© tərcümə – aihmaz.org
BİRİNCİ BÖLMƏ
AZADLIQ və CƏBRAYILZADƏ AZƏRBAYCANA QARŞI
(Ərizənin nömrəsi 10987/14)
QƏRAR
STRASBURQ
21 Noyabr 2024
Bu qərar qətidir, ancaq ona redaktə xarakterli dəyişikliklər edilə bilər.
Azadlıq və Cəbrayılzadə Azərbaycana qarşı işində,
Avropa İnsan Haqları Məhkəməsinin (Birinci Bölmə) Palatası aşağıdakılardan ibarət tərkibdə toplaşaraq:
Raffaele Sabato, Sədr,
Lətif Hüseynov,
Alain Chablais, hakimlər,
və Liv Tigerstedt, İclas Katibi,
İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın (Konvensiya) 34-cü maddəsinə uyğun olaraq, Məhkəmə qarşısında Strasburqda yaşayan Hacılı Rəşid tərəfindən təmsil olunan Azərbaycanda nəşr olunan Azadlıq qəzeti (birinci ərizəçi) və Azərbaycan vətəndaşı cənab Ramin Natiq oğlu Cəbrayılzadə (Ramin Natiq oğlu Cəbrayılzadə) (ikinci ərizəçi) tərəfindən 22 yanvar 2014-cü il tarixdə Azərbaycan Respublikasına qarşı Məhkəməyə təqdim olunmuş ərizəni (№ 10987/14);
Cənab Ç.Əsgərov tərəfindən təmsil olunan Azərbaycan Hökumətinə (“Hökumət”) ərizə ilə bağlı məlumat vermək haqqında qərarı;
Tərəflərin təqdimatlarını;
nəzərə alaraq,
24 oktyabr 2024-cü il tarixdə müzakirə aparıb,
həmin tarixdə aşağıdakı qərarı qəbul edir:
İŞİN FAKTİKİ HALLARI
1. Ərizə ərizəçilərə – qəzetə və jurnalistə qarşı açılan mülki defamasiya prosesi və onların Konvensiyanın 10-cu maddəsi ilə qorunan ifadə azadlığı hüququna əsassız müdaxilə iddiaları ilə bağlıdır.
2. Azadlıq qəzeti, 2016-cı ildə çapını dayandıran qəzetdir. İkinci ərizəçi cənab Cəbrayılzadə ərizəçi qəzetdə çalışan jurnalistdir.
3. Ərizəçi qəzetin 7 və 9 iyul 2012-ci il tarixli saylarında ikinci ərizəçinin qələmə aldığı, Bakıda iri ticarət mərkəzini idarə edən özəl şirkətin təsisçisi olan K.M.-nın fəaliyyətindən bəhs edilən iki məqalə dərc olunub. Məqalələrdə həmin ticarət mərkəzində dükanları icarəyə götürən, ancaq adı açıqlanmayan iş adamlarının ifadələrinə istinad edilib. Orda K.M.-nin ticarət mərkəzində icarə və kommunal haqlarını qaldırdığı, obyekt sahiblərindən 5000 Azərbaycan manatı məbləğində birdəfəlik ödəmə tələb etdiyi, həmin məbləği ödəməkdən imtina edənləri icarə müqavilələrinə xitam verəcəyi ilə təhdid etdiyi iddia olunurdu. İkinci ərizəçi dükan sahiblərindən istənilən birdəfəlik ödəmə məbləği haqqında məlumatdan istifadə edib, mərkəzdəki ümumi dükan sayını 5 minə vuraraq, K.M.-nin mərkəzdəki biznes sahiblərindən əldə edəcəyi təxmini məbləği hesablayıb. O, bu yolla təxmin edib ki, ticarət mərkəzi rəhbəri 1.800.000 manat əldə edib.
4. Dəqiq bəlli olmayan tarixdə K.M. ərizəçilərə qarşı mülki diffamasiya iddiası qaldırdı və məhkəmədən tələb etdi ki, ərizəçilərin təkzib verməsini, ona dəydiyi iddia edilən mənəvi ziyana görə ərizəçilərin hər birinin 50.000 manat təzminat ödəməsini nəzərdə tutan qərar qəbul etsin.
