AİHM, 2022: Azərbaycanla bağlı 23 qərar verilib, 2170 ərizə baxılmasını gözləyir

Avropa İnsan Haqları Məhkəməsi 2022-ci ilin yekunları ilə bağlı statistik bilgiləri açıqlayıb. Hazırda Avropa İnsan Haqları Məhkəməsində 74 min 650 ərizə baxılmasını gözləyir. 2021-ci ilin sonunda bu göstərici 70 min olmuşdu. Rusiyanın Avropa Şurasından çıxarılmasından sonra ən çox şikayət daxil olan ölkələr arasında Türkiyə birinci sıradadır. AİHM-də baxılmasını gözləyən şikayətlərin 20 min 110-u Türkiyə ilə bağlı ərizələrdir. Bu, məhkəmənin ümumi iş yükünün 26,9 faizi deməkdir.

2-ci sıradakı Rusiyadan 16 min 750, 3-cü Ukraynadan 10 min 400, 4-cü Rumıniyadan 4 min 800, 5-ci İtaliyadan 3 min 550 ərizə baxılmasını gözləyir. Qeyd edilən 5 ölkədən daxil olan ərizələr AİHM-in ümumi iş yükünün 74 faizinə bərabərdir.

6-cı Yunanistandan 2 min 800, 7-ci Polşadan 2 min 450, 8-ci Azərbaycandan 2 min 170 ərizə baxılmasını gözləyir. 2020-ci ildə Azərbaycandan göndərilmiş 2040, 2021-ci ildə 2092 ərizə baxılmasını gözləyirdi. Azərbaycandan göndərilən 2170 ərizənin 1513-ü ilkin araşdırma gözləyir, 619-u hökumətlə kommunikasiya mərhələsindədir. Yerdə qalan ərizələrə palata və ya tək hakım tərəfindən baxılmaqdadır.

Siyahının sonunda Lixtenşteyn (0 şikayət), Andorra (5) və İrlandiya (10)gəlir.

AİHM 2022-ci ildə 47 dövlətə qarşı ümumilikdə 1163 ərizə üzrə qərar qəbul edib. Son 12 ildə bu, ən yüksək göstərici olub. Keçən il ən çox qərar Rusiyaya qarşı çıxarılıb – 384 qərar. Ukraynaya qarşı 144, Rumıniyaya qarşı 81, Türkiyəyə qarşı isə 80 qərar elan edilib.

AİHM 2022-ci ildə ən çox azadlıq və toxunulmazlıq hüququnun pozulmasına qərar verib – 407 qərar. Ən çox pozulan digər hüquq işgəncəyə məruz qalmamaq hüququdur – 403 qərar. AİHM 346 qərarında ədalətli məhkəmə araşdırması, 237 qərarında effektiv hüquqi müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusuna qərar verib.

AİHM 2022-ci ildə Azərbaycanla bağlı mahiyyəti üzrə 23 qərar qəbul edib, həmin qərarların 22-də iddia edilən pozuntuların əksəriyyəti tanınıb. 2022-ci ildə Azərbaycana münasibətdə ən çox azadlıq və toxunulmazlıq hüququnun pozuntusu tanınıb – 9 qərar. 7 qərarda ədalətli məhkəmə araşdırması, 3 qərarda mülkiyyət, 2 qərarda şəxsi həyata hörmət, 2 qərarda birləşmək, 1 qərarda işgəncənin yolverilməzliyi, 1 qərarda yaşamaq hüququnun pozulmasına qərar verilib.

AİHM indiyə qədər Azərbaycanla bağlı mahiyyəti üzrə ümumilikdə 274 qərar qəbul edib. Həmin qərarların yalnız 3-də pozuntu tapılmayıb. AİHM indiyə qədər Azərbaycana münasibətdə ən çox ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına qərar verib – 126 qərar. Azadlıq və toxunulmazlıq hüququnun pozuntusu 96 vərarda tanınıb. 57 işdə işgəncəyə məruz qalmamaq, 47 işdə mülkiyyət, 43 işdə isə birləşmək hüququnun pozuntusu tanınıb. AİHM seçki hüququnun pozuntusunu ən çox Azərbaycan qarşı işlərdə tanıyıb – 25 qərar. Konvensiyanın 18-ci maddəsinin pozuntusu kateqoriyasında da Azərbaycan AŞ ölkələri arasında 1-cidir.