AİHM Azərbaycanla bağlı 3 qərarını elan etdi

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi bu gün, fevralın 21-də Azərbaycandan göndərilmiş 3 şikayət üzrə yekun qərarlarını elan edib.

Qərarlardan biri mərhum jurnalist Novruzəli Məmmədovun şikayəti üzrə elan edilib. N.Məmmədov 2009-cu ildə həbsxana xəstəxanasında, 68 yaşında vəfat etmişdi. Həmin vaxt jurnalist 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Jurnalistin vəkilləri daha öncə onun həbsinin qanunsuzluğunu AİHM qarşısında mübahisələndirmişdilər. Həbsxanada vəfat etdikdən sonra N.Məmmədovun həyat yoldaşı Məryəm Məmmədova və oğlu Emil Məmmədov həmin şikayətin araşdırlmasının davam etdirilməsi, eləcə də ölüm işinin araşdırlması ilə bağlı yerli məhkəmə qırarlarından məhkəməyə müraciət etmişdi.

AİHM mərhum jurnalistə münasibətdə iddia olunan bütün pozuntuları tanıyıb. Qərara görə, bu işdə Konvensiyanın 2-ci (Yaşamaq hüququ), 3-cü (İşgəncələrə, qeyri-insanı rəftara məruz qalmamaq), 5.1 və 5.3-cü (Azadlıq və toxunulmazlıq hüququ) maddələrin pozuntusu baş verib.

Hökumət bu pozuntulara görə, mərhum jurnalistin ailəsinə (2-ci Ərizəçi Məryəm Məmmədova, 3-cü Ərizəçi Emil Məmmədov) ümumilikdə 24 min avro təzminat ödəməlidir.

Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)

Məhkəmə qərarının icra edilməməsindən verilən şikayət

AİHM-in digər qərarı Xanağa Ağayev Azərbaycana qarşı işi üzrədir.

X.Ağayev milli məhkəmə qərarlarının icra edilməməsinə görə, AİHM-ə şikayət etmişdi. Həmin qərarlar mülkiyyət hüququ ilə bağlı idi. Ərizəçi ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu mübahisələndirmişdi.

Həmin işin kommunikasiyası zamanı Hökumət yerli məhkəmələrin qərarlarının icra edilməməsini etiraf edib. Qərarların icra edildiyi bildirilib.

AİHM hökumətin təqdimatlarını nəzərə alaraq, sözügedən şikayətin siyahıdan çıxarılmasına qərar verib. Hökumət bu işdə ərizəçiyə 100 (yüz) avro təzminat da ödəyəcək.

Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni

AİHM Natella İsayevanın şikayətini də baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verib.

Həmin işdə Gürcüstandan olan milliyətcə azərbaycanlı ərizəçi Azərbaycanda onun şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozulduğunu (oturum izni verilməməsi) iddia edirdi. Kommunikasiya mərhələsində Ərizəçinin təmsilçisi C.Həsənov şikayəti geri götürdüklərini bəyan etdiyindən, AİHM belə qərar verib.

Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni