AİHM 40 min avrodan artıq cərimələdi

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən bir qrup şikayət üzrə qərarlarını açıqlayıb. Məhkəmə hökuməti ümumilikdə 40 min 600 avrodan çox cərimələyib.

Qurbanov və Paşayeva Azərbaycana qarşı işdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu tanınıb. Hökumət cəmi 8200 avro təzminat ödəyəcək.

Qərarların bir neçəsi “Yahova Şahidləri” dini icması və onun üzvlərinin şikayətləri üzrə çıxarılıb.

Famil Nəsirov, Əminə Məmmədova, Gülnaz Həsənova, Salatın İskəndərova, Şəfiqə Məmmədova, Rəhimə Hüseynova və Aygül Nəsirova Azərbaycana qarşı işdə azadlıq və toxunulmazlıq, din azadlığı hüquqlarının pozuntusu tanınıb. Hökumət bu iş üzrə ümumilikdə 21 min 199 avro təzminat ödəyəcək.

Bu işdə Ərizəçilər “Yahova Şahidləri” dini icmasının üzvləri idi, icmalarını təşviq edərkən saxlanılmış, inzibati qaydada cərimə olunmuşdular.

Daha bir qərar “Yahova Şahidləri” icmasının şikayəti üzrə elan edilib.

AİHM bu işdə ifadə azadlığı Hüququnun pozuntusunu tanıyıb. Hökumət icmaya 3042 Avro təzminat ödəməlidir. Bu işdə icma ölkəyə dini kitablar gətirmək istəmiş, Dini Komitə isə icazə verməmişdi.

Aqil Cəfərzadənin şikayəti Ərizəçinin intihar olayının araşdırılması kontekstində polisə aparılması, orda saxlanılması və işgəncə görməsi, məhkəmələrin isə bunu ədalətli araşdırmaması ilə bağlı idi. AİHM qərar verib ki, ədalətli məhkəmə araşdırması hüququ pozulub, hökumət 3200 avro təzminat ödəməlidir.

AİHM həmçinin Azərbaycandan göndərilmiş 6 şikayəti siyahıdan çıxarıb.

“Yahova Şahidləri” dini icmasının üzvü Ismayıl Bağırov Azərbaycana qarşı işi siyahıdan çıxarılıb. Bu işdə hökumət pozuntunu etiraf etmiş, 2000 avro təzminat təklif etmişdi. Ərizəçi təzminatın məbləğindən narazı olsa da yekun qərara əsasən, hökumətin ödəyəcəyi 2 min avro ilə kifayətlənməli olacaq.

Bu işdə ərizəçi dini ayının icrası zamanı saxlanılmış, 1500 manat cərimə edilmişdi.

Azad Quliyev Azərbaycana qarşı işi də məhkəmə siyahıdan çıxarıb. Bu işdə də hökumət pozuntunu etiraf edib, 3 min avro təzminat təklif edib. Ərizəçi təkliflə razı olmasa da AİHM yetərli sayıb.

Bu işdə Ərizəçi Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılmış, evindən narkotik, saxta əskinaslar tapılmışdı. O, saxta pul kəsmədə, narkotik cinayətində günahkar bilinmiş, 11 il azadlıqdan məhrum edilmişdi.

Günel Bəşirli və Rəşad Bəşirlinin, Ələsgər Hüseynov və A.Abuzərovanın, Teymur Mirzəyev və Xalid Kazımovun, Fərhad Vəliyev və Kamran Əliyevin şikayətləri də siyahıdan çıxarılıb. Onlar təsis etdikləri Kəndli Qadınların İnkişaf Mərkəzi”nin, “Təhsilə və Uşaqlara Dəstək”, “Region İcmalarının İnkişafına və Yoxsulluğun Azaldılmasına Dəstək” və “Gənc Musiqiçilərə Dəstək” təşkilatlarınının dövlət qeydiyyatına alınmamasından şikayət etmişdilər. Ancaq QHT qeydiyyata alındığından şikayətlərini geri çəkiblər.