AİHM Azərbaycanla bağlı iki işdə iddia edilən pozuntuları tanıyıb

Bu gün, noyabrın 4-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı iki qərarını elan edib. Məhkəmə Ermənistan vətəndaşlarının şikayəti üzrə çıxardığı hər iki qərarda yaşamaq hüququnun maddi və prosessual aspektdən pozuntusunu tanıyıb.

Xojoyan və başqaları Azərbaycana qarşı

Bu işdə ərizəçilər 1964, 1967 və 1959-cu il təvəllüdlü Ermənistan vətəndaşları olan Hasmik Xojoyan, Heghine Vardazaryan və Haykaz Xojoyandır (hazırda vəfat edib). Onların şikayəti 2014-cü ilin əvvəlində ərizəçilərin atasının Azərbaycan ərazisində saxlanılması və ona qarşı pis rəftar edilməsi iddiaları ilə bağlı idi.

Ərizəçilərin atası 28 yanvar 2014-cü il tarixdə səhər saatlarında Azərbaycanla sərhədə yaxın Ermənistandakı evini tərk etmiş, iki gün sonra onun Azərbaycanda saxlanılması bəlli olmuşdu. O, 2014-cü il martın 4-də Ermənistana təhvil veriləndən on həftə sonra vəfat etmişdi.

Ərizəçilər iddia edirdilər ki, onlara münasibətdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ), 3-cü (işgəncənin qadağan edilməsi), 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 13-cü (effektiv hüquqi müdafiə vasitəsi hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələrinin pozuntusuna yol verilib.

AİHM öz qərarında hesab edib ki, bu işdə Xojoyana münasibətdə yaşamaq hüququ həm prosedur, həm də maddi baxımdan pozulub. Məhkəmə həmçinin Konvensiyanın 3-cü (maddi baxımdan) və 5-ci maddəsinin pozulmasına qərar verib.

Qərara görə, ərizəçilərə mənəvi zərər əvəzi 40 min avro təzminat ödənilməlidir.

Petrosyan Azərbaycana qarşı

Bu işdə ərizəçi 1957-ci il təvəllüdlü Ermənistan vətəndaşı Artuş Petrosyanın 1981-ci il təvəllüdlü oğlu 2014-cü il avqustun 7-də Azərbaycan sərhəddini keçdiyi üçün Azərbaycan silahlı qüvvələri tərəfindən saxlanılmış və Azərbaycanda dünyasını dəyişmişdi.

Ərizəçi AİHM qarşısında Konvensiyanın 2-ci (yaşamaq hüququ), 3-cü (işgəncənin qadağan edilməsi), 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ), 13-cü (effektiv hüquqi müdafiə vasitəsi hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) maddələrinin pozuntusunu mübahisələndirmişdi.

AİHM bu işdə də hesab edib ki, ərizəçinin oğluna münasibətdə yaşamaq hüququ həm prosedur, həm də maddi baxımdan pozulub. Məhkəmə həmçinin Konvensiyanın 3-cü maddəsinin pozuntusunu tanıyıb.

Qərara görə, ərizəçiyə mənəvi zərər əvəzi 40 min avro, xərc və msərfələr görə 8 avro 37 sent təzminat ödənilməlidir.