Analiz
Avropa İnsan Haqları Məhkəməsinin 2019-cu ildəki fəaliyyəti ilə bağlı statistik bilgilər açıqlanıb.
AİHM ötən il Azərbaycanla bağlı 21 qərar qəbul edib. Ondan əvvəlki il 9 qərar qəbul etmişdi. AİHM Azərbaycanla bağlı 2019-cu ildə elan etdiyi 21 qərarda 38 dəfə Konvensiya ilə təminat altına alınan hüquqların pozuntusunu tanıyıb. 2018-ci ildə belə pozuntuların sayı 22 olmuşdu.
Pozuntusu ən çox tanınan hüquq
Əvvəlki illərdə olduğu kimi 2019-cu ildə də Azərbaycanla bağlı ən çox tanınan pozuntu AZADLIQ və TOXUNULMAZLIQ hüququ olub – ötən il 7 dəfə. 2019-cu ildə ən çox pozulan hüquqlar sırasında daha sonra ədalətli məhkəmə araşdırması hüququ gəlir – 5 dəfə. AİHM 4 dəfə birləşmək azadlığı hüququnun pozuntusunu tanıyıb.
Ən çox qərar hansı ölkələrə qarşı çıxarılıb?
Avropa İnsan Haqları Məhkəməsi 2019-cu ildə ən çox Rusiyaya qarşı qərar qəbul edib – 198 qərar. Türkiyə ikincidir, 113 qərar. 3-cü pillədə 109 qərarla Ukrayna gəlir. Rumıniyaya qarşı 62, Moldovaya qarşı 54, Macarıstana qarşı 40, Yunanıstan və Serbiyaya qarşı 24 qərar qəbul edilib. Azərbaycan 21 qərarla bu sıralamada Avropa 7-cisidir.
Azərbaycandan sonra Ermənistan gəlir – 20 qərar.
AİHM ötən il İsveç, Luksemburq, Monako, Lixtnşteyn, Çexiya, Andorra kimi ölkələrə qarşı qərar qəbul edilməyib.
Azərbaycanla bağlı ən çox hansı hüquqların pozuntusu tanınır?
AİHM-in ötən il qəbul etdiyi 21 qərarla indiyə qədər Azərbaycanla bağlı qəbul etdiyi qərarların sayı 178-ə çatıb.
Həmin qərarlara görə, ən çox pozulan hüquqlar sırasında ədalətli məhkəmə araşdırması hüququ öndə gəlir. AİHM indiyə kimi Azərbaycanla bağlı işlərdə 66 dəfə bu hüququn pozuntusunu tanıyıb. Sonrakı pillədə azadlıq və toxunulmazlıq hüququ gəlir – 61 dəfə.
Azərbaycanın AİHM yurisdiksiyasını qəbul etməsindən 20 il ötməsə də ədalətli məhkəmə araşdırması hüququnu 1959-cu ildən bəri ən ox pozmuş 12 AİHM ölkəsindən biridir.
Ən çox hansı ölkələr şikayət edir? Azərbaycan 27-cidir
2019-cu ildə Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə göndərilən şikayətlərin sayında xeyli artım olub. Azərbaycandan AİHM-ə 2016-cı ildə 331, 2017-ci ildə 679, 2018-ci ildə 313, 2019-cu ildə isə 397 şikayət göndərilib. 2018-ci ildə hər 10 min nəfərə 0,32 şikayət düşürdüsə. 2019-cu ildə hər 10 min vətəndaşa düşən şikayətin sayı nisbətən artıb – 0, 40 şikayət.
Azərbaycan AİHM-ə şikayət göndərən ölkələrin sıralamasında sonuncu yerlərdə gələn ölkələrdəndir. Azərbaycanda hər 10 min vətəndaş AİHM-ə orta hesabla 0.40 şikayət göndərir. Bu göstərici AİHM məkanına daxil olan ölkələrin göstəriciləri ilə müqayisədə yaxşı göstərici kimi görünür.
Hər 10 min vətəndaşa Andorrada 0,79, Ermənistanda 0,50, Bosniyada 5, Boqarıstanda 1, Xorvatiyada 2, Kiprdə 0,50, Estoniyada 1, Macarıstanda 0,97, İslandiyada 1.12, Latviyada 1.21, Lixtenşteyndə 1.58, Litvada 1.42, Maltada 0.71, Moldovada 1.79, Monakoda 2.11, Montenqeroda 6.86, Makedoniyada 1.26, Polşada 0.48, Rumıniyada 1.37, Rusiyada 0.89, San Marinoda 2.86, Serbiyada 3.10, Slovakiyada 0.55, Slovaniyada 1, Türkiyədə 0.89, Ukraynada 0.88 şikayət düşür. Azərbaycan bu sıralamada 27-ci sıradadır.
Qəbuledilməz sayılan, rədd olunan şikayətlərin sayında ciddi artım
AİHM-in qəbuledilməz saydığı və ya rədd etdiyi (Azərbaycandan göndərilən) şikayətlərin sayında da ciddi artım nəzərə çarpır. 2017-ci ildə belə şikayətlərin sayı 210 olmuşdu. Məhkəmə 2018-ci ildə 261 şikayəti qəbuledilməz saymış və ya rədd etmişdi. 2019-cu ildə isə belə şikayətlərin sayı 427 olub.
Ən çox hansı ölkdən göndərilən şikayət baxılmasını gözləyir?
AİHM-də baxılmasını gözləyən şikayətlərə gəldikdə, Azərbaycan AİHM məkanında 6 ölkədən biridir. İlk pillədə Rusiyadır – 15050 şikayət.
Türkiyədən 9250, Ukraynadan 8850, Rumıniyadan 7900, İtaliyadan 3050 şikayət baxılmasını gözləyir.
6-cı pillədə duram Azərbaycandan göndərilən 1959 şikayət baxılmasını gözləyir. 2018-ci ildə gözləyən şikayətlərin sayı 2 mindən çox idi.
Ermənistan Azərbaycandan sonra gəlir – orda 1650 şikayət baxılmasını gözləyir.