5. Yasamal Rayon Məhkəməsi 22 oktyabr 2012-ci il tarixli qərarı ilə iddianı təmin edib, qərarında məqalələrdə irəli sürülən iddiaların həqiqətə uyğunluğuna dair cavabdehlər tərəfindən heç bir sübut təqdim edilmədiyini və məqalələrdə K.M.-nin şərəf, ləyaqət və peşəkar reputasiyasına zərər vuran ifadələrə yer verildiyini müəyyən edib. Məhkəmə öz qərarında ərizəçi qəzetin üzərinə təkzib dərc etmək və 30.000 AZN (məhkəmə zamanı təqribən 29.400 avro (EUR)) təzzminat ödəmək vəzifəsi qoyub. Məhkəmə həmçinin, ikinci ərizəçinin üzərinə iddiaçıya 2.000 AZN (müvafiq vaxtda təxminən 1.960 avro) ödəmək vəzifəsi qoyub.
6. Ərizəçilər, məqalələrdə ictimai maraq doğuran məsələlərə dair məlumatlara yer verildiyini və K.M.-nin peşəkar reputasiyasının hər hansı şəkildə zədələmədiyini iddia edərək, apelyasiya şikayəti verdilər. Ərizəçilər həmçinin iddia etdilər ki, birinci instansiya məhkəməsi təzminat məbləğinin ödənilməsi haqda qərarında bununla bağlı hər hansı əsas təqdim edə bilməyib.
7. Ərizəçilərin apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq 19 fevral və 22 iyul 2013-cü il tarixlərində Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən rədd edildi. Yuxarı məhkəmələr birinci instansiya məhkəməsinin əsaslandırmasını mahiyyətcə, təkrarladılar.
8. Ərizəçi qəzet birinci instansiya məhkəməsinin qərarını icra etmədiyinə görə 29 oktyabr 2013-cü il tarixdə İnzibati Xətalar Məcəlləsinin 313.1-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilib.
9. Ərizəçi qəzetə görə, 26 dekabr 2013-cü il tarixdə icra məmurunun qərarı ilə onun bank hesabından 30,500 manat çıxarılıb. Sübut olaraq, bank hesabından pul çıxarılmasını təsdiq edən bank çıxarışının surətini təqdim etdi.
10. Konvensiyanın 10-cu maddəsinə əsaslanan Ərizəçilər daxili məhkəmələrin qərarlarının onların ifadə azadlığı hüquqlarını pozmasından şikayət ediblər.
MƏHKƏMƏNİN QİYMƏTLƏNDİRMƏSİ
KONVENSİYANIN 10-CU MADDƏSİNİN POZUNTUSU İDDİASI
11. Məhkəmə, bu şikayətin Konvensiyanın 35.3(a)-cü maddəsinin mənasında açıq-aşkar əsassız olmadığı və ya hər hansı digər əsaslara görə qəbuledilməz olmadığını vurğulayır. Buna görə də o, qəbuledilən elan edilməlidir.
12. Tərəflər, daxili məhkəmələrin qərarlarının, ərizəçilərin Konvensiyanın 10-cu maddəsi çərçivəsindəki ifadə azadlığı hüququna “müdaxilə” təşkil etməsi mövzusunda mübahisə etməyiblər. Məhkəmə, daxili məhkəmələrin öz qərarlarında Mülki Məcəllənin şərəf, ləyaqət və peşə nüfuzunun qorunmasını nəzərdə tutan 23-cü maddəsinə istinad etdiklərini müşahidə edir. Bu səbəbdən, Məhkəmə, müdaxilənin “qanunla nəzərdə tutulduğunu” və K.M.-nin peşəkar nüfuzunu qoruma kimi qanuni məqsəd güddüyünü düşünür. Yerdə həmin müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olub-olmadığını müəyyən etmək qalır.
