Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, dekabr ayının 12-də Azərbaycanla bağlı iki qərardad elan edib. Şəxsi həyata hörmət hüququnun pozuntusunun mübahisələndirildiyi hər iki işdə tərəflər dostca anlaşıblar, hökumət ərizəçilərə təzminat ödəyəcək.
Elçin Sadıqov və Zibeydə Sadıqova Azərbaycana qarşı
Bu məhkəmə işi hüquq mühafizə orqanlarının əməkdaşlarının vəkil ola ərizəçilərin evlərində, ofislərində və avtomobillərində axtarış aparması və götürmə həyata keçirməsi ilə bağlı idi. Ərizəçilər bu proseslərin onların şəxsi həyata hörmət hüququna müdaxilələrlə müşayət olunduğunu iddia edirdilər.
Kommunikasiya zamanı tərəflər anlaşıblar, anlaşmaya əsasən, hökumət ərizəçilərin hər birinə 5 min avro maddi, mənəvi və xərclər əvəzi ödəmək öhdəliyi götürüb.
Ayven Şamuradov Azərbaycana qarşı
Bu məhkəmə işində saxlama təcridxanasında tutulan ərizəçinin ətraf aləmlə əlaqə saxlaması məhdudlaşdırılmışdı. Ərizəçi iddia edirdi ki, istintaq orqanlarının onun ailəsi və digər yaxınları ilə görüməsinə və telefon danışıqlarına məhdudiyyət tətbiq etməsi onun Konvensiyanın 8-ci maddəsi ilə qorunan haqlarına müdaxilə təşkil edib.
Kommunikasiya zamanı tərəflər dostca anlaşıblar. Məhkəmənin qərardadına görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 4500, xərc və məsrəflər əvəzi 500 avro ödəməlidir.
Ərizəçini AİHM qarşısında vəkil Cavad Cavadov təmsil edib.