AİHM Azərbaycanla bağlı 4 qərar elan edib

Avropa Məhkəməsi bu gün, mayın 20-də Azərbaycanla bağlı 4 qərarını elan edib. Məhkəmə iddia olunan pozuntuların əksəriyyətini tanıyıb.

Mehman Əliyev və başqaları Azərbaycana qarşı

Qərar QHT-lərin qeydiyyatından imtina olunmasının qanunsuzluğu iddiaları ilə bağlıdır. AİHM 12 ərizə üzrə birgə qərar verib. Bu işdə AİHM hesab etdi ki, QHTlərin qeydiyyata alınmasından imtina olunub, ərizəçilərə münasibətdə birləşmək azadlığı hüququnun pozuntusuna yol verilib. Qərara əsasən, 12 ərizənin hər biri üzrə ərizəçilərə müştərək olaraq, 4500 avro, hüquqi xərclərə görə isə ümumilikdə 6000 avro (12 ərizə üzrə cəmi) ödənilməlidir.

Bu qərarda aşağıdakı ərizələr birləşdirilib:

– Mehman Əliyev, Samir İsmayılov, Emin Hüseynov Azərbaycana qarşı (Media Monitorinq İnstitutun İB-nin qeydiyyatı ilə bağlı);
– Mehriban Vəzir, Elçin Abdullayev Azərbaycana qarşı (“Media və Demokratiya İnstitutu”nun qeydiyyatı);
– İslam Abdullayev, Fəridə İbişova Azərbaycana qarşı (“İnsan Hüquqları və Sağlamlıq İB);
– Fikrət Cəfərov, Ağadadaş Əliyev Azərbaycana qarşı (İnsan Hüquqları və Qanunların Təbliği İB);
– Tünzalə Abduallyeva, Şəkərxanım Əliyeva Azərbaycana qarşı (Cinsi Ayrıseçkiliyə Qarşı Mübarizə Mərkəzi);
– Səmayə Orucova, Tamella Muxtarova Azərbaycan qarşı (İctimai Səhiyyənin İnkişafı İB);
– Vüqar Həsənli, Rəşad Bəşirli Azərbaycan qarşı (Demokratik Təşəbbüslər və Social İnkişaf İB);
– Sənubər Nurməmmədova, Tahirə Bəşirli Azərbaycan qarşı (Regional Qadın Hüquqları Mərkəzi İB);
– Könül Orucova, Kubra Abdullayeva Azərbaycan qarşı (Palliativ Qulluq və Sağlamlıq Təşəbbüsləri İB);
– Xəyyam Abbasov, Nemət Orucov Azərbaycan qarşı (İctimai Maraqların müdafiəsi Mərkəzi İB);
– Azad İsazadə, Mətanət Əzizova Azərbaycan qarşı (Qadın Krizis Mərkəzi İB);
– Əfruzə Məhərrəmova, Sədayə Hüseynova Azərbaycan qarşı (Din və Qadın Hüquqları İB);

Qərarda ərizəçilərdən M.Əliyev, S.İsmayılov, Ş.Əliyeva, S.Nurməmmədovanın ərizələrini geri götürdükləri qeyd edilir.

Elçin Abdullayev və başqaları Azərbaycana qarşı

Bu qərar da QHT-lərin qeydiyyatından imtina olunmasının qanunsuzluğu iddiaları ilə bağlıdır. AİHM 13 şikayəti birləşdirib, birgə qərar elan edib. Bütün şikayətlərdə QHT-lərin qeydiyyatından imtina olunmasının qanunsuzluğu tanınıb, ərizəçilərin birləşmək hüququnun pozulduğuna qərar verilib.

Qərara görə, hökumət 13 ərizə üzrə aşağıdakı miqdarda təzminat ödəməlidir:

– Akif Qurbanov, Vasif Piriyev Azərbaycana qarşı;
– Sevinc İsgəndərova, Könül Əmirova Azərbaycana qarşı;
– Mətləb Balakişiyev, Hikmət Qafarlı Azərbaycana qarşı;
– Sevda və Zəminə Səfərəliyeva Azərbaycana qarşı işləri);

Qeyd edilən 4 işin hər biri üzrə 540 avro mənəvi zərər əvəzi ödənilməlidir.

– Fikrət Cəfərov, Fuad Badırov Azərbaycana qarşı;
– Fərəzli Vəlili, Allahverdi Hacıyev Azərbaycana qarşı;

Bu iki işdə hər şikayət üzrə 1080 avro təzminat ödənilməlidir.

– Elçin Abdullayev, Araz Nurməmmədov Azərbaycana qarşı;
– Neman Lətifov, Orxan Abbasov Azərbaycana qarşı;
– Xəzər Teyyublu, İlyas Xəbərov Azərbaycana qarşı;

Bu 3 işdə hər ərizə üzrə 1620 avro təzminat ödəniləcək.

– Məmməd Talıblı, Ramil Zeynalov Azərbaycana qarşı;
– Elçin Əsədov, Rövşən İsayev Azərbaycana qarşı;

Hər iki ərizə üzrə 2430 avro mənəvi zərər əvəzi ödənilməlidir.

– Zaur Əkbər, Rərvin Quliyev Azərbaycana qarşı işi – 2160 avro mənəvi zərər əvəzi təminat;
– Mehdibəy Səfərov Azərbaycana qarşı işi – 4500 avro mənəvi zərər əvəzi təzminat, xərc və digər məsrəfələrə görə 7360 avro ödəniləcək.

Aleksandr Lapşin Azərbaycana qarşı

Bu işdə AİHM ərizəçiyə münasibətdə Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) pozuntusuna (həm substantiv, həm də prosedural) qərar verib. Ərizəçiyə 30 min avro təzminat ödənilməlidir.

Bu iş İsrail, Rusiya və Ukrayna vətəndaşlığı olan ərizəçinin Azərbaycanın Dağlıq Qarabaş bölgəsinə qanunsuz daxil olması səbəbindən saxlanılması, həbs edilməsi, azadlıqdan məhrum olunması zamanı baş verən olaylarla bağlı idi. Ərizəçi yaşamaq və azadlıq-toxunulmazlıq hüququna müdaxilə baş verdiyini iddia edirdi.

Elçin Məmməd Azərbaycana qarşı

AİHM bu şikayətin qəbuledilməz olmasına qərar verib. Məhkəmə qərarını hüquqi təmsilçinin vəkalətnaməni təqdim etməməsi ilə əsaslandırıb.

Bu işdə ərizəçinin təsisçisi olduğu “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” birliyinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdi.

Hökumət etiraz etməsə, qərarlar 3 aydan sonra qüvvəyə minəcək.