©aihmaz.org
Avropa Insan Haqları Məhkəməsi yanvarın 14-də Azərbaycandan 6 ərizəçinin 2013-17-ci illərdə göndərdiyi şikayətlər üzrə qərarlarını elan edəcək.
Qərarlardan biri müxalif siyasətçi Yadigar Sadıqovun şikayəti üzrədir. Y.Sadıqov 2013-cü ildə xuliqanlıq ittihamı ilə həbs edilmiş, məhkəmələr ittihamı əsaslı hesab edib onu 6 il müddətinə azadlıqdan məhrum etmişdi. Cinayət işini qurama sayan beynəlxalq hüquq müdafiə təşkilatları müxalif siyasətçini vicdan məhbusu elan etmişdilər. Y.Sadıqov həmin cinayət işi üzrə keçirilən məhkəmə iclaslarında metal qəfəsdə saxlanılmasından şikayət etmişdi. Şikayətləri yerli məhkəmələrdə rədd edilən siyasətçi hesab edirdi ki, məhkəmədə metal qəfəsə yerləşdirilməsi onun Konvensiyanın 3-cü maddəsi ilə təminat altına alınan hüquqlarına müdaxilə təşkil edib.
Elan ediləcək digər qərar Naxçıvandan olan sahibkar, hazırda siyasi mühacir olan Məmməd Qurbanov və onun kürəkəni Nadir Məmmədovun şikayətləri üzrədir. Ərizəçilərin iddiasına görə, 2013-cü ildə gömrük əməkdaşları tərəfindən zorakılığa məruz qalıblar. Bununla bağlı polisə şikayət etmələrindən sonra dövlət məmuruna müqavimət göstərmək ittihamı ilə həbs ediliblər. Onlar AİHM qarşısında iddia edirlər ki, yerli məhkəmələrdə vəkilə çatım təmin olunmadığından ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilə edilib.
Digər iki işdə – müxalif fəallar Turan İbrahimov və Cabbar Savalanlının işlərində də ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu mübahisələndirilib. Hər iki gənc fəal inzibati qaydada həbs ediliblər. Onlar iddia edir ki, məhkəmə zamanı istədikləri vəkillə müdafiə olunmalarına imkan verilməməsi onların Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alınan hüquqlarına müdaxiləyə səbəb olub.
Digər iş narkotika cinayətində ittiham olunmuş Fariz Məmmədovun şikayəti ilə bağlıdır. Bu işdə ərizəçi 2005-ci ildə narkotik maddə ilə saxlanılıb və məhkum edilib. O, AİHM-ə şikayətində milli məhkəmələrin ədalətli olmadığını iddia edir.
Şikayət AİHM-də araşdırılarkən, ərizəçi vəfat edib, onun şikayətlərini anası davam etdirib.