AİHM Azərbaycanla bağlı iki işdə pozuntu tapdı

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, fevralın 2-də Azərbaycandan göndərilmiş 3 ərizə üzrə yekun qərarlarını elan edib. Həmin ərizələrdə ifadə azadlığı, ədalətli məhkəmə araşdırması, mülkiyyət və digər hüquqların pozuntuları mübahisələndirilirdi.

Sərdar Əlibəyli Azərbaycana qarşı

Bu məhkəmə işi jurnalist olan ərizəçinin böhtan məzmunlu hesab edilən məqalələrinə görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı idi. İşin faktlarına görə, ərizəçi Milli Təhlükəsizlik Nazirliyinin iddiası üzrə Nizami rayon məhkəməsinin 22 iyul 2009-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 148-ci maddəsi (təhqir) ilə təqsirli bilinib, üç ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdu. Yuxarı məhkəmələr həmin hökmü dəyişdirməmişdilər.

AİHM bu işdə hesab edib ki, ərizəçiyə yazılarına görə, cinayət cəzasının verilməsi onun ifadə azadlığı hüququna müdaxilə təşkil edib. Məhkəmənin qərarına əsasən, hökumət ərizəçiyə mənəvi zərərə görə 2500, xərc və məsrəflərə görə 1500 avro təzminat ödəməlidir.

Ərizəçini məhkəmədə vəkillər Rəşid Hacılı və Elçin Sadıqov təmsil edib.

Akşin Qarayev Azərbaycana qarşı

Bu işdə ərizəçi “Maksima” adlı şirkətin sahibi Akşin Qara oğlu Qarayev Bakı şəhərində yaşayıb. Məhkəmə işi “Maksima” şirkətinə məxsus əmlakın, xüsusilə də mənimsəmə ittihamı üzrə açılmış cinayət işində sübut kimi tanınan 28 qaz turbininin 1997-ci ildən bəri rəsmi qurumların qərarları ilə götürülməsi-saxlanılması ilə bağlı idi. 1 saylı Protokolun 1-ci maddəsinə (mülkiyyət hüququ) və Konvensiyanın 13-cü maddəsinə (effektiv hüquqi müdafiə vasitələrinə malik olmaq) əsaslanan ərizəçi, ona məxsus mülkiyyətin davamlı və uzun müddət saxlanılmasından və bununla bağlı əlində hüquqi müdafiə vasitəsinin olmamasından şikayət etmişdi.

AİHM bu işdə ərizəçiyə münasibətdə mülkiyyət hüququnun pozulduğuna qərar verib. Qərara əsasən, dövlət ləngimədən mübahisə edilən 28 qaz turbininin saz vəziyyətdə ərizəçiyə geri qaytarılmasını təmin etməlidir. Bundan başqa ərizəçiyə mənəvi zərər və xərc, məsrəf əvəzi 4 min avro təzminat ödənilməlidir.

X. Ağaliyev Azərbaycana qarşı

Bu işdə ərizəçi məlumat və ifadə azadlığı ilə bağlı müxtəlif layihələri həyata keçirən QHT olan Media Hüququ İnstitutunun hüquqşünası olub. Ərizəçi 2010-cu ildə dövlət büdcəsindən maliyyələşən, səhmləri dövlətə məxsus olan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə (AzTV) informasiya sorğusu göndərib, aşağıdakı public bilgilərin ona təqdim edilməsini xahiş etmişdi:

(a) 2009-cu ildə dövlət büdcəsindən AzTV-yə ayrılan vəsaitin məbləği;
(b) AzTV-nin 2009-cu il büdcəsindən işçilərinin maaşları üçün ayrılmış məbləğ;
(c) AzTV-nin müxtəlif rəhbər işçilərinin aylıq əmək haqqının həcmi;
(d) AzTV-nin 2009-cu il büdcəsindən onun nəqliyyat vasitələrinin alınması və təmiri və onların yanacaqla təmin edilməsi üçün ayrılmış vəsait;
(e) AzTV-nin 2009-cu il büdcəsindən AzTV-nin əsas binasının və ona məxsus digər binaların təmiri üçün ayrılmış məbləğ;
(f) AzTV-nin 2009-cu il büdcəsindən onun internet saytının saxlanması üçün ayrılmış məbləğ.

Sorğuya cavab almayan ərizəçi Səbail Rayon Məhkəməsinə şikayət verib, xahiş edib ki, axtardığı informasiyaların ona təqdim edilməsini nəzərdə tutan qərar qəbul etsin. Məhkəmələr onun iddiasını təmin etməyib.

AİHM bu ərizəni qəbuledilməz hesab edib. Ərizəçini məhkəmədə vəkil Rəşid Hacılı təmsil edib.