AİHM Azərbaycanla bağlı 2 yeni qərarını elan edib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, oktyabrın 6-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə 2 yeni qərarını elan edib.

“Xural” qəzeti və Zeynalov Azərbaycana qarşı (№ 55069/11);

Bu işdə birinci ərizəçi “Xural”, Bakıda nəşr olunan qəzetdir. İkinci ərizəçi isə “Xural”ın təsisçisi və baş redaktoru Əvəz Zeynalov 1970-ci ildə anadan olub, Bakıda yaşayır, hazırda məhkəməyə qədər həbsdədir.

Məhkəmə işi qəzetdə dərc edilmiş məqalə ilə əlaqədar olaraq, ərizəçilərə qarşı irəli sürülmüş mülki iddialarla bağlı idi. Məqalələrdə tanınmış yüksək rütbəli dövlət məmuru olan R.M.-in parlament seçkilərinə müdaxilə etdiyi iddia olunurdu. Adı keçən şəxs qəzeti və onun redaktorunu məhkəməyə verib, məlumatın yalan olduğunu və onun nüfuzuna xələl gətirdiyini iddia etmiş və dəymiş ziyana görə təzminat tələb etmişdi. Yerli məhkəmələr iddianı təmin edərək, ərizəçilərin üzərinə üzr istəmək, təkzib dərc etmək və 10.000 Azərbaycan manatı təzminat ödəmək vəzifəsi qoyan qərar qəbul etmişdi.

Ərizəçilər AİHM qarşısında ifadə azadlığı hüquqlarına müdaxilənin baş verdiyini iddia edirdilər.

AİHM öncə ərizələrin qəbuledilənliyi məsəsəsini araşdırdı və birinci ərizəçinin (qəzetin) Konvensiyanın 10-cu maddəsinə əsaslanan şikayətlərini qəbuledilən, ərizənin yerdə qalan hissəsini, o cümlədən, ikinci ərizəçinin şikayətlərini qəbuledilməz hesab edib.

Daha sonra Məhkəmə, birinci ərizəçinin (“Xural” qəzeti) şikayətini mahiyyəti üzrə araşdırıb.

Məhkəmə, “mübahisə mövzusu olan məqalənin başlığında və içində R.M.-in əleyhinə qələmə alınan müxtəlif iddiaların, birinci ərizəçinin gözdən salmağa görə məsuliyyət daşımasının təməlini təşkil etdiyini müşahidə edir. Mübahisəli ifadələr belə ümumiləşdirilə bilər: (a) R.M., tanınmış Azərbaycan şairi olan B.V.-yə qarşı düşmənçilik sərgiləyib və ondan intiqam almağa çalışıb; (b) R.M., B.V.-nin namizəd olduğu Şəkidə parlament seçkilərində, ikincinin seçilməsini əngəlləmək məqsədinə xidmət edən göstəriş verdi və s. …”

Məhkəmənin baxışına görə, “… bu cür iddialar R.M.-in nüfuzuna zərər verə bilərdi. Bu səbəbdən, mübahisəli açıqlamaların R.M.-in Konvensiyanın 8.1-ci maddəsi ilə qorunan nüfuzuna zərər verməyə yetəcək qədər ciddilik səviyyəsunə çatdığı görünür… Məhkəmə, nüfuzun qorunması hüququ ilə ifadə azadlığı hüququ arasındakı ziddiyyətlərə dair defamasiya iddialarına baxan yerli məhkəmələrdən, Məhkəmənin müəyyən etdiyi meyarları tətbiq etməklə bu iki hüquq arasında balans qurmalarının gözlənildiyini bir daha yada salır… …Hazırkı işdə yerli məhkəmələr mübahisələndirilən ifadələrin R.Mç-in nüfuzuna toxunduğunu, heç bir faktiki əsasa söykənmədiyini, ərizəçinin R.M.-yə qarşı iddialarla bağlı hər hansı sübut təqdim etmədiyini müəyyən etsələr də, incələmə zamanı Məhkəmənin presedent hüququ ilə müəyyən edilmiş müvafiq meyarlara istinad etməyiblər. … Yerli məhkəmələr həmçinin, mübahisələndirilən açıqlamaların ictimai maraq doğuran məsələyə aid olub-olmamasını, onların verildiyi konteksti və ya R.M.-in tanınmış yüksək vəzifəli dövlət məmuru statusunu … araşdırmayıblar. Məhkəmələrin sözügedən məqalənin məzmunu və nəticələri və orada verilən məlumatların faktiki əsasları ilə bağlı dəyərləndirmələri də qısaydı. Məhkəmələr müxtəlif mübahisəli ifadələri ayrı-ayrılıqda və təfərrüatlı təhlil edə bilməyiblər və digərləri ilə yanaşı, həmin ifadələrin bəzilərinin “qiymətləndirici mülahizə” olub-olmadığını və məqalənin daha öncə “Gündəm Xəbər” qəzetində dərc olunmuş məlumatlara əsaslanıb-əsaslanmadığını müəyyən edə bilməyiblər. Buradan … yerli məhkəmələrin birinci ərizəçinin ifadə azadlığı ilə R.M.-in Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınan hüquq və maraqları arasında gərəkli balansı qoruya bilmədiyi nəticəsi ortaya çıxır… Məhkəmə, gərəkli olan balanslaşdırmanı özünün həyata keçirməli olması qənaətindədir”.

