Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, oktyabr ayının 17-də Azərbaycandan göndərilmiş 12 ərizə üzrə 7 qərar və qərardadını elan edib. 3 ərizə qəbul edilməz sayılıb, yerdə qalan bütün işlərdə iddia edilən pozuntular tanınıb.
Natiq Adilov Azərbaycana qarşı
Jurnalist olan ərizəçi 2012-ci ildə Maliyyə Nazirliyinə informasiya sorğusu göndərərək dövlət büdcəsindən vəsait alan Bakı Dövlət Universitetinin 2011-ci il üzrə maliyyə hesabatının surətinin ona təqdim edilməsini xahiş etmişdi. Nazirlik 2013-cü ildə ərizəçiyə cavab verib, sorğunu aldığını təsdiqləmiş və sorğunun birbaşa BDU-ya göndərilməsinin məqsədəuyğun olduğunu qeyd etmişdi. Ərizəçinin BDU-dan məlumat almaq cəhdləri də heç bir nəticə verməmişdi – BDU, ərizəçiyə tövsiyyə etmişdi ki, Maliyyə Nazirliyinə müraciət etsin. Ardınca, ərizəçi Maliyyə Nazirliyinə qarşı 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində iddia qaldırmış, iddia rədd edilmişdi. Məhkəmə qərarında qeyd etmişdi ki, nazirlik qanuni hərəkət edib və ərizəçinin sorğusuna cavab göndərməklə “İnformasiya əldə etmək haqqında” Qanunla nəzərdə tutulmuş öhdəliklərinə əməl edib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə ərizəçinin növbəti şikayətlərini rədd etmişdi.
Ərizəçi AİHM qarşısında ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüquqlarının pozulduğunu iddia edirdi.
Məhkəmə jurnalistin informasiya sorğusuna cavab verilməməsini ifadə azadlığı hüququnun pozuntusu hesab edib. Məhkəmə, 10-cu maddənin pozuntusunun tanınmasının ərizəçi üçün yetərli mənəvi zərər əvəzi təşkil etdiyi qənaətinə gəlib. Qərara görə, ərizəçiyə hüquqi xərc və məsrəflərə 1500 avro təzminat ödənilməlidir.
Ərizəçini AİHM qarşısında Media Hüququ İnstitutunun hüquqşunasları təmsil ediblər.
Simuzər Babayeva Azərbaycana qarşı
Bu məhkəmə işi ərizəçinin qardaşının həbsxanada ölümü və olayın doğru araşdırlımaması ilə bağlıdır. Rəsmi versiyaya görə, ərizəçinin qardaşı 2014-cü ildə həbsxanada vəfat edib, ərizəçiyə telefonlabu haqda məlumat verilib, ölümün səbəbi ilə bağlı əlavə təfərrüatlar ona bildirilməyib. Ərizəçi morqa gedib, qardaşının meyitinə baxış keçirib. Ərizəçi bildirir ki, qardaşının bədənində, xüsusən qollarında, ayaqlarının altında, boynunda, onurğasında və üzündə çoxsaylı zorakılıq əlamətlərini müşahidə edib, müxtəlif fotoşəkillər çəkib. Hadisə baş verən gün həmçinin, etiraz əlaməti olaraq, olayların yaşandığı 1 saylı Cəzaçəkmə Müəssisəsində iğtişaş baş verdiyi bildirilir. 2015-ci ilin yanvarında Qaradağ Rayon Prokurorluğunda olayla bağlı cinayət işi (vəzifə səlahiyyətlərini aşma) başlanıb. Ancaq uzun araşdırmalardan sonra həmin cinayət işinə xitam verilib.
Konvensiyanın 2-ci (yaşamaq hüququ), 3-cü (işgəncəyə məruz qalmamaq) və 13-cü maddələrinə əsaslanan ərizəçi, dövlətin həbsxanada qardaşının həyatını qoruya bilməməsindən, qardaşının həbsxana nəzarətçiləri tərəfindən işgəncəyə məruz qalmasından, mühafizəçilər tərəfindən qətlə yetirilməsindən və qardaşının ölümü ilə bağlı hər hansı səmərəli araşdırma aparılmamasından şikayət etmişdi.
Bu işdə AİHM yaşamaq (2-ci maddə) və işgəncəyə məruz qalmamaq (3-cü maddə) hüquqlarının həm prosedur, həm də maddi baxımdan pozulduğuna qərar verib. Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 35 min, xərc və məsrəflər əvəzi 1500 avro ödəməlidir.
Ərizəçini AİHM qarşısında hüquqşunas Xalid Bağırov təmsil edib.
Rauf Rzayev və başqaları Azərbaycana qarşı
Məhkəmə işi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə yeni park komplekslərinin tikintisi zamanı park salınacaq ərazilərdəki yaşayış və qeyri-yaşayış sahələrinin, sakinlərin köçürülməsi ilə bağlı idi. Qeyd olunan ərazilərdə evləri, mənzilləri və qeyri-yaşayış obyektləri olan ərizəçilər evlərinin, obyektlərin sökülməsi, köçürülmələri prosesinin zamanı onların Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi həyata hörmət) və habelə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə (mülkiyyət hüququ) qorunan hüquqlarının pozulmasından şikayət etmişdilər.
