Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yanvar ayının 18-də Azərbaycandan göndərilmiş 30-dan artıq ərizə üzrə 11 yekun qərar və qərardadlarını elan edib.
Adnan HACIZADƏ və Emin ABDULLAYEV Azərbaycana qarşı (№4854/10)
Ərizəçilər Adnan Hacızadə və Emin Milli (Abdullayev) 8 iyul 2009-cu il tarixdə Bakıdakı «Livan» restoranında baş verən insidentdən sonra saxlanılmışdılar. Hücuma məruz qalan və döyülən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülmüş, Hacızadə 2 il, Emin Milli isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Hadisələrin baş verdiyi vaxt ərizəçilər, eləcə də yerli və beynəlxalq ictimaiyyət blogerlərin fərqli siyasi düşüncələrinə görə həbs olunduğunu bildirirdilər. Hər iki ərizəçi həbslərindən bir qədər öncə sosial şəbəkələrdə hökumətin fəaliyyətini tənqid edən satirik video məzmunlar paylaşmışdılar.
Ərizəçilər AİHM qarşısında bildirmişdilər ki, hadisə vaxtı yaralanmalarına baxmayaraq, polis onları saxlayıb, adekvat tibbi yardım göstərməməklə, xəsarət aldıqları halda qollarını qandallayıb dindirməklə pis rəftara məruz qoyulublar, cinayət törətmələrinə dair hər hansı əsaslı şübhə olmadan saxlanılıblar, uyğun və yetərli əsaslar olmadan məhkəməyəqədər həbs ediliblər. Ərizəçilər barələrindəki cinayət prosesinin bütövlükdə ədalətsiz və özbaşına olmasından, hüquqi yardıma çatımlarının təmin edilməməsindən, hüquq-mühafizə orqanlarının mətbuata bəyanatları ilə təqsirsizlik hüquqlarına müdaxilə olunmasından, məhkəməyəqədər həbs müddəti ərzində ailə üzvlərinin onlara baş çəkməsinə icazə verilməməsindən şikayət ediblər. Konvensiyanın 10-cu maddəsinə əsaslanan ərizəçilər həmçinin, iddia edirdilər ki, cəzalandırılmaları ictimai fəallıqları və hökuməti ictimai tənqid etmələri ilə bağlı olub. Birinci ərizəçi məhkəmədən 46 min 481 AZN maddi zərər əvəzi, 10 min 800 AZN mənəvi zərər əvəzi, 860 AZN xərc və məsrəf əvəzi tələb edirdi. İkinci ərizəçi isə 56 min 466 AZN maddi zərər, 860 AZN xərc və məsrəf əvəzi tələb etmişdi.
AİHM bu işdə hər iki ərizəçiyə münasibətdə azadlıq və toxunulmazlıq (Konvensiyanın 5.3-cü maddəsi), habelə ədalətli məhkəmə araşdırması (Konvensiyanın 6.1-ci maddəsi) hüquqlarının pozulmasına qərar verib. Hökumət ərizəçilərin hər birinə 4700 avro təzminat ödəməlidir. Ərizəçiləri AİHM qarşısında hüquqşunaslar E.Quliyev və K.Mehtiyeva (mərhum vəkil İsaxan Aşurovun vəfatından sonra) təmsil ediblər.
Eldəniz HACIYEV və Salman ABDULLAYEV Azərbaycana qarşı (21807/18 və №38997/22)
Bu işdə ərizəçilər İslam təmayüllü nurçu təriqətinin üzvləri idi. Ərizəçilər şəxsi evlərdə dini yığıncaq təşkil etdiklərinə görə, saxlanılmış, ardınca, inzibati qaydada məsuliyyətə (1500 AZN cərimə) cəlb olunmuşdular. Onların cəzalandırılmaları dini yığıncaq üçün müvafiq orqanlardan əvvəlcədən icazə almamaları ilə əsaslandırılmışdı. Konvensiyanın 5, 6 və 9-cu maddələrinə əsaslanan ərizəçilər iddia edirdilər ki, onların saxlanılması və inzibati qaydada mühakimə olunmaları, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması və dini etiqad azadlığı hüquqlarını pozub.
Bu işdə tərəflər dostca anlaşıblar. AİHM-in həmin anlaşmaya əsaslanan qərardadına görə, hökumət ərizəçilərin hər birinə mənəvi zərərə əvəzi 3800, hüquqi xərclərə görə 600 avro ödəməlidir. Ərizəçiləri AİHM qarşısında vəkillər Əsabəli Mustafayev və Ruslan Mustafazadə təmsil edib.
