Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Ermənistan vətəndaşlarının Azərbaycan Respublikasına qarşı verdiyi bir şikayəti araşdırmağa başlayıb. Söhbət ər-arvad, Armen Ghazaryan-ın və Astghik Bayramyan-ın verdiyi şikayədən gedir.
Şikayətin hallarına görə, 1959 və 1958-ci il doğumlu ərizəçilər Azərbaycanın dövlət sərhəddinin 2.7-3 km məsafəsində yerləşən Berdavan kəndində yaşayırlar, onların evi sərhədə ən yaxında yerləşən ev olub. Onların psixi problemləri olan övladı Karen Xazaryan 2018-ci ilin 15 iyulunda gecə yoxa çıxıb. Həmin gecə hava şiddətli külək və yağışlı olub, kənddə işıqlar da keçibmiş.
Hadisənin ertəsi günü Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın diversiyaçı bir qrupunun Azərbaycan torpaqlarına daxil olmağa çalışması, bunun qarşısının alınması və erməni casusu olan Karen Ghazaryan-ın saxlanaılması barədə məlumat yayıb. Ghazaryan-ın qara hərbi formada, habelə üzü qara boyanmış fotoları da həmin məlumata əlavə edilib. Bunun ardınca, Ermənistanın piolis qurumları və Müdafiə Nazirliyi saxlanılan şəxsin Ermənistanın silahlı qüvvələri ilə heç bir əlaqəsinin olmadığını açıqlayıb. Bildirilib ki, o, zehni problemlərindən dolayı hərbi xidmətdən azad olub. Ghazaryan-ların yaşadığı kəndin idarəçiləri isə açıqlayıblar ki, güman ki, zehni çatışmazlığı olan Karen şiddətli yağış və küləkdə yolu azıb, səhvən Azərbaycan tərəfə keçib.
Ərizəçilər iyul ayının 17-də AİHM reqlamentinin 39-cu qaydasına uyğun olaraq, Avropa Məhkəməsinə müraciət ediblər. Onlar oğullarının sağlığının qorunması, Ermənistana qaytarılması ilə bağlı tədbirlər həyata keçirilməsini istəyiblər. AİHM-in vəzifələndirdiyi hakim bununla bağlı Azərbaycan tərəfinə zəruri xatırlatmaları edib və zəruri olan bilgilərin Məhkəməyə təqdim olunmasını istəyib.
Azərbaycan hökuməti 2018-ci ilin avqust və noyabr aylarında AİHM-ə məlumat təqdim edib. Məlumatda bildirilib ki, Ghazaryan dövlət sərhəddindən təxminən 6 km uzaqlıqdakı Kəmərli kəndində saxlanılıb. O, dövlət sərhəddinin qanunsuz keçilməsində, terorizm, sabotaja cəhddə günahlandırılıb. Ona vəkil və tərcüməçi ayrılıb, Qazax Məhkəməsinin qərarı ilə məhkəməyə qədər 4 aylıq həbs edilib, Bakıda, Dövlət Təhlükəsizliyi Xidmətində saxlanılıb. Hökumət onun sağlıqla bağlı probleminin olmadığını, müalicəyə ehtiyac duyulmadığını ifadə edib. Ghazaryan-ın məhkəməyə qədər həbsi ilə bağlı qərarda onun 2016-cı ildən erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi, silah-sursatla davranış təlimləri keçdiyi, sərhəddi Qazax rayonunda partlayış həyata keçirmək niyyəti ilə keçməsi vurğulanıb. Onun məhkəmədəki ifadəsinə görə, sərhədi keçməkdə məqsədi Qazax rayonundakı Mərkəzi Bazarı partlatmaq olub.
Ghazaryan-ın anası onunla görüşmək üçün Azərbaycan tərəfindən imkan yaradılmasını istədyini, bunun baş vermədiyini iddia edib. Bununla yanaşı Qırmızı Xaç Komitəsi onu davamlı ziyarət edə bilib.
Karen Ghazaryan 2019-cu ilin sonunda ona qarşı irəli sürülən ittihamlar üzrə təqsirli bilinib və 20 il müddətinə azadlıqladan məhrum edilib.
Ərizəçilərin Məhkəməyə təqdim etdikləri tibbi sənədlərə görə, Ghazaryana həddən artıq alkoqol istehlakı səbəbindən yaranan zehni və davranış pozuğluğu diaqnozu qoyulub. O, 2013-14-cü illərdə bir aya yaxın psixi xəstəxanada yatıb.
AİHM sözügedən işlə bağlı Azərbaycan hökumətinə 12 sual göndərib. Həmin suallar saxlanılan şəxsin yaşamaq, işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, şəxsi həyatın toxunulmazlığı hüquqlarının təmin edilib-edilməməsi ilə əlaqəlidir. AİHM həmçinin səmərəli hüquq müdafiə vasitələri, ayrı-seçkiliyə məruz qalmamaq hüququnun təmini durumu ilə əlaqəli suallar da verib. Məhkəmə işlə bağlı bütün sənədlərin həm surətini, həm də ingiliscəsini istəyib.