13. Müdaxilənin “zəruriliyi” ilə bağlı əsas prinsiplər Azadlıq və Zayidov Azərbaycana qarşı (№20755/08, §§35-39, 30 iyun 2022-ci il), Xural və Zeynalov Azərbaycana qarşı ((№55069/11, §§37-49, 6 oktyabr 2022) və Redaksiya Şurası Qrivna Qəzeti Ukraynaya qarşı (№41214/08, §§84-88 və 92-98, 16 aprel 2019-cu il) işlərində ümumiləşdirilmişdir.
14. Məhkəmə, ərizəçilərin, mübahisə edilən məqalələrin ölkənin ən böyük ticarət mərkəzlərindən birində iddia edilən ticari pozuntular haqda məlumatları əhatə etməsi, həmin məqalələrdə müzakirə olunan mövzunun ictimai maraq doğuran bir məsələyə aid olması və ictimai müzakirələrə qatqı verməsi ilə bağlı iddialarını qəbul edir. Məhkəmə müşahidə edir ki, adları açıqlanmayan obyekt sahiblərinin fikirlərinin yer aldığı və xüsusilə K.M.-nin adı keçən məqalələrdə, dükan icarədarlarından xeyli miqdarda pul tələb edilməsindən, bu məbləği ödəməkdən imtina edənlərin mağazalarının bağlanılacağı ilə təhdid olunmasından, mərkəzdə kirayə haqlarının və kommunal xərclərin qaldırılmasından bəhs olunub.
15. Məhkəmə həmçinin, yerli məhkəmələrin məqalələrdə yer alan ifadələrin faktlarla bağlı ifadələr, yoxsa, qiymətləndirici mülahizələr olub-olmamasını təhlil etmədiyini müşahidə edir. Onlar sadəcə olaraq, iddiaçının məqalələrin onun reputasiyasına xələl gətirdiyinə dair iddialarını qəbul etməklə kifayətləniblər. Məhkəmə, ərizəçilərin arqumentlərinin əksinə olaraq, mübahisələndirilən iddiaların qiymətləndirici mülahizə yox, faktlarla bağlı ifadələr olması düşüncəsindədir. Ancaq Məhkəmə qeyd edir ki, bu iddialar təbiəti etibarı ilə faktiki xarakter daşısa da, ərizəçilərin özlərindən qaynaqlanmayıb. Bu baxımdan Məhkəmə yada salır ki, xəbərləmənin reportajlara və ya başqalarının üzərində işlənilmiş, yaxud işlənilməmiş ifadələrinin yenidən yayılmasına əsaslandığı durumlarında, ifadələrin jurnalistdən qaynaqlanıb-qaynaqlanmadığına və ya başqalarından sitat olub-olmadığına mütləq fərq qoyulmalıdır (bax: Anatoliy Yeremenko Ukraynaya qarşı, №22287/08, §100, 15 sentyabr 2022-ci il və Timpul Info-Magazin və Anghel Moldovaya qarşı, №42864/05, §36, 27 noyabr 2007-ci il). Hazırkı işdə ərizəçilər iddialarının qaynağı kimi biznes sahiblərinə istinad ediblər və onların “şikayətlərini” ötürüb-təqdim ediblər. K.M.-nin topladığı iddia edilən ümumi məbləğ, ikinci ərizəçinin təxmini hesabladığı 1.800.000 AZN olub və biznes sahiblərinin həmin ifadələrinə əsaslanıb. Ancaq Məhkəmə müşahidə edir ki, daxili məhkəmələr ərizəçilərin sadəcə olaraq, başqalarının K.M. haqqında söylədiklərini ötürdüyü gerçəyini nəzərə almayıb.
