AİHM Azərbaycanla bağlı 6 qərarını elan edib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) oktyabr ayının 5-də Azərbaycanla bağlı 12 ərizə üzrə yekun qərar və qərardadlarını elan edib.

Rəşad Həsənov və başqaları Azərbaycana qarşı

Bu ərizələr vətəndaş cəmiyyəti fəalları və NİDA vətəndaş hərəkatının üzvləri olan ərizəçilərin (Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov və Zaur Qurbanlı) qanunsuz silah saxlama və kütləvi iğtişaşlar törətməkdə ittiham edilib, cinayət məsuliyyətinə cəlb olunmaları ilə bağlıdır. Ərizəçilər əsasən, onlara qarşı cinayət işinin uydurma olduğunu və onların mühakimə olunmasının ifadə və dinc toplaşmaq azadlığı hüquqlarına qanunsuz müdaxilə təşkil etdiyini iddia edirdilər.

Ərizəçilər iddia edirdilər ki, barələrindəki milli icraatlar onların Konvensiyanın 6-cı, 10-cu və 11-ci maddələri ilə təminat altına alınan ədalətli məhkəmə araşdırması, ifadə azadlığı və toplaşmaq azadlığı hüquqlarını pozub.

Bu ərizənin kommunikasiyası zamanı hökumət AİHM-ə ərizəçilərin məruz qaldıqları pozuntuların aradan qaldırıldığını bildirib. Belə ki, ərizəçilərə qarşı cinayət işinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən bəraətverici əsaslarla xitam verilib, ərizəçilərdən ikisinə 66 min 700, digər 2 ərizəçiyə isə 28 min 300 manat zərər əvəzi ödənilib. AİHM bunları nəzərə alaraq, ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Qərara görə, ərizəçinin vəkillərinə ümumilikdə 4 min avro hüquqi məsrəf əvəzi, R.Axundov və Z.Qurbanlının nümayəndəsi Xalid Bağırova 1000 avro tərcümə və poçt xidmətləri əvəzi ödənilməlidir.

Cəlal Hüseynov və başqaları Azərbaycana qarşı

Bu iş müxtəlif ittihamlarla mühakimə olunan ərizəçilərin (Cəlal Hüseynov, Zaur Qənbərov, Natiq Məhəmmədsoy) Bakı Ağır Cinayətlər Məhkəməsi, Gəncə Apellyasiya Məhkəməsi və Xəzər Rayon Məhkəməsindəki icraatlar zamanı metal qəfəsdə saxlanılmasının qanunsuzluğu iddiaları ilə bağlıydı. Ərizəçilər AİHM qarşısında Konvensiyanın 3-cü maddəsinin pozuntusuna – qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qaldığını iddia edirdilər.

Bu işdə tərəflər dostca anlaşıblar. Qərardada görə, hökumət ərizəçilərin hər birinə 1700 avro mənəvi zərər, 600 avro hüquqi xərc əvəzi ödəməlidir.

Ağahüseyn Gözəlov Azərbaycana qarşı

Bu ərizə 1 noyabr 2015-ci il tarixdə keçirilmiş parlament seçkiləri ilə bağlı idi. Seçkidə namizəd kimi iştirak edən ərizəçi, birmandatlı seçki dairələrində baş verdiyi iddia olunan müxtəlif seçki pozuntuları ilə bağlı şikayətlərinə səmərəli baxılmamasından şikayət etmişdi.

Bu işdə hökumət AİHM-ə iddia edilən pozuntuların etiraf edildiyi təktərəfli bəyannamə təqdim edib. Həmin vaxt ərizəçi vəfat etdiyindən onun oğlu şikayəti davam etdirib, bu kontekstdə tərəflər dostca anlaşıblar. Həmin anlaşmaya əsaslanan qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 3000, hüquqi xərclər əvəzi 500 avro ödəməlidir.

Qazaryan və Bayramyan Azərbaycana qarşı

Ərizəçilər Ermənistanın Azərbaycanla sərhədindən bir neçə kilometr aralıda yerləşən Berdavan kəndində yaşayan Ermənistan vətəndaşları Armen Qazaryan və Astqik Bayramyandır. Məhkəmə işi ərizəçilərin 39 yaşlı oğlunun 2018-ci ilin iyulunda Azərbaycan hərbçiləri tərəfindən saxlanılması ilə bağlı idi. Onların övladları Azərbaycan məhkəmələri tərəfindən təxribat və terrorda təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum olunmuş, ardınca, 2020-ci ilin dekabrında əsirlərin mübadiləsi çərçivəsində Ermənistana qaytarılmışdı. Ərizəçilər övladlarının tutulması, həbsi və mühakiməsinin Konvemsiyanın 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi) və 5-ci maddələrinin (azadlıq və təhlükəsizlik hüququ) pozuntusu ilə müşayət olunduğunu iddia edirdilər.

Bu işdə AİHM hesab edib ki, ərizəçilərdən Xazaryana münasibətdə Konvensiyanın 3-cü, 5.1-ci və 5.3-cü maddələrinin pozuntusu baş verib. Məhkəmə ərizəçilərin digər pozuntu iddialarını rədd edib. Qərar görə, hökumət Karen Xazaryana mənəvi zərər əvəzi 10 min avro, xərc və məsrəflərə görəsə 3225 avro ödəməlidir.

Qarik Ohanyan və başqaları Azərbaycana qarşı

Bu işdə ərizəçilər bir vaxtlar Talış kəndində yaşamış ər və arvad, onların anası və övladlarıdır. Onların şikayətləri 2016-cı ilin aprel döyüşləri kontekstində verilmişdi. Ərizəçilər döyüşlərin fonunda yaşadıqları evi tərk etməli olmuşdular. Ərizəçilər onlara münasibətdə Konvensiyanın 2-ci, 8-ci, 13-cü və 14-cü maddələrinin pozulduğunu, habelə, mülkiyyət hüquqlarına müdaxilənin baş verdiyini iddia edirdilər.
AİHM bu şikayəti qəbul edilməz hesab edib.

Manvel Hakobyan Azərbaycana qarşı

Bu işdə ərizəçi 1936-cı il təvəllüdlü Ermənistan vətəndaşı idi. Onun şikayəti də 2016-cı ilin aprel döyüşləri kontekstində verilmişdi. Ərizəçi döyüşlərin fonunda yaşadıqları evi tərk etməli olmuşdu. Bu işdə də Qarik Ohanyan və başqaları Azərbaycana qarşı işindəki kimi oxşar pozuntu iddiaları qaldırmışdılar. AİHM bu şikayəti də qəbul edilməz hesab edib.