Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, iyunun 16-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə 1 qərarını elan edib. Məhkəmə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb.
Ramiz Cəfərov Azərbaycana qarşı
Bu iş ərizəçiyə prokurorluq orqanlarında işlədiyi illərə görə xüsusi pensiya təyin edilməsindən imtina olunması ilə əlaqədar idi. Ərizəçi Ramiz Cəfərov 2000-2007-ci illərdə hakim, ona qədər isə 1977-2000-ci illərdə isə hüquq mühafizə qurumlarında müxtəlif vəzifələrdə (müstəntiq, prokuror müavini və prokuror) çalışıb. Pensiya təyinatı ilə bağlı müraciətinin rədd edilməsindən sonra, 2007-ci ildə ərizəçi Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia qaldırıb. İddiaya baxılması 2017-ci ilə qədər davam edib. Həmin il Ali Məhkəmə iddianı rədd edib, “qanunla müəyyən edilmiş minimum xidmət müddətinin tamamlanmaması”nı əsas kimi göstərib.
1 saylı Protokolun 1-ci maddəsinə (mülkiyyət hüququ) və Konvensiyanın 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddəsinə söykənən ərizəçi, AİHM qarşısında iddia edirdi ki, ona xüsusi pensiya təyin edilməsindən imtina olunması onun mülkiyyət hüququnu pozub və ayrı-seçkilik xarakteri daşıyıb. Ərizəçi həmçinin, 6-cı maddəyə (ədalətli məhkəmə araşdırması hüququ – ağlabatan müddət) əsasən şikayət edirdi ki, ölkədaxili proseslər həddən artıq uzun olub.
Avropa Məhkəməsi ölkədaxili proseslərin həddən artıq uzun olması iddiası istisna olmaqla, ərizəçinin bütün digər şikayətlərinin “ərizəçinin xüsusi pensiya tələbini əsaslandırmaq üçün istinad edə biləcəyi heç bir hüquqi əsasın olmaması” arqumenti ilə qəbuledilməz olduğuna qərar verib. AİHM qərarında qeyd edib ki:
“Məhkəmə, bu işdə diqqətə alınması gərəkli olan müddət axınının mülki məhkəmə araşdırmasının açıldığı 20 noyabr 2007-ci ildə tarixdən başladığını və Ali Məhkəmənin yekun qərarının verildiyi 6 mart 2017-ci il tarixdə başa çatdığını qeyd edir. Beləliklə, məhkəmə prosesi ümumilikdə, doqquz il, üç ay, on dörd gündən çox davam edib… Məhkəmə təkrar edir ki, mülki hüquq və vəzifələrə dair mübahisələrlə bağlı hər kəsin ağlabatan müddətdə yekun qərar əldə etmək hüququnu təmin etmək dövlətlərin Konvensiyadan irəli gələn öhdəliyidir. Məhkəmə prosesinin müddətinin ağlabatanlığı presedent hüquqa uyğun olaraq, işin halları nəzərə alınmaqla və işin mürəkkəbliyi, ərizəçinin hərəkətləri, ərizəçilər üçün nələrin təhlükədə olması kimi kriteriyalarının işığında müəyyən edilməlidir… Məhkəmə bu işin özəlliklə, hüquqi cəhətdən mürəkkəb olmadığı, ancaq uyğun daxili qanunvericiliyin müxtəlif yerli məhkəmələr tərəfindən fərqli yozulduğu və Konstitusiya Məhkəməsi tərəfindən incələnməli olması qənaətindədir. Bundan əlavə, ərizəçi üçün nəyin təhlükədə olmasına gəlincə, işin pensiya mübahisəsinə aid olması xüsusi diqqət tələb edən məsələ idi… Məhkəmə ona təqdim edilmiş bütün materialları incələdikdən sonra bütövlükdə məhkəmə prosesinin uzunluğunun həddən artıq olması, ağlabatan müddət tələbinə cavab vermədiyi və 6-cı maddənin 1-ci bəndinin pozulması qənaətinə gəlir”.
Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 2000, xərc və məsrəflərə görə 1000 avro təzminat ödəməlidir.