16. Məhkəmə həmçinin, məsuliyyətli jurnalistika anlayışının jurnalistlərdən topluma təqdim etdikləri bilgilərin doğruluğunu və etibarlılığını ağlabatan dərəcədə yoxlamağı və peşəkar fəaliyyətlərini həyata keçirərkən qanunlara riayət etməyi tələb etdiyini vurğulayır (bax: Anatoliy Yeremenko, yuxarıda göstərilən, §102). Məhkəmə, bununla əlaqədar olaraq, məhkəmə prosesləri zamanı ikinci ərizəçinin və digər jurnalistlərin iddiaların doğruluğunu dəqiqləşdirmək üçün və olaylarla bağlı versiyasını dinləmək üçün K.M. ilə əlaqə saxlamağa cəhd etdiklərini, lakin bu səylərin uğursuz olduğunu, K.M.-nin iddialarla bağlı mətbuata müsahibə verməkdən imtina etdiyini bildirdiyini müşahidə edir. Məhkəmə eyni zamanda ərizəçilərin sözügedən ticarət mərkəzindəki biznes sahiblərinin 2011-2013-cü illər arasında ticarət mərkəzində artan xərclərə qarşı müxtəlif üsullarla etiraz etmələri barədə təqdim etdiyi sübutları da nəzərə alır; belə ki, 31 mart və 1 aprel 2012-ci il və 19 yanvar 2013-cü il tarixlərində keçirilən etiraz aksiyaları mediada geniş işıqlandırılıb və həmin etirazların video görünütüləri internet üzərindən də yayılıb.
17. Qeyd edilənlərə əsasən Məhkəmə, ərizəçilərin mübahisələndirilən iddiaların doğruluğunu və etibarlılığını əlavə yoxlamağa cəhd göstərdiklərini müəyyən edir və daxili məhkəmələrin öz qərarlarında ərizəçilərin lazımi səyləri göstərməməsini sübut edən uyğun və yetərli əsaslandırma təqdim edə bilmədiklərini təsbit edir (mutatis mutandis, yuxarıda adı çəkilən Azadlıq və Zayidov, §§44-45 və yuxarıda adı çəkilən Anatoliy Yeremenko, §§103-04).
18. Məhkəmə bundan əlavə, yerli məhkəmələrin ərizəçi qəzetin 30.000 AZN, ikinci ərizəçinin isə 2.000 təzminat ödəməsini nəzərdə tutan qərarlarında heç bir əsas təqdim edə bilməməsi barədə ərizəçilərin iddialarını da diqqətə alır. Məhkəmə eyni zamanda Hökumətin ərizəçilərin yerli məhkəmələr qarşısında təyin edilmiş cəzaların mütənasibliyi məsələsini qaldırmadığına dair arqumentini də nəzərə alır. Bununla belə, yuxarıdakı 14-17-ci bəndlərdəki mülahizələr Məhkəmənin daxili məhkəmələrin ərizəçilərin hüquqlarına müdaxiləni haqlı çıxarmaq üçün uyğun və yetərli əsaslar təqdim etmədiyi qənaətinə gəlmək üçün yetərli olduğundan, cəzaların mütənasibliyi məsələsini əlavə araşdırmaya ehtiyac görmür.
19. Məhkəmə yuxarıdakı mülahizələrin işığında şikayət edilən müdaxilənin “demokratik cəmiyyətdə zəruri” olmadığını təsbit edir. Buna görə Konvensiyanın 10-cu maddəsinin pozuntusu baş verib.
KONVENSİYANIN 41-Cİ MADDƏSİNİN TƏTBİQİ
20. Ərizəçi qəzet maddi ziyana görə bank hesabından çıxarılan məbləği əks etdirən 30.500 Azərbaycan manatını (AZN) və iddia edilən mənfəət itkisinə görə 100.000 avro (EUR) tələb edib (o iddia etdi ki, məhkəmə qərarı ilə kompensasiya ödəmək onun qəzetin nəşrini dayandırmasına səbəb olub). O, mənəvi ziyanla bağlı iddia irəli sürməyib.
21. İkinci ərizəçi mənəvi ziyana görə 5.000 avro tələb edib, maddi ziyan əvəzi ilə bağlı iddia irəli sürməyib.
22. Ərizəçilər həmçinin, daxili məhkəmələrdə və Məhkəmə qarşısında çəkdikləri iddia edilən hüquqi xərclərinə görə 6,025 avro tələb ediblər. Onlar 7 iyul 2023-cü il taruxdə Məhkəmədən təmsilçilik xərclərini birbaşa öz nümayəndələri cənab R.Hacılıya ödəməyi xahiş ediblər.
