Avropa Məhkəməsi, 2024: Azərbaycanla bağlı qərarlarda ən çox ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu tanınıb

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2024-cü ildə Azərbaycanla bağlı mahiyyəti üzrə 39 qərar qəbul edib. Həmin qərarlardan 38-də azı bir pozuntu müəyyən edilib. Yalnız 1 qərarda pozuntu müəyyən edilməyib.

Bu statistik rəqəmlər AİHM prezidentinin yanvarın 31-də 2024-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında açıqlanıb.

AİHM Azərbaycanla bağlı qərarlarında ən çox ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb – 20 qərar. İşgəncə və pis rəftara məruz qalmamaq hüququnun pozuntusu 6, mülkiyyət hüququnun pozuntusu 8, ifadə azadlığı hüququnun pozuntusu isə 5 qərarda müəyyən edilib. Azadlıq və toxunulmazlıq, şəxsi həyata hörmət, yaşamaq və birləşmək hüquqlarının pozuntuları 4 qərarda tanınıb.

AİHM 2024-cü ildə ümumilikdə mahiyyəti üzrə 1102 qərar qəbul edib, 1000 işdə pozuntu tapıb. 2024-cü ildə ən çox ədalətli məhkəmə araşdırması (485), azadlıq və toxunulmazlıq (465), işgəncə və pis rəftarın yolverilməzliyi (401) hüquqlarının pozuntusunu müəyyən edib.

Mahiyyəti üzrə ən çox qərar Rusiyaya qarşı çıxarılıb – 302 qərar. Məhkəmə həmin qərarların hamısında pozuntu müəyyən edib. Ən çox azadlıq və toxunulmazlıq (289 qərar), ədalətli məhkəmə araşdırması (211 qərar) və işgəncəyə məruz qalmamaq hüquqlarının (203 qərar) pozuntuları tanınıb.

Rusiyadan sonra Ukrayna gəlir. AİHM bu ölkəyə qarşı 158 qərar çıxarıb, həmin qərarlardan 153-də pozuntu tapıb. Ukrayna ilə bağlı ən çox azadlıq və toxunulmazlıq və ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusu tanınıb.

Sonrakı sıradakı Türkiyəyə qarşı bir ildə 73 qərar çıxarılıb, onlardan 67-də pozuntu müəyyən edilib. Türkiyə ilə bağlı ən çox azadlıq və toxunulmazlıq (19), ifadə azadlığı (15) hüquqlarının pozuntusu tapılıb.

AİHM qərar sayı kateqoriyasında 4-cü sırada olan Rumıniya və İtaliyaya qarşı 58, 5-ci sıradakı Macarıstana qarşı isə 51 qərar çıxarıb. Azərbaycan 6-cı sıradadır.

AİHM 2024-cü ildə Gürcüstanla bağlı 18, Ermənistanla bağlı 16 qərar elan edib. Ermənistana münasibətdə ən çox azadlıq və toxunulmazlıq, Gürcüstana münasibətdə ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusu tanınıb.

Baxılmasını gözləyən ərizələr

AİHM-də baxılmasnı gözləyən ərizələr azalıb – 2023-cü ildə 68 min 450 ərizə baxılmasını gözləyirdi, 2024-cü ildə bu göstərici 60 min 350-yə düşüb.

AİHM-də baxılmasını gözləyən ərizələrin sayı baxımından Türkiyə liderdir. Hazırda baxılmasını gözləyən 60 min ərizədən 21 min 613-ü Türkiyəyə qarşıdır.

2-ci sıradakı Rusiyadan 8 min 130, Ukraynadan 7703, Rumıniyadan 3847, Yunanıstandan 2613, İtaliyadan 2141, Polşadan 2050 ərizə baxılmasnı gözləyir.

Azərbaycan 8-ci sıradadır. Azərbaycandan göndərilmiş 1968 ərizə baxılmasını gözləyir.

Ermənistandan 836, Gürcüstandan isə 198 ərizə baxılmasını gözləyir.

Azərbaycanla bağlı baxılmasını gözləyən ərizələrin sayında qismən azalma, Ermənistan və Gürcüstanla bağlı ərizələrin sayında isə artım müşahidə olunur.

Yeni şikayətlər

AİHM-ə göndərilən şikayətlərin ümumi sayında ciddi azalma müşahidə olunur. 2022-ci ildə məhkəməyə ümumilikdə 45 min 528 şikayət daxil olmuşdusa, bu rəqəm xüsusilə də Rusiyanın məhkəmənin yurisdiksiyasından çıxmasının da təsiri ilə 28 min 784-ə düşüb.

Türkiyədən (2022-12551 şikayət; 2024-4450 şikayət), Belçika (2022-1169; 2024-383) və Rumıniyadan (2022-3302;2024-2527) göndərilən şikayətlərin sayında ciddi azalma nəzərə çarpıb.

Azərbaycandan göndərilmiş şikayətlərin sayında isə artım müşahidə olunur. Azərbaycandan AİHM-ə 2022-ci ildə 389, 2023-cü ildə 438 şikayət göndərilmişdisə, 2024-cü ildə şikayətlərin sayı 600-ə çatıb.