ödənilməməsini nəzərdə tutan şərt dayandırlsın;
AİHM-in 7 hakimdən ibarət Palatası müraciətə avqustun 24-də baxıb və onu rədd etməyə qərar verib.
Palata hesab edib ki, 672 nəfərin ictimai sağlamlıq böhranının idarə edilməsi haqqında qanunla əlaqədar müvəqqəti məcburiyyət tədbirləri tələbi 39-cu Qayda çərçivəsinə daxil deyil. AIHM təkrarlayıb ki, 39-cu Qaydaya əsasən müvəqqəti tədbirlərin tətbiqi haqda qərar, işin qəbuledilənliyi və mahiyyəti ilə bağlı sonrakı qərarlara təsir etmədən, Məhkəmə qarşısındakı icraatla bağlı qəbul edilir. Məhkəmə müvəqqəti məcburiyyət tədbirlərini tətbiqi ilə bağlı tələbləri müstəsna hallarda təmin edə bilər. Hansı ki, əks halda ərizəçilər geri dönüşü mümkün olmayan zərər risqi ilə üzbəüz qala bilərlər.