23. Hökumət ərizəçi qəzetin heç bir dəstəkləyici sübut təqdim etmədiyini qeyd edərək, Məhkəmədən maddi ziyanla bağlı iddianın rədd edilməsini xahiş edib. Mənəvi zərərə gəldikdə, Hökumət iddianın həddən artıq və əsassız olduğunu iddia edib. Məhkəmə xərclərinə gəldikdə, Hökumət iddia edilən məbləğə etiraz edərək, ərizəçilərin bu məbləğin miqdarının zəruri və ağlabatan olduğunu göstərə bilmədiyini iddia edib.
24. Ərizəçi qəzetin, onun bank hesabından çıxarılan 30,500 manatla bağlı iddiası ilə bağlı Məhkəmə qeyd edir ki, pulun çıxarılmasını təsdiq edən bank arayışı, sözügedən məbləğin icra məmurunun 16 aprel 2013-cü il tarixli sərəncamı ilə götürüldüyünü göstərir. Ancaq Məhkəmə, hazırkı iş üzrə daxili məhkəmə proseslərinin 22 iyul 2013-cü ildə yekunlaşdığını müşahidə edir. Sözügedən məbləğin ərizəçi qəzetə qarşı başqa qərarın icrası üçün götürüldüyü anlaşılır. Məhkəmə, bu səbəbdən iddianı rədd edir. Bundan əlavə, ərizəçi qəzet hazırkı iş üzrə ona təyin edilmiş maliyyə cəzasının ödənilmiş olmasını təsdiqləyən heç bir sənədli sübut təqdim etməyib.
25. Məhkəmə, itirilmiş mənfəətə görə 100.000 avro məbləğində kompensasiya tələbilə bağlı ərizəçi qəzetin iddia ilə bağlı hər hansı sənədli sübut təqdim etmədiyini qeyd edir; buna görə, rədd edilməlidir.
26. Məhkəmə, dəymiş mənəvi zərərlə bağlı olaraq ikinci ərizəçinin yalnız pozuntunun müəyyən edilməsi ilə kompensasiya edilə bilməyəcək mənəvi zərərə məruz qaldığı düşüncəsindədir. Ədalətli əsaslar üzərində qiymətləndirmə aparan Məhkəmə, ikinci ərizəçiyə bu başlıq üzrə hər hansı vergi məbləği də əlavə olmaqla 2.000 avro məbləği təyin edir.
27. Məhkəmə əlində olan sənədləri nəzərə alaraq, yerli məhkəmələrdə və Məhkəmə qarşısındakı xərc və məsrəflərə görə tutula biləcək hər hansı vergi məbləğləri də daxil olmaqla, birbaşa ərizəçilərin nümayəndəsi cənab R.Hacılıya ödənilməsi üçün 2000 avro məbləğinin təyin edilməsini məqsədəuyğun hesab edir.
BU ƏSASLARA GÖRƏ, MƏHKƏMƏ, YEKDİLLİKLƏ,
1. Bəyan edir ki, ərizə qəbulediləndir;
2. Qərar verir ki, Konvensiyanın 10-cu maddəsinin pozuntusu baş verib;
3. Qərar verir ki,
(a) cavabdeh Dövlət, qərarın qüvvəyə mindiyi tarixdən üç ay müddətində aşağıdakı məbləğdə təzminatı ödəmə tarixində keçərli olan məzənnəyə uyğun olaraq, cavabdeh dövlətin valyutasına mübadilə edirək ərizəçilərə ödəməlidir:
(i) ikinci ərizəçiyə tutula biləcək hər hansı vergi məbləği daxil olmaqla, mənəvi ziyana görə 2,000 avro (iki min avro);
(ii) ərizəçilərə birlikdə tutula biləcək hər hansı vergi məbləği daxil olmaqla hüquqi xərc və məsrəflərlə bağlı birbaşa onların təmsilçiləri R.Hacılının bank hesabına köçürülməsi üçün 1,500 avro (min beş yüz);
(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğə görə, Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;
4. Ərizəçilərin ədalətli əvəz tələbinin qalan hissəsini rədd edir.
Qərar Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2 və 3-cü bəndlərinə uyğun olaraq, ingilis dilində tərtib olunub və 21 noyabr 2024-cü il tarixdə yazılı olaraq açıqlanıb.
Liv Tigerstedt Raffaele Sabato
İclas Katibi Sədr