Abdulmanna QASIMOV Azərbaycana qarşı – 6 fevral 2018-ci il

Kommunikasiya 6 fevral 2018-ci il tarixdə başlamışdır

BEŞİNCİ SEKSİYA

Ərizə № 6629/09
Abdulmanna QASIMOV Azərbaycana qarşı
Ərizə 22 yanvar 2009-cu il tarixdə qəbul edilmişdir

 

FAKTLARIN TƏSVİRİ

Ərizəçi cənab Abdulmanna Qasımov milliyətcə azərbaycanlıdır, 1964-cü ildə doğulub, Bakıda yaşayır. Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquşunas cənab G.Zamanov tərəfindən təsmil olunur.

İŞİN HALLARI

Bu işin hallarını aşağıdakı kimi ümumiləşdirmək olar.
Ərizəçi və daha 4 nəfər 26 oktyabr 2007-ci il tarixdə küçədə polis əməkdaşları tərəfindən saxlanıldı. Polislər onları Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Saxlanılanlardan iki nəfər 8 günlük inzibati həbs cəzasına məhkum edildi. Digər üç nəfərə, o cümlədən Ərizəçiyə narkotik ittihamı irəli sürüldü – onların üzərinə narkotik maddə qoyuldu və narkotik maddənin onlara məxsus olmasını etiraf eləmələri tələb edildi, əks halda daha ağır cinayətdə ittiham ediləcəkləri ilə təhdid edildilər. Eyni zamanda, onlara bildirildi ki, əleyhlərinə olan ittihamları təsdiq etsələr, tezliklə sərbəst buraxılacaqlar. Ərizəçinin sözlərinə görə, o, polis əməkdaşlarına inandı və ondan tələb olunduğu kimi davrandı.

27 oktyabr 2007-ci il tarixdə polislər Ərizəçinin mənzilində də axtarış aparmışdılar. Nəticədə evin zirzəmisindən 80 qram narkotik maddə – tiryək aşkar edilib.

29 oktyabr 2007-ci il tarixdə birinci instansiya məhkəməsi tərəfindən Ərizəçi barəsində 27 oktyabr 2007-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçildi.

6 fevral 2008-ci il tarixdə Ağır Cinayətlər Məhkəməsi Ərizəçini Cinayət Məcəlləsinin 234.2-ci (qanunsuz olaraq narkotik vasitələri hazırlama, saxlama, əldə etmə və satma) maddəsi ilə təqsirli bildi, o, 5 il müddətinə azadlıqdan məhrum edildi. Ərizəçi məhkəmədə ittihamı rədd etdi və ifadələri təzyiq altında imzaladığını iddia etdi. Məhkəmə, bununla belə Ərizəçinin istintaq zamanı təsdiq etdiyi ifadələrə söykəndi, bildirdi ki, həmin ifadələr Ərizəçinin vəkilinin iştirakı ilə verilib və nə Ərizəçi, nə də vəkili pis rəftarla bağlı hər hansı şikayət verməyiblər. Müdafiə tərəfinin vəsatəti üzrə məhkəmədə Ərizəçinin evində axtarış zamanı şahid olmuş şəxslərin ifadəsi də dinlənildi. Onlar polis əməkdaşlarının Ərizəçinin evinin zirzəmisindən narkotik vasitə tapmasının şahidi olmadıqlarını bildirdilər. Məhkəmə isə bu ifadələri mötəbər saymadı, Ərizəçinin üzərindən tapılan narkotik vasitə ilə mənzilinin zirzəmisindən tapılan narkotik vasitənin ekspert rəyi ilə eyni mənşəyə malik olmasının təsdiqlənmiş olmasına istinad etdi.

Ərizəçi bu hökmdən şikayət etdi. Şikayətində bildirdi ki, həm üzərində müəyyən edilmiş, həm də evinin zirzəmisindəki narkotik maddələri ora polislər tərəfindən qoyulub, əleyhinə olan məhkəməyə qədər ifadələrini isə təzyiq altında imzalamalı olub.

8 aprel 2008-ci il tarixdə Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qanuni və əsaslı hesab etdi, Ərizəçinin şikayətinin rədd olunmasına qərar verdi.

Ərizəçinin kassasiya şikayətini 12 avqust 2008-ci il tarixdə Ali Məhkəmə təmin etmədi.

ŞİKAYƏTLƏR

Ərizəçi Konvensiyanın 6-cı maddəsinə uyğun olaraq, daxili məhkəmələrin onun tələb etdiyi əlavə şahidləri dindirməyə çağırmamasından, şahidlərin narkotik maddənin onun mənzilindən tapılmasının şahidi olmamasını söyləməsinin məhkəmə tərəfindən nəzərə alınmamasından şikayət edir.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçinin Konvensiyanın 6-cı maddəsinə uyğun olaraq ona qarşı irəli sürlümüş cinayət ittihamının müəyyən edilməsi üçün ədalətli məhkəmə araşdırması aparıldımı?

Özəlliklə:

a) Həbs olunduğu andan Ərizəçinin hüquqi yardıma əlçatanlığı olubmu? Əgər belədirsə, vəkili Ərizəçinin özərində və mənzilində aparılan axtarışlarda iştirak edibmi? Axtarış tədbirləri daxili qanunvericiliyə uyğun aparılıbmı?

b) Ərizəçinin saxlanılmasına səbəb nə idi – Ərizəçinin saxlanılmasından bir qədər sonra onun üzərindən narkotik vasitə tapilmışdı, Ərizəçi polis idarəsinə hansı əsaslı şübhə ilə aparılmışdı?

2. Tərəflərdən 26 və 29 oktyabr 2007-ci il tarixləri aralığında baş vermis bütün prosedur addımlara aid bütün sənədlərinin surətlərini və digər rəsmi sənədlərin surətlərini təqdim etmələri istənilir. Tərəflərdən həmçinin, sonrakı mərhələlərdə Ərizəçinin şikayətlərinin, hər bir məhkəmə instansiyasında verdiyi ərizə və digər müraciətlərin surətlərinin təqdim edilməsi istənilir.