AİHM Azərbaycanla bağlı 100-dən artıq ərizə üzrə qərarını elan edəcək

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) gələn həftə, noyabrın 10-da Azərbaycandan göndərilmiş 100-dən çox ərizə üzrə qərarlarını elan edəcək. Ərizələrin əksəriyyətində mülkiyyət, ədalətli məhkəmə araşdırması hüququnun pozuntuları mübahisələndirilib. Bu ərizələr birləşdirilib, 2 qərar elan ediləcək. Daha bir iş pis rəftar iddialarının səmərəli araşdırlmaması ilə bağlıdır.

Ələsgər Ələsgərov və Başqaları Azərbaycana qarşı

Bu məhkəmə işində Azərbaycan vətəndaşı olan 82 ərizəçiyə məxsus olan əmlak – evlər, mənzillər, torpaq, qeyri-yaşayış sahələri dövlət orqanlarının sərəncamlarına əsasən və ya hər hansı sərəncam olmadan müxtəlif əsaslarla özgəninkiləşdirilib və tikililər sökülüb. Özgəninkiləşdirilən əmlakların kompensasiyası üçün ərizəçilərin bəzilərinə müəyyən məbləğdə pul ödənilib və ya başqa əmlak verilib. Ərizəçilərin bəzilərinə isə heç bir kompensasiya məbləği ödənilməyib.

Hadisələr Abşeron rayonu ərazisində, Mehdabad qəsəbəsində baş verib.

Ərizəçilər Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat altına alınan mülkiyyət, 13-cü maddəsi ilə qorunan səmərəli müdafiə hüquqlarına müdaxilənin baş verdiyini iddia edirlər. AİHM qarşısında ərizəçilərə münasibətdə həmçinin, ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu da mübahisələndirilib. Bəzi ərizəçilər fərdi şikayət hüququnun pozuntusuna məruz qaldıqlarını da iddia edirlər.

İsmayıl Bağvanov və Başqaları Azərbaycana qarşı

Bu məhkəmə işi Bakıdakı “Qış Parkı”nın inşası zamanı gələcək parkın ərazisindəki tikililərin, evlərin sökülməsi kontekstində mülkiyyət hüququ ilə bağlı yaranan mübahisələrlə əlaqəlidir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının 24 sentyabr 2008-ci il tarixli sərəncamı ilə qeyd edilən ərazidəki Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrində 500-dən artıq yaşayış və qeyri-yaşayış sahələri sökülüb, sakinlər köçürülüb. Köçürülən sakinlərə mülklərinin hər kvadrat metri üçün 1500 manat kompensasiya təklif edilib. Sakinlərdən bəziləri təklifi qəbul edib, mülklərini tərk ediblər. Yerdə qalan sakinlərin mülklərinə kommunal xidmətlərin göstərilməsi tamamilə və ya qismən dayandırılıb. Bunun fonunda ərazidə iri söküntü işləri başlayıb. Sakinlər söküntünün qanunsuzluğu ilə bağlı yerli məhkəmələrə şikayət edib, mülkiyyət hüquqlarından istifadə etmələrinə maneələrin aradan qaldırlmasını nəzərdə tutuan qərar çıxarılmasını istəyiblər. Sakinlərin bəziləri mülkilərindən kompensasiya müqabilində imtina etmələrini nəzərdə tutan müqavilələri onlara edilən təzyiqlər səbəbindən imzaladıqlarını iddia ediblər, bəziləri kompensasiya məbləğinin az olmasından, əlavə kompensasiya məbləğinin ödənilməməsindən şikayət ediblər. Bəzi mülklər elə məhkəmə prosesi davam edərkən sökülüb. Yerli məhkəmələr yekunda sakinlərin əleyhinə qərarlar qəbul edib.

Bu işdə bütün ərizəçilər ədalətli məhkəmə araşdırması, mülkiyyət hüquqlarına müdaxilənin baş verməsindən şikayət ediblər.

AİHM 32 ərizəni bu iş çərçivəsində kommunikasiya edib.

Elman Ağayev Azərbaycana qarşı

Bu məhkəmə işi 1979-cu il təvəllüdlü ərizəçiyə qarşı pis rəftara yol verilməsi və bununla bağlı araşdırmanın səmərəli olmaması iddiaları ilə bağlıdır.

Ərizəçi 2015-ci ildə “Nardaran hadisələri” zamanı Bakının Nardaran qəsəbəsində və digər şəhərlərdə həyata keçirilən həbslər zamanı saxlanılıb. Daha sonra müxtəlif cinayətlərdə təqsirli hesab edilib.

Ərizəçi AİHM qarşısında iddia edir ki, saxlanılıb həbs edilən zaman pis rəftara məruz qalıb. Bununla bağlı əlaqəli qurumlara, prokurorluğa şikayətlər edib, ancaq prokurorluq həmin şikayətlər üzrə cinayət işi açmaqdan imtina edən qərar qəbul edib. Yerli məhkəmələrsə, prokurorluğun qərarını qanuni və əsaslı hesab edib.

Ərizəçi ona münasibətdə Konvensiyanın 3-cü maddəsinin (işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamaq) pozulduğunu iddia edir.