AİHM Azərbaycanı Rauf Mirqədirova təzminat ödəməyə məhkum etdi

©aihmaz.org
Bu gün, sentyabrın 17-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) azərbaycanlı jurnalist, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov Azərbaycana qarşı işi üzrə qərarını elan edib. Jurnalist hazırda Avropada mühacirətdədir.

Bu qərar R. Mirqədirovun AİHM-in icraatında olan iki şikayətindən birincisi üzrədir. Bu iş jurnalistin Türkiyədə saxlanılması, Azərbaycana gətirilməsi, həbs olunması ilə bağlı idi.

AİHM hesab edib ki, jurnalistə münasibətdə Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq – “əsaslı şübhə”nin mövcud olmaması, məhkəmə qərarı olmadan həbsdə saxlanılma, azadlıq hüququna müdaxilənin əsaslandırılmaması), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ – təqsirsizlik prezumpsiyası) və 8-ci (şəxsi həyatın toxunulmazlığı) maddələrinin pozuntusuna yol verilib.

Qərar qəti olduqdan sonra hökumət R.Mirqədirova 20 min avro təzminat ödəməlidir.

Qərarın mətni: Azərbaycanca (tezliklə əlçatan olacaq)
Qərarın mətni: İngiliscə

İşin hekayəsi

R.Mirqədirov 2014-cü ilin aprelində, Türkiyədə yaşayarkən jurnalist akreditasiyasından və yaşamaq icazəsindən məhrum edilmişdi. Daha sonra tənqidçi jurnalist, tələm-tələsik Azərbaycana deportasiya edilmiş, ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülmüş, uzun müddət Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılmışdı. MTN və Baş Prokurorluğun jurnalsitin işi ilə bağlı birgə rəsmi bəyanatında Mirqədirov “erməni casusu” kimi təqdim edilmişdi.

2015-ci ilin dekabrında yerli məhkəmələr jurnalistə qarşı ittihamları təsdiqləmiş, onun 6 il müddətinə azadlıqdan məhrum edilməsinə hökm etmişdi.

Hazırkı işdə R.Mirqədirovun vəkilləri jurnalistin Türkiyədən Azərbaycana gətirilməsi, məhkəməyə qədər həbs edilməsi kontekstində yol verilmiş pozuntuları mübahisələndirmişdilər. Şikayət Azərbaycan və Türkiyə Respublikalarına qarşı verilmişdi.

Vəkillər iddia edirdi ki, Azərbaycan dövləti jurnalistə münasibətdə Avropa Konvensiyasının 5-ci (azadlıq və təhlükəsizlik hüququ), 6-cı (təqsirsizlik prezumpsiyası), 8-ci (şəxsi həyata və ailə həyatına hörmət hüququ), 10-cu (ifadə azadlığı) və 18-ci (hüquqların məhdudlaşdırılmasından istifadə hədləri) maddələrinin pozuntusuna yol verib.

Türkiyəyə münasibətdə isə Konvensiyanın 5-ci və 10-cu maddələrinin pozuntusunun tanınması xahiş edilirdi.

Məhkəmədən dövlətlərin üzərinə ümumilikdə, 45 min 300 avro məbləğində ədalətli əvəzin ödənilməsi vəzifəsinin qoyulması istənilmişdi.