AİHM daha sonra mübahisəli məqalənin ictimai maraqlarla bağlı müzakirələrə töhfə verib-vermədiyini, məqalədən təsirlənən şəxsin nüfuzunun zərər görmə dərəcəsini, mübahisələndirilən ifadələrin məzmunu və formasını, məlumatın əldə edilmə üsulu və onun doğruluğunu, tətbiq edilən cəzanın xarakteri və şiddətini araşdırıb.

Məqalənin ictimai müzakirələrə töhfə verib-verməməsi və şəxsin məqalədən təsirlənməsi ilə bağlı Məhkəmə qeyd etdi ki, məqalədə səslənən mübahisəli açıqlamalar, parlament seçkiləri kimi önəmli mövzu ilə bağlı olduğundan və adı çəkilən şəxsin tanınmış yüksək vəzifəli dövlət xadimi olması səbəbindən, şübhəsiz ki, ictimai müzakirələrə töhfə verə bilərdi.

Mübahisəli ifadələrin məzmunu və formasına gəldikdə, “Məhkəmə, sözügedən məqalədə əksini tapan mübahisəli ifadələrin əksəriyyətində konkret tarixlər, şəxslər və hadisələrdən bəhs olunduğunu qeyd edir. Məhkəmə, ərizəçinin həmin ifadələrin “qiymətləndirici mülahizə” olması iddiasının əksinə olaraq, ifadələri faktikİ iddialar hesab edir”.

Mübahisəli məlumatların əldə olunma üsuluna və onun doğruluğuna gəldikdə, Məhkəmə qeyd edib ki, ərizəçi daxili məhkəmələrə və ya Məhkəməyə mübahisəli ifadələrin faktual əsaslarını göstərən hər hansı sübut təqdim etməyib. Məhkəmə, ərizəçinin bir media olaraq, ictimai məsələlər haqda məlumatlar verməklə ictimai “nəzarətçi” funksiyasına malik olduğunu qəbul edir, bununla belə, vurğulayır ki, “ictimaiyyəti maraqlandıran mövzularda xəbərləmə ilə bağlı jurnalistlərə Konvensiyanın 10-cu maddəsinin verdiyi təminatlar, onların jurnalistika etikasına uyğun olaraq dürüst və etibarlı məlumat vermək üçün vicdanla hərəkət etmələri şərtinə bağlıdır”.

Məhkəmə qiymətləndirici mülahizələrin faktual əsaslara söykənməli olması qənaətini də təkrarlayır: “Ərizəçi “qiymətləndirici mülahizə” təşkil edən ifadələrə münasibətdə “kifayət qədər faktual əsas” təqdim etməli idi… Daxili məhkəmə prosesləri zamanı ərizəçiyə məqalədəki mübahisəli iddiaların düzgünlüyünü yoxlamaq və qeyd edilən qiymətləndirici mülahizələri dəstəkləyın faktları təqdim etməsi üçün səylər göstərdiyini nümayiş etdirməsinə real şanslar verilib. Buna baxmayaraq, ərizəçi, … mübahisəli ifadələri dəstəkləyən hər hansı sübut təqdim etməyə təşəbbüs göstərməyib. Ərizəçi həm də sübut təqdim etməməsinin jurnalist qaynaqlarını gizli saxlamaq ehtiyacından doğduğunu da iddia etməyib”, AİHM qeyd edir.

Məhkəmə, ərizəçinin sözügedən məqalənin daha əvvəl “Gündəm Xəbər” qəzetində dərc edilmiş “Mafiya və mətbuat” adlı məqalədən götürülməsi və şərh edilməsi barədə arqumentini də qəbul etməyib. “Mübahisəli ifadələr qeyd edilən məqalədən sitatlar kimi qəbul oluna bilməz. “Gündəm Xəbər”də dərc olunan məqalədə A.M., B.V. və ya Şəkidəki parlament seçkiləri ilə bağlı deyildi və R.M.-in Bakıdakı parlament seçkilərinə müdaxilə etdiyi iddia edilmişdi… R.M.-in B.V.-nin deputat mandatının ləğv edilməsi təşəbbüsü ilə çıxış etməsi iddiası, sözü gedən məqalənin müəllifinin özündən qaynaqlanıb”, məhkəmə vurğulayıb.

