AİHM 6 şikayətlə bağlı hökumətə suallar göndərib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş 6 ərizəni araşdırmağa başlayıb. Həmin ərizələr qeyri-hökumət təşkilatlarının qeydiyyata alınmasından imtina edilməsi və dini inanclarına görə hərbi xidmətdən imtina edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlıdır.

Səməd Ağayev və Elnara Ağayeva və daha 2 ərizəçi, eləcə də Əlövsət Talışxanlı və daha 6 nəfərin təsis etdikləri QHT-lər Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmayıb. Bu işlərdə yerli məhkəmələr də ərizəçilərin şikayətlərini rədd ediblər.

Ərizəçilər iddia edirlər ki, onlara münasibətdə Avropa Konvensiyasının 11-ci (birləşmək hüququ) və 6-cı maddələri (ədalətli məhkəmə araşdırması hüququ) ilə təminat altına alınan hüquqlarına müdaxilə olunub.

Emil Mehdiyev Azərbaycana qarşı və Vahid Əbilov Azərbaycana qarşı işlərində ərizəçilər dini etiqad azadlıqlarına müdaxilənin baş verdiyini iddia edirlər.

Bu şikayətlər dini əsaslandırmalarla hərbi xidmət keçməkdən imtina etdikləri üçün 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən (ertələnmiş) Yahova Şahidləri dini icmasının üzvləri olan ərizəçilərin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıdır.

AİHM şikayətlərlə bağlı hökumətə aydınlaşdırıcı suallar göndərib.