Aygün MAHMUDOVA Azərbaycana qarşı (№69201/11)
Bu işin hallarına görə, ərizəçi xanım Aygün Mahmudova Bakıda qeyri-yaşayış binasının tikildiyi torpaq sahəsinə sahib olub. Sonradan həmin bina sökülüb və yeni bina inşa edilməsinə başlanılıb. Ərizəçi bunun qanunsuzluğunu məhkəmədə mübahisələndirsə də birinci instansiya məhkəməsi onun şikayətini rədd edib. Apellyasiya instansiyası isə ərizəçinin şikayətini qismən təmin edib, belə qərara gəlib ki, tikinti işi etibarlı olmayan etibarnamə əsasında aparılıb. Ərizəçinin həmin qərardan kassasiya şikayəti isə rədd edilib.
Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 1 Saylı Protokolun 1-ci maddəsinə əsaslanaraq, onun mülkiyyət hüququnun qanunsuz olaraq əlindən alınmasından, dövlətin onun mülkiyyət hüququnu müdafiə etməməsindən şikayət edirdi.
AİHM bu işdə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına qərar verib. Qərara görə, hökumət ərizəçiyə 4000 avro mənəvi zərər, 230 avro xərc və məsrəf əvəzi ödəməlidir. Ərizəçini AİHM-də hüquqşunaslar A. Mütəllibov və C.Süleymanov təmsil edib.
İlqar MƏMMƏDOV və başqaları Azərbaycana qarşı (№27390/17)
Bu məhkəmə işi ərizəçilərin saxlanılması və inzibati qaydada həbs edilməsi ilə bağlıdır. Müxalifət partiyalarından biri olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri olan ərizəçilər Konvensiyanın 5-ci, 6-cı, 10-cu və 18-ci maddələrinə əsaslanaraq iddia ediblər ki, hər hansı qanun pozuntusuna yol verməyiblər, müxalifətçi olduqlarına, tənqidi çıxışlar etdiklərinə görə cəzalandırılıblar.
Bu işdə bütün ərizəçilərə (İlqar Məmmədov, Amil Məmmədzadə, İslam Həsənov, Samir Həsənov, Vasif Müzəffərov) münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu tanınıb. Hökumət ərizəçilərin hər birinə 1000 avro mənəvi zərər, 250 avro xərc və məsrəf əvəzi ödəməlidir. Ərizəçiləri AİHM-də vəkillər Əsabəli Mustafayev və Ruslan Mustafazadə təmsil edib.
Rüfət Səfərov Azərbaycana qarşı (№9664/20);
Bu məhkəmə işi ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qanunsuz və ya qeyri-mütənasib tədbirlərin tətbiqi və ərizəçi barəsində inzibati icraatın ədalətsizliyi iddiaları ilə bağlı idi. Ərizəçi Konvensiyanın 11 və 6-cı maddələrinin pozuntusunu mübahisələndirmişdi.
AİHM-in bu iş üzrə qərardadı hökumətin iddia olunan pozuntuların etiraf edildiyi təktərəfli bəyannaməyə əsaslanır. Qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 2600 avro, hüquqi xərclər əvəzi 250 avro ödəməlidir. Ərizəçini AİHM-də hüquqşunas Tural Ağayev təmsil edib.
Məhəmməd BAĞIROV Azərbaycana qarşı (№20698/15)
Məhkəmə işi ərizəçinin məhkəməyə qədər həbsinin, eləcə də məhkəmə prosesi zamanı metal qəfəsdə saxlanılmasının qanunsuzluğu ilə bağlı idi. Məhkəməyə qədər həbs edilən və həbs müddəti bir neçə dəfə uzadılan ərizəçi AİHM qarşısında iddia edirdi ki, həbsdə saxlanılması üçün hər hansı uyğun və yetərli əsaslar mövcud olmayıb. Ərizəçi həmçinin, məhkəmə zallarında metal qəfəslərə yerləşdirilməsinin onun Konvensiyanın 3-cü maddəsi ilə təminat altına alınan haqlarını pozduğunu iddia edirdi.
Bu işdə tərəflər dostca anlaşıblar. AİHM-in həmin anlaşmaya əsaslanan qərardadına görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 3500 avro, hüquqi xərclər əvəzi 1250 avro ödəməlidir. Ərizəçini AİHM-də vəkil Cavad Cavadov təmsil edib.
Müsavat Partiyası Azərbaycana qarşı (№43352/16 və 53951/19);
Bu məhkəmə işi (müxtəlif vaxtlarda verilmiş 2 ərizə) dinc toplantıların keçirilməsinə icazə verilməməsi, kütləvi tədbirləriə digər məhdudiyyətlərin tətbiqinin qanunsuzluğu iddiaları ilə bağlı idi. Ərizəçi partiya Konvensiyanın 11-ci və 13-cü maddələrinin pozuntusunu mübahisələndirmişdi.
