Avropa İnsan Haqları Məhkəməsi bu gün, fevralın 10-da Azərbaycandan göndərilmiş 6 ərizə üzrə 4 yekun qərarını elan edib. Qərarlardan biri mahiyyət üzrə verilib. 2 işdə tərəflər dostca anlaşıblar, 1 qərar hökumətin birtərəfli bəyannaməsi nəzərə alınaraq qəbul edilib.
Cahangir Hacıyev Azərbaycana qarşı işi
Bu işdə məhkəməyə qədər həbs edilmiş ərizəçi yerli məhkəmələrin öz qərarlarını əsaslandıra bilməməsindən şikayət etmişdi. O, azadlıq və toxunulmazlıq hüququna müdaxilənin baş verdiyini iddia edirdi.
Avropa Məhkəməsi bu işdə Fərhad Əliyev Azərbaycana qarşı, İsayeva Azərbaycana qarşı, Zayidov Azərbaycana qarşı işlərinə istinad etdi, vurğuladı ki, işlərin halları oxşardır. “Məhkəmə ona təqdim edilmiş bütün materialların işığında, bu şikayətin qəbuledilənliyi və mahiyyəti ilə bağlı fərqli nəticəyə gəlməyə razı sala biləcək hər hansı fakt və ya arqument aşkar etmədi. Uyğun presedent hüququnu nəzərə alaraq, Məhkəmə hesab edir ki, hazırkı işdə daxili məhkəmələr ərizəçinin məhkəməyəqədər həbsinin zəruriliyini əsaslandıra bilməyiblər. Buna görə də şikayət qəbulediləndir və Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinin pozuntusu baş vermişdir”. AİHM Azərbaycanla bağlı presedentlərə istinad edərək, ərizəçiyə 3500 avro təzminat ödənilməsinə qərar verdi. Ərizəçini AİHM qarşısında vəkil Aqil Layıc təmsil edib.
Əmrah Salmanov Azərbaycana qarşı
Bu işdə tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 12 000 avro mənəvi zərər əvəzi təzminat və 1000 avro hüquqi məsrəf əvəzi ödəyəcək. Ərizəçini AİHM qarşısında vəkil Nemət Kərimli təmsil edib.
Bu məhkəmə işi oğurluqda iştirakda şübhəli bilinərək həbs edilmiş yetkinlik yaşına çatmayan ərizəçi haqda həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı idi. Konvensiyanın 5-ci maddəsinə əsaslanan ərizəçi iddia edirdi ki, daxili məhkəmələr onun məhkəməyəqədər həbsinə qərar verərkən, öz qərarlarını əsaslandıra bilməyiblər. Ərizəçi həmçinin, Konvensiyanın 3-cü və 13-cü maddələrinə əsaslanaraq, həbs olunduqdan sonra polis idarəsində pis rəftara məruz qalmasından, bədənində xəsarətlər almasını təsdiq edən izlərə rəğmən effektiv araşdırmanın aparılmamasından şikayət etmişdi.
Ülvi Nuriyev və Coşqun Salahov Azərbaycana qarşı
Bu işdə də tərəflər Məhkəməyə dostca anlaşmalarını təsdiq edən bəyannamə təqdim ediblər. Anlaşmaya əsasən, hökumət iki ərizəçiyə ümumilikdə 16 000 avro təzminat (ərizəçilərin hər birinə 7 min avro mənəvi zərər əvəzi və hüquqi məsrəflərə förə 2 000 avro) ödəməlidir. Ərizəçiləri vəkil Ruslan Mustafazadə təmsil edib.
Bu iş hər iki ərizəçinin 22 sentyabr 2013-cü il tarixdə müxalif qüvvələrin icazəli dinc aksiyasında saxlanılması, inzibati qaydada həbs edilmələri ilə bağlı idi. Onların cəzalandırlmasına səbəb kimi prezident seçkiləri kampaniyası zamanı namizədlərin plakatlarını zədələmələri, polisin əmrinə əməl etməmələri göstərilmişdi, ancaq ərizəçilər iddia edirdilər ki, onlar hər hansı qanun pozuntusuna yol verməyiblər, müxalif namizədin təşkil etdiyi aksiyada iştirak etmələrinə görə cəzalandırlıblar. Ərizəçilər AİHM qarşısında iddia edirdilər ki, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması və toplaşmaq azadlığı hüquqlarına müdaxilə baş verib.
Məhəmməd Mustafayev və Ceyhun Süleymanov Azərbaycana qarşı
Bu işdə Hökumət, kommunikasiya mərhələsində ərizəçilərin iddia etdikləri pozuntuları etiraf edib, məhkəməyə mənəvi zərər əvəzi təzminat ödənilməsini ifadə edən birtərəfli bəyannamə təqdim edib. Məhkəmə bəyannaməni qəbul edib. Hökumət ərizəçilərin hər birinə 7500 avro təzminat ödəyəcək. Ərizəçiləri AİHM-də A.Mustafayeva və M.Yolçuyev təmsil edib.
Bu işdə hər iki ərizəçi qanunsuz azadlqıdan məhrum etməyə görə təyin olunan təzminatın məbləğinin azlığından şikayət etmişdilər. Ərizəçilərdən M.Mustafayev bir il altı ay iyirmi bir gün müddətində qanunsuz həbsdə saxlanılmiş, yerli məhkəmələr barəət almasından sonra ərizəçiyə 5.000 manat təzminat ödənilməsinə qərar vermişdi. Yerli məhkəmələr iki il yeddi ay iki gün müddətində qanunsuz həbsdə saxlanılan C.Süleymanova isə 8000 manat təzminat ödənilməsinə qərar vermişdi. Konvensiyanın 5.5-ci bəndinə əsaslanan ərizəçilər iddia edirdilər ki, qeyri-qanuni həbsdə saxlanılmalarına görə təyin edilmiş təzminatların məbləği az olub, bununla da qanunsuz həbsə görə kompensasiya almaq hüquqları müdaxiləyə məruz qalıb.