Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, yanvar ayının 16-da Azərbaycanla bağlı iki qərardad elan edib. Həmin işlərdə mülkiyyət, toplaşmaq və səmərəli müdafiə vasitələrinə malik olmaq hüquqlarının pozuntusu mübahisələndirilmişdi.
Müsavat Partiyası Azərbaycana qarşı
Bu məhkəmə işində (iki fərqli ərizə) ərizəçi siyasi partiya dinc toplantıların keçirilməsinə icazə verilməməsi, kütləvi tədbirlərin keçirilmə yeri, vaxtı və ya üsulu ilə bağlı iddia olunan məhdudiyyətlərlə bağlı idi. Ərizəçi partiya toplaşmaq və səmərəli müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusunu mübahisələndirmişdi.
Ərizələrin kommunikasiyası zamanı ərizəçi partiyanın dotca anlaşma təkliflərini rədd etməsindən sonra hökumət məhkəməyə təktərəfli bəyannamə təqdim edib. Bəyannamədə ərizəçi partiyaya təzminat ödənilməsi, ərizələrin baxılacaq işlərin siyahısından çıxarılması təklif olunub. Məhkəmənin qəbul etdiyi həmin bəyannaməyə əsaslanan qərardada görə, hökumət ərizəçi partiyaya hər ərizə üzrə 1350 avro (cəmi 2700) mənəvi zərər əvəzi və hər ərizə üzrə 225 avro (cəmi 450) hüquqi xərclər əvəzi ödəməlidir.
Ərizəçi partiyanı AİHM qarşısında vəkil Nemət Kərimli təmsil edib.
Əlikram Cahangirov və başqaları, Tofiq Abdullayev və başqaları Azərbaycana qarşı
Bu məhkəmə işi 2008-2012-ci illər aralığında ərizəçilərə məxus əmlakın – ev, mənzil, qeyri-yaşayış obyektləri və ya torpaq sahələrinin dövlət orqanları tərəfindən əllərindən alınması-özgəninkiləşdirilməsi ilə bağlı idi. Ərizəçilərin iddialarına görə, proses qanunsuz verilmiş sərəncamlar və ya hər hansı sərəncam olmadan həyata keçirilmişdi.
İddialara görə, özgəninkiləşdirilən əmlakların kompensasiyası üçün bəzi ərizəçilərə müəyyən məbləğdə əvəz ödənilib, bəzilərinə başqa əmlak verilib. Ərizəçilərin bəzilərinin əmlakı isə ümumiyyətlə kompensasiya edilməyib.
Ərizəçilər müxtəlif tarixlərdə məhkəməyə müraciət ediblər, mülkiyyət hüquqlarının pozulmasından, xüsusilə də əmlaklarının özgəninkiləşdirilməsinin qanunvericiliyə uyğun həyata keçirilməməsindən, kompensasiyaların qeyri-adekvat olmasından şikayət ediblər. Onların şikayətləri ya qismən təmin edilib, ya da ümumiyyətlə rədd edilib. Onlar AİHM-ə şikayətlərində mülkiyyət hüquqularına müdaxilənin baş verdiyini iddia edirdilər.
Ərizələrin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar. AİHM-in həmin anlaşmaya əsaslanan qərardadına görə, hökumət ərizəçilərin hamısına təzminat ödəməlidir. Əlikram Cahangirov və başqaları işində ərəziçlər – Ə. Cahangirov, Əzizə Əsgərova, Səxavət, İsmi və Aygün Cahangirovlara birlikdı 4 min avro mənəvi zərər əvəzi, 4 min avro hüquqi xərclər əvəzi ödənilməlidir.
T.Abdullayev və başqalarının işində isə ərizəçilər – T. Abdullayev, N. Alkişiyev, Leyla Novruzova, Gizilli Süleymanova, Elman Məmmədov və Mirəli Şıxəliyevin hər birinə 4 min avro mənəvi zərər əvəzi, onların hüquqi təmsilçisinə isə ümumilikdə 4800 avro hüquqi xidmət əvəzi ödənilməlidir.
Ərizəçiləri AİHM qarşısında vəkil Elçin Sadıqov təmsil edib.