AİHM 3 qərarını elan etdi, hökumət ərizəçilərə təzminat ödəyəcək

Avropa Insan Haqları Məhkəməsi (AİHM) bu gün, dekabrın 16-da Azərbaycandan göndərilmiş 7 şikayət üzrə 3 qərarını elan edib. Qərarlardan biri iddia edilən pozuntuları etiraf edən hökumətin birtərəfli bəyannaməsinə əsasən çıxarılıb, bir qərarda tərəflər dostca anlaşıblar, sonuncu qərarda şikayət qəbul edilməz sayılıb.

Şirinli və Əmrah Azərbaycana qarşı

Hər iki iş ərizəçilərin – Tariyel Şirinli və Heybət Əmrahın icazəsiz elan edilmiş kütləvi aksiyada iştirak etmələri əsası ilə saxlanılmaları, inzibati qaydada həbs olunmaları, barələrində töhmət tədbirinin seçilməsi, hüquqi yardımla təmin edilməmələri ilə bağlı idi. Ərizəçilər iddia edirdilər ki, onların azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilə baş verib.

Ərizənin komunikasiyası zamanı hökumət, ərizəçilərin azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması hüquqlarına müdaxilənin baş vediyini etiraf edib, buna görə ərizəçilərə təzminat ödəməyə razı olduğunu ifadə edən birtərəfli bəyannamə təqdim edib. Ərizəçilər bəyannamənin şərtləri ilə razılaşmasalar da AİHM ərizəni bəyannamənin şərtəri əsasında baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib.

Qərara əsasən, hökumət Tariyel Şirinliyə 3500, Heybət Əmraha isə 6500 avro təzminat ödəməlidir.

Mirzəbəyov və başqları Azərbaycana qarşı

Bu iş ərizəçilərin mülkiyyət hüququna müdaxilənin baş verməsi iddiaları ilə bağlı idi. Yerli məhkəmələrin çıxardıları qərarlar icra edilməmişdi. Ərizəçilər onlara münasibətdə mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunun baş verdiyini iddia edirdilər.

Kommunikasiya zamanı tərəflər AİHM-ə dostca anlaşma təqdim etdiklərinən, Məhkəmə ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verdi.

Dostca anlaşmanın şərtlərinə görə, hökumət ərizəçilərə – Fevral Mirzəbəyova 3850, Telman Abbasova 3850, Mehman Məmmədova 1750, Mehman Malikova 1750 avro təzminat ödəməlidir.

Əsgərov Azərbaycana qarşı

Bu işdə ərizəçi sahibi olduğu ət kəsimi və email müəssisəsinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsindən imtina olunmasından, yerli məhkəmələrin bunu qanuni saymasından şikayət etmişdi. Ərizəçi AİHM qarşısında iddia edirdi ki, onun mülkiyyət hüququna müdaxilə baş verib.

AİHM bu şikayəti əsaslı saymayıb rədd etdi. Məhkəmə həmçinin, hesab etdi ki, bu işdə hökumət fərdi şikayət hüququnun təmin edilməsi ilə bağlı öhdəliklərinə əməl etməyib (bu, ərizəçinin nümayəndəsinin ofisində axtarış aparılması və sənədlərin götürülməsi xüsusatı ilə əlaqəli idi).