Aclıq aksiyası və məcburi yedizdirmə – AİHM bələdçisi

Məhkəmə məsələ ilə bağlı bir neçə işə baxıb. Bu işlərdə bildirilib ki, tibbin qaydalarına uyğun şəkildə müəyyən edilmiş terapevtik ehtiyac halında aclıq aksiyası keçirən məhbusun məcburi yedizdirilməsinə yol verilə bilər. Çünki belə aclıq aksiyası zamanı əslində şəxsin öz fikrini və iradəsini nümayiş etdirmək və fiziki bütövlüyünün müdafiəsi (bədəninə müdaxilə olunmaması) hüququ ilə Dövlətin onun yaşamaq və fiziki bütövlüyünü qorumaq öhdəliyi (ölməsinin və ya xəstələnməsinin qarşısının alınması) arasında konflikt yaranır. Belə məcburi yedizdirmənin Konvensiyaya uyğun olması üçün sözügedən terapevtik ehtiyacın mövcud olduğu inandırıcı şəkildə göstərilməli və yerdizdirmə ilə bağlı ölkədaxili prosessual qaydalara riayət olunmalıdır. Yedizdirilmə qaydası və şəkli Konvensiyada nəzərdə tutuan hüquqlara (məsələn qeyri-insani rəftara məruz qalmamaq hüququ) zidd olmamalıdır. Bu sahədə ən məşhur 3 işə nəzər salaq.

Nevmerzhitsky işində ərizəçinin məcburi yedizidirilməsi üçün tibbi ehtiyac olduğu sübut olunmamışdır. Ona görə də yedizdirmə özbaşına idi və dövlət orqanlarının məhbusu məcburi yedizdirməklə onun maraqlarına xidmət etdiyini iddia etməsi inandırıcı deyildir. Daxili qanunvericilikdə nəzərdə tutulan qaydalara əməl olunsa da, məhbusa tətbiq olunan məcburiyyət tədbirləri (qandal, ağzını açıb genişləndirmək, qida borusuna xüsusi boru salınması) və güc tətbiqi, 3-cü maddənin pozulmasına səbəb olub. Bu işdə maraqlı məqam odur ki, Ukrayna Hökuməti ərizəçinin ixtisaslı olmayan personal tərəfindən məcburi yedizdirildiyinini və əllərinin qandallandığını danmışdı. Başqa sözlə, ərizəçinin iddiasının Avropa Məhkəməsi qarşısında sübut olunması məsələsi qalxırdı. (sübutlarla bağlı bax: Sübutlar mövzusu)

Ciorap işində ərizəçi həbsxana şəraitinə etiraz olaraq aclıq aksiyasına başlamışdı. Məhkəmə hesab etmişdi ki, ərizəçinin dəfələrlə məcburi yedizdirilməsi hər hansı tibbi ehtiyaca əsaslanmırdı və etirazı dayandırmağa məcbur etmək məqsədi daşıyırdı[3].

SÜBUTLAR

Nevmerzhitsky işində 3-cü maddənin pozulması iddiasıyla bağlı Məhkəmə qeyd edir ki, sübutları qiymətləndirərkən ağlabatan şübhədən kənar sübut standartını tətbiq edir (par. 72). Lakin bəzən bu sübut standartına cavab vermək çətin olur, xüsusilə də hüququ pozanların Dövlət orqanları olduğu iddialarında. Dövlət orqanları tərəfindən pis rəftarı ağlabatan şübhədən kənar sübut etmək məsələn, həbsxana şəraitində həkim tərəfindən müayinə və tibbi rəy almağın və ya vəkillə görüşün mümkün olmadığı hallarda mümkün deyidir. Ona görə də hələ ilk işlərdən[4] Məhkəmə qəbul edir ki, “kifayət qədər ciddi, aydın və bir-birinə uyğun nəticələr və faktual prezumpsiyalar olarsa” belə sübutun mövcud olması qənaətinə gələ bilər. Məhkəmə onu da əlavə edir ki, bu konteksdə sübutlar əldə olunarkən tərəflərin davranışı da nəzərə alınmalıdır. Məhkəmə əlavə nəzarətedici funksiya daşıdığına görə, yalnız çox istisna hallarda, işin hallarına görə məcbur olduğu zaman birinci instansiya məhkəməsi kimi faktları araşdırır. Milli proses zamanı gəlinən nəticələr Məhkəmə üçün məcburi, bağlayıcı qüvvəyə malik olmasa da, bu nəticələri qəbul etməmək üçün ciddi, təkzibedilməz elementlər lazımdır.

Yuxarıda qeyd olunduğu kimi, bəzən insan hüquqları pozuntuları ilə bağlı iddiaları sübut və ya rədd edən məlumatlar yalnız cavabdeh hökumətdə olur. Bu zaman Məhkəmə Konvensiyanın 38.1 (a) maddəsinə əsaslanaraq hökumətdən bu məlumatları təqdim etməsini tələb edir. Məlumatı verməkdən üzrlü səbəb və izahat olmadan imtina, həm ərizəçinin iddiasının əsaslı olması, həm də Dövlətin 38.1 (a) maddəsi altındakı öhdəliklərini yerinə yetirmədiyi nəticəsinə gəlinməsinə səbəb ola bilər. Beləliklə, 3-cü maddə ilə bağlı hökumətin Məhkəmənin tələb etdiyi sənədləri təqdim etməməsi, 3-cü maddə altındakı iddiaların ağlabatan şübhəyə yer qoymayacaq şəkildə sübut olunduğu qənaətinə gəlinməsinə səbəb ola bilər. Nevmerzhitsky işində məhz belə olmuşdu.

Bununla belə qeyd olunmalıdır ki, bir sıra başqa işlərdə pis rəftarla bağlı iddialar ağlabatan şübhə yeri qalmadan sübut oluna bilmədiyinə görə Məhkəmə pis rəftar faktının olmasını tanımaqdan imtina etmiş və pis rəftar iddiasının araşdırılması öhdəliyini nəzərdən keçirib bu başlıq altına pozuntu olduğunu elan etməyə üstünlük vermişdir.

©legallibrary.org