AİHM-in bu iş üzrə qərardadı hökumətin iddia olunan pozuntuları etiraf etdiyi təktərəfli bəyannaməyə əsaslanır. Qərardada görə, hökumət ərizəçi partiyaya 3000, onun təmsilçisinə isə 500 avro ödəməlidir. Ərizəçini AİHM-də vəkil Nemət Kərimli təmsil edib.
Nadirli və başqaları (5) Azərbaycana qarşı (№38567/19);
Bu məhkəmə işi ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qanunsuz və ya qeyri-mütənasib tədbirlərin tətbiqi və ərizəçilər barəsində inzibati icraatın ədalətsizliyi iddiaları ilə bağlı idi. Ərizəçilər Konvensiyanın 11 və 6-cı maddələrinin pozuntusunu mübahisələndirmişdi.
Bu işdə hökumət iddia olunan pzountuları etiraf edərək, AİHM-ə təktərəfli bəyannamə təqdim edib. AİHM-in qərardadına görə, hökumət 6 ərizəçinin (İsmayıl Nadirli, Mütü Türksoy, Qoşqar Əhmədov, Bəxtiyar Məmmədli, Orxan Məmmədov və Yaşar Xaspoladiv) hər birinə mənəvi zərər əvəzi 2600 avro, hüquqi xərc əvəzi 250 avro ödəməlidir. Ərizəçiləri AİHM-də vəkil Elçin Sadıqov təmsil edib.
Məmmədov və başqaları (7) Azərbaycana qarşı (№6307/18);
Bu məhkəmə işi ərizəçilər barəsində inzibati icraatın ədalətsizliyi iddiaları ilə bağlı idi. Ərizəçilər Konvensiyanın 6-cı maddəsinin pozuntusunu mübahisələndirmişdi.
Bu işdə hökumət iddia olunan pzountuları etiraf edib, ərizəçilərə təzminat ödməyi təklif edib. AİHM-in qərardadına görə, hökumət 8 ərizəçinin (A.Məmmədov, Cəmil Hacıyev, Zahir Məmmədov, Mübariz Abdulkərimov, Azad Mahmudov, Ruslan Əmirov, Murad Xammədov, Vüqar Cabbarlı) hər birinə 1000 avro mənəvi zərər əvəzi ödəməlidir. 6 işdə hər bir ərizəçiyə 250 avro hüquqi xərc əvəzi ödənilməlidir. Ərizəçiləri AİHM-də hüquqşunaslar Xalid Bağırov, Əlayif Həsənov, Tural Ağayev, Ramil Süleymanov təmsil edib.
İsmayılzadə Azərbaycana qarşı (№17780/18)
Bu iş ərizəçi Leyla Miryaqub qızı İsmayılzadənin yeni doğulmuş övladı üçün seçdiyi adı dövlət orqanlarının qeydiyyata almaqdan imtina etməsi ilə bağlı idi. Ərizəçi bir neçə dəfə oğluna verdiyi Əbülfəzlabbas adının və həmin adın müxtəlif versiyalarının qeydiyyata alınması üçün müraciət etmiş, amma bu müraciətləri uğursuz olmuşdu. Qeydiyyat qurumu qeyd edilən adın Azərbaycan Milli Elmlər Akademiyasının təsdiq etdiyi siyahıda olmaması əsası ilə buna icazə verməmişdi. Yerli məhkəmələr bu yanaşmanı haqlı saymış, eyni zamanda qeyd edilən adların tələffüz problem yaradacağı səbəbindən yeni doğulmuş körpənin üstün maraqlarına uyğun olmayacağını ifadə etmişdi.
Ərizəçi Konvensiyanın 8-ci maddəsinə (şəxsi və ailə həyatına hörmət hüququ) əsaslanaraq, oğluna seçdiyi adın qeydə alınmasından imtina edilməsinin qanunsuzluğundan şikayət edirdi.
Bu işdə AİHM Konvensiyanın 8-ci maddəsinin pozulmadığına qərar verib. Hakimlər Boşnyak və Sabato qərarla bağlı fərqli rəy veriblər.
Məmmədov Azərbaycana qarşı (№8640/20);
Bu məhkəmə işi ictimai toplantı iştirakçısına qarşı qanunsuz və ya qeyri-mütənasib tədbirlərin tətbiqi və ərizəçi barəsində inzibati icraatın ədalətsizliyi iddiaları ilə bağlı idi. Ərizəçi Konvensiyanın 11 və 6-cı maddələrinin pozuntusunu mübahisələndirmişdi.
AİHM-in bu iş üzrə qərardadı hökumətin iddia olunan pozuntuların etiraf edildiyi təktərəfli bəyannaməyə əsaslanır. Qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 2600 avro, hüquqi xərclər əvəzi 2500 avro ödəməlidir. Ərizəçiləri AİHM-də vəkillər Əsabəli Mustafayev və Ruslan Mustafazadə təmsil edib.