Avropa İnsan Haqları Məhkəməsi (AİHM) may ayının 30-da Azərbaycanla bağlı 2 yeni qərarını elan edib.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı Azərbaycana qarşı
1996-cı ildə yaradılan, 2006-cı ildə dövlət qeydiyyatdan keçən qeyri-hökumət təşkilatı olan ərizəçi 2010-cu ildə Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisələrinin neft hasilatı prosesində “lay suları”nı necə utilizasiya etməsi, SOCAR-ın filiallarının kompleks qazma işləri zamanı yaranan şlamın saxlanması və sonradan zərərsizləşdirilməsi barədə bilgilərin ona təqdim edilməsi üçün informasiya sorğusu verib. Neft şirkətinin vitse-prezidentlərindən biri ərizəçiyə tələb olunan informasiyaları verməkdən imtina edən cavab göndərib. Bildirib ki, “İnformasiya əldə etmək haqqında” Qanuna əsasən, SOCAR “İnformasiya sahibi” deyil.
Ərizəçi məhkəməyə müraciət edib, bildirib ki, SOCAR-ın “İnformasiya əldə etmək haqqında” Qanuna əsasən, “ictimai funksiyaları yerinə yetirən hüquqi şəxs”dir, buna görə də ictimai maraq kəsb edən məlumatlara çıxışı təmin etmək onun qanuni vəzifəsidir. Ərizəçi məhkəmədən xahiş edib ki, SOCAR-ın üzərinə tələb olunan informasiyaları ona təqdim etmək vəzifəsi qoyan qərar qəbul etsin. Səbail Rayon Məhkəməsi ərizəçinin iddiasını rədd edib, yuxarı məhkəmələr həmin qərarı qanuni sayaraq, qüvvədə saxlayıb.
Ərizəçi AİHM qarşısında ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edirdi.
AİHM bu ərizəni qəbuledilməz sayıb. Məhkəmə qərarında xatırladıb ki, “Konvensiyanın 10-cu maddəsi şəxsə dövlət orqanında olan məlumatlara çıxış hüququ vermir və dövləti həmin şəxsə bu cür məlumat verməyə məcbur etmir. Bununla belə, belə hüquq və ya öhdəlik, birincisi, məlumatın açıqlanması qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə nəzərdə tutulduqda, ikincisi, informasiyaya çıxış şəxsin ifadə azadlığı hüququnu həyata keçirməsi üçün mühüm əhəmiyyət kəsb etdiyi hallarda yarana bilər. İnformasiya əldə etməkdən imtinanın ərizəçinin ifadə azadlığına müdaxilə təşkil edib-etməməsi işin xüsusi halları nəzərə alınmaqla qiymətləndirilməlidir. 10-cu maddənin dövlət orqanının məlumatı açıqlamaqdan imtina etməsinə şamil edilib-edilmədiyini müəyyən etmək üçün qeyd edilən meyarlar tətbiq edilməlidir: (a) məlumat sorğusunun məqsədi; (b) axtarılan məlumatın xarakteri; (c) informasiyanın “qəbul edilməsində və ictimaiyyətə çatdırılmasında” sorğuçunun xüsusi rolu; (d) məlumatın hazır olub-olmaması”.
Məhkəmə ərizəçinin istədiyi məlumatların ictimai maraq doğura bilən, sualların spesifik və texniki olduğunu ifadə edib. Bununla belə qeyd edib ki, ərizəçi məlumatı hansı məqsədlə istədiyini yerli qurumlar qarşısında lazımi qaydada əsaslandırmayıb: “Hazırkı işdə, iş materiallarında məlumat sorğusunun surətinin olmadığını nəzərə alsaq, müəyyən etmək olmur ki, ərizəçi ARDNŞ-dən məlumat almaqda öz dəqiq məqsədini göstərib. Bundan başqa, ərizəçi təşkilat birinci instansiya məhkəməsinə məlumatı istəməsinin məqsədini izah etməyib… Məhkəmə qeyd edir ki, məlumatın hansı məqsədlə axtarıldığına dair kifayət qədər təfərrüat yoxdur və ərizəçi təşkilatın müvafiq olaraq yerli məhkəmələr və Məhkəmə qarşısında təqdim etdiyi təqdimatlar qeyri-müəyyən, natamamdır. Beləliklə, ərizəçi təşkilat axtarılan məlumatlara çıxışın onun ifadə azadlığı hüququnun həyata keçirilməsində mühüm rol oynadığını nümayiş etdirə bilməyib”. AİHM-ə görə, Konvensiyanın 10-cu maddəsi bu işə tətbiq edilə bilən deyil.
AİHM həmçinin, ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunun baş vermədiyi qənaətinə gəlib. “Ərizəçi təşkilata öz faktiki və hüquqi arqumentlərini daxili məhkəmələr qarşısında qaldırmaq imkanı verilib. Həmin arqumentlər daxili məhkəmələr tərəfindən araşdırılıb və onlar öz qərarlarında ərizəçi təşkilatın iddiasının rədd edilməsinin əsaslarını göstəriblər”.
Dursun RÜSTƏMOVA Azərbaycana qarşı
Bu işdə ərizəçi Dursun Rüstəmova 1992-ci ildə əvvəllər yaşadığı Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra məcburi köçkün kimi Ağcabədi rayonuna, sonra Sumqayıta köçmüşdü. O, Sumqayıt stansiyası adlanan ərazidə ev tikmiş, 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri polisin köməyi ilə həmin evi sökmüşdülər. Ərizəçinin mebeli və şəxsi əşyaları içəridə qalmış və evlə birlikdə dağıdılmışdı. Ərizəçiyə rəsmi məktubla bildirilmişdi ki, evi qanunsuz tikildiyi üçün sökülüb. Evinin qanunsuz sökülməsi səbəbindən maddi və mənəvi ziyana görə kompensasiya tələbi ilə məhkəməyə müraciət edən ərizəçinin müvafiq qurumlara qarşı iddiaları rədd edilmişdi. Məhkəmə qərarını başqa yaşayış yeri olmayan ərizəçinin evin söküldüyünü sübut edə bilməməsi ilə əsaslandırmışdı.
Ərizəçi AİHM qarşısında mülkiyyət və şəxsi həyata hörmət hüququnun pozuntusunu mübahisələndirirdi. AİHM bu şikayəti qəbuledilməz hesab edib.