Avropa Məhkəməsi: Sinaqoq tikintisi üçün mənzillərin sökülməsi qanunsuz olub

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, yanvar ayının 21-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə növbəti qərarını elan edib. Şikayət mülkiyyət hüququnun pozuntusu iddiaları ilə bağlı idi.

Nizami Həsənov Azərbaycana qarşı

Məhkəmə işi yeni yəhudi sinaqoqunun tikintisi məqsədi ilə ərizəçiyə məxsus əmlakın Nəsimi Rayon İcra Hakimiyyətinin sərəncamı ilə özgəninkiləşdirilməsinin qanunsuzluğu iddiası ilə bağlıdır.

İşin materiallarına görə, ərizəçi Bakı şəhərində ümumi sahəsi 141 kv.m və 68,7 kv.m olan iki mənzilə sahib olub. O, mənzilləri birləşdirib və həmin əmlakdan qeyri-yaşayış – biznes məqsədi üçün istifadə edib. 2010-cu ildə Nəsimi Rayon İcra Hakimiyyəti yerli yəhudi icması üçün yeni sinaqoqun tikilməsini nəzərdə tutan sərəncam verib. Bu məqsədlə Bakının bəzi küçələrindəki yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsinə məsul komissiya yaradılıb. Ərizəçiyə kompensasiya olaraq əmlakının hər kvadratmetri üçün 1500 Azərbaycan manatı təklif olunub, o, bundan imtina edib. Ardınca, ərizəçinin əmlakı onun razılığı olmadan sökülüb, ona ümumilikdə 263 min 100 manat ödənilib.

Bununla belə, ərizəçi icra hakimiyyətinə və digər dövlət orqanlarına qarşı Nəsimi Rayon Məhkəməsində mülki iddia qaldırıb, alqı-satqı müqaviləsinin etibarsız sayılmasını, maddi və mənəvi zərərə görə kompensasiyanın təyin edilməsini tələb edib. O, məhkəməyə iddialarını təsdiqləyən qiymətləndirmə sənədi də təqdim edib. Məhkəmə onun iddiasını rədd edib. Həmçinin, müəyyən edib ki, ərizəçiyə 263 min 100 manat yox, 314 min 550 manat ödənilməli idi. Yuxarı məhkəmələr rayon məhkəməsinin qərarından verilən şikayətləri rədd edib.

Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsaslanan ərizəçi mülkiyyətindən və mənzillərinin altındakı torpaq sahəsindən qanunsuz məhrum edildiyini iddia edib. Ərizəçi həmçinin, şikayətində Konvensiyanın 6, 8 və 13-cü maddələrinə istinad edib.

Məhkəmə çoxmənzilli binada yerləşən sökülmüş mənzillərin ərizəçinin “mülkünü” təşkil etdiyi qənaətinə gəlib, ancaq mənzillərin inşa edildiyi torpaq sahəsinin ərizəçinin “mülkiyyət”i kimi qəbul edilməsinin mümkün olmadığını ifadə edib. Mənzillərlə bağlı şikayəti qəbuledilən sayan məhkəmə müəyyən edib ki, ərizəçinin əmlakının özgəninkiləşdirilməsi “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməyib. Belə ki, icra hakimiyyətinin xüsusi mülkiyyəti özgəninkiləşdirmək səlahiyyəti olmayıb; səlahiyyətli dövlət orqanı tərəfindən qanuni qaydada özgəninkiləşdirmə ilə bağlı qərarı verilməyib; ərizəçinin mülkiyyətinə müdaxilə, onun faktiki olaraq mülkiyyətdən məhrum edilməsini təşkil edib. Məhkəmə yekunda ərizəçinin mülkiyyət hüququnun pozulmasına qərar verib.

AİHM ərizəçinin təzminat tələbləri barədə qərar verməyib. Hökuməti və ərizəçini üç ay müddətində təzminatla bağlı yazılı qeydlərini təqdim etməyə və əldə edilə biləcək hər hansı qarşılıqlı razılaşma haqda məhkəməni məlumatlandırmağa dəvət edib.

Ərizəçi məhkəmə qarşısında 950 min avro maddi, 100 min avro mənəvi, 2 min 710 manat xərc və məsrəf əvəzi tələb edib, hökumət maddi tələbi rədd edib, digər tələblərin məbləğini isə “həddindən artıq” qiymətləndirib.

Ərizəçini AİHM qarşısında vəkil Fuad Ağayev təmsil edib.