AİHM bu işdə ərizəçilərin – R.Rzayev, Fərrux Xudayarov, Solmaz Qaffarova, Başxanım Abbasova, İrina Svyataslovskaya, Niyazi Məhəmmədinin hər birinə münasibətdə mülkiyyət hüququnun pozuntusunu tanıyıb.
Ərizəçilərdən R.Rzayev 603 min, Fərrux Xudayarov, 128 min 650, Solmaz Qaffarova , 197 min 580, Başxanım Abbasova 258 min 118, İrina Svyataslovskaya 180 min 700, Niyazi Məhəmmədi isə 89 min 690 manat maddi, mənəvi və xərclər əvəzi tələb edirdi. AİHM qərarında ədalətli əvəzin müəyyən edilməsi ilə bağlı qərar verməyə hazır olmadığını ifadə edərək, tərəflərə razılaşma üçün 3 ay vaxt verib. Həmin müddət çərçivəsində razılaşma olmazsa, AİHM ədalətli əvəz ödənilməsi ilə bağlı qərar verəcək.
Ərizəçini AİHM qarşısında vəkil S.Əliyeva təmsil edib.
Ayna Əlizadə Azərbaycana qarşı
Bu iş də Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə yeni park komplekslərinin tikintisi zamanı park salınacaq ərazilərdəki yaşayış və qeyri-yaşayış sahələrinin, sakinlərin köçürülməsi ilə bağlı idi. Ərizəçi Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi həyata hörmət) və habelə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə (mülkiyyət hüququ) qorunan hüquqlarının pozulmasından şikayət edirdi.
AİHM bu işdə də mülkiyyət hüququnun pozuntusunu tanıyıb. Məhkəmə həmçinin, ədalətli əvəzlə bağlı razılaşma üçün tərəflərə 3 ay vaxt verib. Ərizəçi AİHM qarşısında 147 min 494 manat məbləğində maddi tələb irəli sürmüşdü.
Ərizəçini AİHM qarşısında vəkil S.Əliyeva təmsil edib.
Zöhrab İsmayılov Azərbaycana qarşı
İşin hallarına görə, ərizəçi 2004-cü ildə Bakının Bibiheybət ərazisində ev tikib, həmin vaxtdan həmin evdə ailəsi ilə birlikdə yaşayıb. Ev bütün kommunal xidmətlərə qoşulub, ərizəçi elektrik, qaz və su haqqlarını vaxtında ödəyib. Ərizəçinin şəxsiyyət vəsiqəsində onun yaşayış yeri kimi həmin evin ünvanı göstərilib. Ərizəçinin evinin yerləşdiyi ərazi çoxlu evlər, xəstəxana, uşaq bağçası, məktəb və binalardan ibarət yaşayış məntəqəsi olub.
Dövlət Neft Şirkəti (ARDNŞ) 2010-cu ildə Səbail Rayon Məhkəməsində ərizəçiyə qarşı iddia qaldırıb, evin həmin şirkətə ayrılmış dövlət torpaq sahəsində qanunsuz tikilməsi əsası ilə ərizəçinin hesabına sökülməsini tələb edib. Ərizəçi qarşılıqlı iddia ilə çıxış edərək, kompensasiya tələb edib. Səbail rayon məhkəməsi şirkətin iddiasını təmin, ərizəçinin iddiasını rədd edib. Yuxarı məhkəmələr yekun olaraq, həmin qərardan verilmiş şikayətləri təmin etməyib.
Ərizəçi AİHM qarşısında mülkiyyət və şəxsi həyata hörmət hüququnun pozulduğunu iddia edirdi. AİHM ərizəçinin bütün iddialarını əsassız sayaraq, ərizəni qəbuledilməz elan edib.
Aslan Əhmədov Azərbaycana qarşı
Bu iş də Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə yeni park komplekslərinin tikintisi zamanı park salınacaq ərazilərdəki yaşayış və qeyri-yaşayış sahələrinin, sakinlərin köçürülməsi ilə bağlı idi. Ərizəçi Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi həyata hörmət) və habelə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə (mülkiyyət hüququ) qorunan hüquqlarının pozulmasından şikayət edirdi.
AİHM bu ərizəni qəbul edilməz sayıb. Ərizəçi məhkəmənin məktublarına müəyyən edilmiş zaman çərçivəsindən kənar cavab verib.
Ərizəçini AİHM qarşısında hüquqşunas N.İskəndərova təmsil edib.
Malik Kərimov Azərbaycana qarşı
Bu işdə də ərizəçi ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət və mülkiyyət hüququnun pozuntusunu mübahisələndirmişdi. İşin hallarına görə, ərizəçiyə məxsus əmlak özgəninkiləşdirilmişdi. Yerli məhkəmələr ərizəçiyə məxsus əmlakın qanuna uyğun olaraq özgəninkiləşdirildiyini, adekvat kompensasiya məbləğinin ödənildiyini müəyyən etsə də ərizəçi əmlakının özgəninkiləşdirilməsinin qanunvericiliyə uyğun həyata keçirilmədiyini iddia edirdi.
AİHM bu ərizəni qəbul edilməz sayıb. Ərizəçi Məhkəməyə hökumətin təqdimatı ilə bağlı hər hansı cavab göndərməyib.
Ərizəçini AİHM qarşısında hüquqşunas Y.Ağazadə təmsil edib.