Məhkəmə apardığı incələmələrin işığında hesab etdi ki, ərizəçi, məqalənin dərc edilməsindən əvvəl dürüst və etibarlı məlumat vermək üçün vicdanla hərəkət etdiyini göstərə bilməyib və bununla, 10-cu maddədə nəzərdə tutulmuş “vəzifə və məsuliyyətlərini” yerinə yetirməyib.

Ərizəçiyə tətbiq edilmiş cəzanın (10 min manat) məzmunu, ağırlığını araşdıran Məhkəmə qeyd etdi ki, ərizəçinin cəzanın çox ağır olmasını, qəzetin qapadılmasına yol açdığını iddia etməsinə rəğmən, onun cəzalandırılmasını nəzərdə tutan qərarın ağırlığından yerli məhkəmələr qarşısında heç vaxt şikayət verməyib. Digər tərəfdən, nə yerli məhkəmərə, nə də AİHM-ə onun maliyyə durumunu ifadə edən sənədlər təqdim edilməyib.

Məhkəmə həm də qeyd edir ki, cəzanın ağırlığı ilə bağlı ərizəçinin təqdimatları uyğunsuzluqlarla doludur. Bir tərəfdən “Xural” qəzetin çapının dayandırılmasının cəzanın tətbiqinə görə baş verdiyi ifadə edilir, digər tərəfdən qəzetin internet versiyasının fəaliyyətini davam etdirdiyi bildirilir, başqa bir sənəddən isə aydın olur ki, qəzetin çapı, mətbəələrin çapdan imtina etməsi səbəbindən baş verib. Bütün qeyd edilənlərin işığında, “Məhkəmə, ərizəçinin əleyhinə verilmiş təzminat qərarının, onun iqtisadi təməllərini sarsıtması və iddia edildiyi kimi qapadılmasına yol açdığı nəticəsinə gələ bilməz. Məhkəmə, sanksiyanın ərizəçi üçün mənfi nəticələr doğurmuş olduğunu müşahidə edir. Bununla yanaşı, ərizəçi hazırkı işdə, ona verilmiş cəzanın qeyri-mütənasib olduğunu nümayiş etdirə bilməyib”.

Yekunda Məhkəmə, ərizəçinin ifadə azadlığına müdaxilənin “demokratik cəmiyyətdə zərurilik” testinə uyğun olduğu, Konvemsiyanın 10-cu maddəsinin pozulmadığı nəticəsinə gəldi. Məhkəmə həmçinin, medianın ictimai maraqların “gözətçisi” rolunu təkrar-təkrar vurğuladı və “Xural” işi üzrə qərarın həmin işin öz şərtləri, halları işığında qəbul edilməli olduğunu ifadə etdi.

Mustafa Hacılı və başqaları Azərbaycana qarşı (№ 69483/13, 76319/13 və 30456/14)

Bu işdə İctimai Palata adlı müxalif siyasi birliyin üzvləri olan 6 ərizəçi, Bakı şəhərində müxtəlif siyasi məsələlərə etiraz etmək üçün üç dəfə kütləvi aksiya keçirmələrinə imkan yaradılması üçün müraciət etmişdilər, ancaq hər dəfə rədd cavabı almışdılar.

Ərizəçilər AİHM qarşısında iddia edirdilər ki, Konvensiyanın 11-ci maddəsi (sərbəst toplaşmaq azadlığı) ilə təminat altına alınan hüquqlarına müdaxilə baş verib, dinc aksiyanın keçirilməsinə icazə verilməsindən imtina olunması haqda qərarlar qanuni və zəruri olmayıb. Ərizəçilər həmçinin, bu kontekstdə yerli qurumların qərarlarının onların ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüquqlarını pozduğunu da iddia edirdilər.

AİHM bu işdə ərizəçilərin toplaşmaq hüququna (Maddə 11) müdaxilənin baş verməsinə qərar verib. Digər iddialar üzrə incələməyə ehtiyac duymayıb.

Qərara əsasən, Hökumət hər ərizə üzrə 4500 avro mənəvi zərər əvəzi ödəyəcək. Bu qərar 3 ərizə üzrə çıxarılıb: Mustafa Hacıbəyli, Hüseyn Malikov və Rafiq Daşdəmirov Azərbaycana qarşı, Tofiq Yaqublu və Rafiq Manaflı Azərbaycana qarşı, Gülağa Aslanlı Azərbaycana qarşı işləri. Hökumət 3 ərizə üzrə 6 ərizəçiyə ümumilikdə, 13500 avro ödəyəcək.

Qərar hüquqi xidmətlərə görə hər ərizə üzrə 1500 avro ödənilməsini də nəzərdə tutur. Bundan başqa hüquqi məsrəflərə görə, Tofiq Yaqublu işi üzrə 55, G.Aslanlı işi üzrə 70 avro da ödənilməlidir.