Avropa Insan Haqları Məhkəməsi (AİHM) bu gün, iyulun 22-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə 4 qərarını elan edib. Məhkəmə iddia edilən pozuntuların əksəriyyətini tanıyıb, Azərbaycan hökumətinin üzərinə ərizəçilərə ümumilikdə 51200 avro ödəmək vəzifəsi qoyub.
Mahmudov və Ağazadə Azərbaycana qarşı
AİHM “Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşı Rövşən Mahmudov və Yaşar Ağazadənin işində hesab etdi ki, ərizəçilərin ifadə azadlığı hüququna müdaxilə baş verib. Qərar qəti olduqdan sonra hökumət ərizəçilərə mənəvi zərərə görə, ümumilikdə 2400, xərc və məsrəflərə görəsə 1000 avro dəməlidir.
Bu iş müxalif məzmunlu “Müxalifət” qəzetinin baş redaktorunun və əməkdaşının Azərbaycanın tanınmış siyasi xadimlərindən olan Cəlal Əliyevi ləkələdiyi iddia edilən məqaləyə görə cinayət məsuliyyətinə cəlb edilmələri ilə bağlı idi. C.Əliyevin xüsusi ittiham qaydasında şikayətindən sonra jurnalistlər Yasamal rayon Məhkəməsinin 16 may 2007-ci il tarixli hökmü ilə böhtana görə məhkum edilmişdilər. Onların hər biri iki il altı ay müddətinə azadlqıdan məhrum edilmişdi. Təxminən bir il sonra Ali Məhkəmə hər iki jurnalistə verilən cəzanı təsdiq etmişdi. Ancaq Ali Məhkəmənin həmin qərarından əvvəl – 2007-ci ilin dekabrında jurnalistlər Azərbaycan prezidentinin əfvi ilə azadlığa buraxılmışdılar.
Ərizəçilər AİHM-ə şikayətlərində məqalələrinə görə cinayət cəzasına məhkum edilmələri ilə ifadə azadlığı hüquqlarına müdaxilənin baş verdiyini iddia edirdilər.
Azər Əhmədov Azərbaycana qarşı
“Azadlıq” qəzetinin direktorunun işində AİHM ona münasibətdə şəxsi həyata müdaxilə hüququnun pozuntusuna yol verilməsinə qərar verdi. Hökumət A.Əhmədova mənəvi zərərə əvəzi 4500, xərc və məsrəflərə görə isə 2500 avro təzminat ödəməliidr.
Bu iş A.Əhmədovun həmkarlarından Aqil Xəlilin bıçaqlanması olayının istintaqı çərçivəsində onun telefonunun dinlənilməsi ilə bağlı idi. Ərizəçi Konvensiyanın 8-ci (şəxsi həyata hörmət) və 10-cu (ifadə azadlığı) maddəsinə söykənərək, iddia edirdi ki, telefon danışıqlarının dinlənilməsi qanuna zidd olub. Ərizəçi həmçinin, gizli dinləmə ilə bağlı qərarın onunla bağlı olmamasından, onun adının həmin qərarda qeyd edilməməsindən, gizli dinlənilmə qərarının yalnız həmkarına yönəlik olmasından da şikayət etmişdi. Bu baxımdan, ərizəçi Konvensiyanın 6-ci (ədalətli məhkəmə araşdırması) və 13-cü (səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq) maddələrinin pozuntusunu məruz qaldığını da iddia edirdi.
Kərimov və başqaları (daha iki nəfər) Azərbaycana qarşı
Bu işdə ərizəçilər Vahid Kərimov, Mahir Abbasov və Mübariz Bayramov idi. AİHM qərar verdi ki, onların Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsi ilə təminat altına alınan hüququna müdaxilə baş verib. Hökumət ərizəçilərin hər birinə 3600 avro təzminat ödəməlidir.
Bu iş ərizəçilərin aldıqları pul borcunu geri ödəmədiklərinə görə, həbs edilmələri ilə bağlı idi.
Badalyan Azərbaycana qarşı
Ermənistan vətəndaşının Azərbaycana qarşı bu şikayətində AİHM hesab etdi ki, ərizəçinin azadlıq və toxunulmazlıq, işgəncəyə məruz qalmamaq hüququna müdaxiklə baş verib. Ərizəçiyə 30 min avro təzminat ödənilməlidir.
Bu iş ərizəçinin Azərbaycan-Ermənistan sərhəddində tutulması, 22 ay Azərbaycanda saxlanılması ilə bağlı idi. Ərizəçi iddia edirdi ki, Azərbaycanda saxlanıldığı müddətdə onun Konvensiyanın 3-cü və 5-ci maddələıri ilə təminat altına alınan hüquqlarına müdaxilə baş verib.