Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, fevral ayının 13-də Azərbaycandan göndərilmiş 13 ərizə ilə bağlı 6 qərardadını elan edib. Məhkəmə, iki işi qəbul edilməz sayıb, yerdə qalan ərizələrə baxılması tərəflərin dostca anlaşmaları ilə başa çatıb.
Rəfiqə Əfəndiyeva Azərbaycana qarşı
Bu məhkəmə işi 2008-2012-ci illər aralığında ərizəçiyə məxsus əmlakın – 3-cü Alatavadakı evinin mənzilin dövlət orqanları tərəfindən əllərindən alınması-özgəninkiləşdirilməsi ilə bağlı idi. Ərizəçinin iddiasına görə, proses qanunsuz verilmiş sərəncamlara əsasən həyata keçirilmişdi.
İddialara görə, özgəninkiləşdirilən əmlakın kompensasiyası üçün ərizəçiyə müəyyən məbləğdə əvəz ödənilib. Ərizəçi məhkəməyə müraciət edib, mülkiyyət hüquqlarının pozulmasından, xüsusilə də əmlaklarının özgəninkiləşdirilməsinin qanunvericiliyə uyğun həyata keçirilməməsindən, kompensasiyaların qeyri-adekvat olmasından şikayət edib. Ancaq bu şikayətləri uğursuz olub.
Ərizəçi AİHM-ə şikayətində mülkiyyət hüququna müdaxilənin baş verdiyini iddia edirdi.
AİHM bu işdəki pozuntu iddialarını qəbul edilməz sayıb. Qərardadında qeyd edib ki, ərizəçi heç vaxt sözügedən ev və torpaq sahəsi üzərində hər hansı mülkiyyət hüququnu rəsmi qeydiyyatdan keçirməyib və öz iddiasını dəstəkləyən hər hansı sənədli sübutları məhkəməyə təqdim edə bilməyib. Bundan başqa, ərizəçinin iddiasına daxili məhkəmələrdə baxılarkən, ona evini itirməsinə görə kompensasiya ödənilib.
Ərizəçiləri AİHM qarşısında vəkil S.Bağırov təmsil edib.
Əkbər Qasımov və Şahin Süleymanov Azərbaycana qarşı
Bu işin halları Rəfiqə Əfəndiyeva Azərbaycana qarşı işinin hallarının oxşarı idi. Ərizəçilər mülkiyyətlərinin özgəninkiləşdirilməsi zamanı müəyyən edilmiş kompensasiya məbləğinin qeyri-adekvat olduğunu iddia edirdilər.
AİHM bu iddiaları qəbul etməyib, ərizələrin qəbuledilməz sayılmasına qərar verib.
“Məhkəmə ilk növbədə qeyd edir ki, yerli məhkəmələr kompensasiya ilə bağlı qərar verərkən, daşınmaz əmlak bürolarından və notariusdan əldə edilmiş məlumat və alqı-satqı müqavilələrinin surətləri əsasında onların adekvatlığını qiymətləndiriblər. Digər tərəfdən, ərizəçilər sözügedən torpağın orta bazar qiymətinin daha yüksək olduğunu iddia etsələr də, bununla bağlı nə yerli məhkəmələrdə, nə də Məhkəmə qarşısında hər hansı sübut təqdim edə bilməyiblər. Ərizəçilərin yerli hakimiyyət orqanlarının kompensasiya təyin edilərkən iddia etdikləri itirilmiş mənfəəti nəzərə almaması ilə bağlı şikayətinə gəldikdə, Məhkəmə vurğulayır ki, ərizəçilər iddia edilən mənfəət itkisi ilə bağlı hər hansı sənədləri nə daxili məhkəmələrdə, nə də Məhkəmə qarşısında təqdim etməyiblər”, AİHM-nin qərardadında vurğulanır.
Ərizəçiləri AİHM qarşısında vəkil Fariz Namazlı təmsil edib.
Həsənqulu Rzayev və başqaları Azərbaycana qarşı
Bu məhkəmə işi ərizəçilərə rəsmi orqanlar tərəfindən səyahət yasağının tətbiq edilməsi ilə bağlı idi. Ərizəçilər bu yasağın onların hərəkət azadlığı hüququna müdaxilə təşkil etməsindən və habelə, məruz qaldıqları pozuntulara qarşı səmərəli müdafiə vasitələrinə malik olmadıqlarından şikayət etmişdilər.
Ərizələrin kimmunikasiyası zamanı tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçilərin hər birinə 3 min avro məbləğində mənəvi zərər, 500 avro məbləğində xərc və məsrəf əvəzi ödəməlidir.
Məhkəmədə ərizəçilərdən H.Rzayev, Samir Mustafayev, Abgül Süleymanov, Təmkin Cəfərov, Təranə Abdullayeva və Rəis Şiriyevi vəkil Cavad Cavadov, digər ərizəçi Xəyal Qəhrəmanlını isə vəkil Zibeydə Sadıqova təmsil edib.
Sevil Hacıyeva Azərbaycana qarşı
Bu ərizədə də ərizəçi ona rəsmi qurumların tətbiq etdiyi səyahət yasağının qanunsuzluğunu mübahisələndirmişdi. Ərizənin kimmunikasiyası zamanı tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçiyə 4500 avro məbləğində mənəvi zərər, xərc və məsrəf əvəzi ödəməlidir.
Ərizəçini AİHM qarşısında hüquqşunas Xalid Bağırov təmsil edib.
Ednan Məmmədov Azərbaycana qarşı
Səyahət yasağının qanunsuzluğu mübahisə edilən bu işdə də tərəflər dostca anlaşıblar. Məhkəmənin qərardadına görə, hökumət ərizəçiyə 4000 avro məbləğində mənəvi zərər, 500 avro məbləğində xərc və məsrəf əvəzi ödəməlidir.
Ərizəçini AİHM qarşısında vəkil Cavad Cavadov təmsil edib.
Sarkayev Azərbaycana qarşı
Hərəkət azadlığı hüququnun pozuntusu qaldırlan bu ərizəyə baxılması da tərəflərin dostca anlaşması ilə başa çatıb. Məhkəmənin qərardadına əsasən, hökumət ərizəçiyə 3000 avro məbləğində mənəvi zərər, 500 avro məbləğində xərc və məsrəf əvəzi ödəməlidir.
Ərizəçini AİHM-də vəkil Elçin Sadıqov təmsil edib.