Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, noyabrın 14-də Azərbaycanla bağlı 5 qərar və qərardadını elan edib. 10 ərizə üzrə çıxarılmış bütün qərarlarda ərizəçilərə təzminat ödənilməsi nəzərdə tutulur.
Əfqan Məmmədov Azərbaycana qarşı
Bu məhkəmə işi ərizəçinin 2013-cü ildə Vəkillər Kollegiaysı üzvlüyündən xaric edilməsi ilə bağlıdır. Başqa bir vəkili korrupsiyada, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, xüsusilə də istintaq orqanlarına vəkil orderi satmaqda ittiham edib Vəkillər Kollegiyasının Rəyasət Heyətinə şikayət etməsindən sonra Ərizəçiyə qarşı intizam işi qaldırılıb. Ərizəçi Rəyasət Heyətinin və onun sədrinin legitimliyini şübhə altına alaraq, intizam icraatında şəxsən iştirak etməkdən imtina edib. Rəyasət Heyəti ərizəçinin hərəkətlərinin vəkil peşə etikası ilə bir araya sığmadığı rəyinə gəlib, milli məhkəmələr də həmin nəticəyə qatılıb.
Xüsusilə Konvensiyanın 10-cu maddəsinə (ifadə azadlığı) əsaslanan ərizəçi iddia edirdi ki, ona qarşı intizam icraatı və vəkillikdən kənarlaşdırılması hüquqlarını pozub. Konvensiyanın 46-cı maddəsinə əsaslanan ərizəçi, Avropa Məhkəməsindən vəkilliyə bərpa olunmasını təmin etməsini istəyirdi.
AİHM bu işdə ərizəçiyə münasibətdə ifadə azadlığı hüququnun pozuntusunu tanıyıb. Qərara əsasən, ərizəçiyə mənəvi zərər əvəzi 5 min, xərc və msərəflər əvəzi 1000 avro ödənilməlidir.
Ərizəçinin kollegiyaya bərpa olunması tələbinə gəlincə, məhkəmə bunu təmin etməyi AİHM-in qərarlarının icrasına nəzarət edən Avropa Şurası Nazirlər Komitəsinin öhdəsinə buraxıb: “Dövlətlər, tərəf olduqları istənilən iş üzrə Məhkəmənin yekun qərarlarına riayət etmək öhdəliyi götürüblər, bu öhdəliyin icrasına Nazirlər Komitəsi nəzarət edir. Hazırkı işdə, ərizəçinin əvvəlki vəziyyətinə barpa olunmasına nail olmaq üçün Nazirlər Komitəsi görüləcək xüsusi tədbirləri qiymətləndirmək üçün Məhkəmədən daha yaxşı mövqeyə malikdir. Beləliklə, cavabdeh dövlətin təqdim etdiyi məlumatlar əsasında və ərizəçinin vəziyyətini nəzərə alaraq, digərləri ilə yanaşı, onun peşəkar fəaliyyətinin bərpasına yönəlmiş tədbirlərin görülməsinə nəzarət olunması Nazirlər Komitəsinə həvalə edilməlidir”, məhkəmə qərarında vurğulayıb.
Ərizəçini AİHM qarşısında vəkil Elçin Sadıqov təmsil edib.
Əli Kərimli və digərləri Azərbaycana qarşı;
Bu məhkəmə işi 2018-ci ilin dekabr ayında Bakıdakı “Hüseyn Cavid” parkından parlament binasına doğru dinc aksiyanın keçirilməsinə icazə verilməməsi ilə bağlıdır.
Ərizəçilər – Əli Kərimli, İlham Hüseynov, Vahid Məhərrəmov, Nurəddin Məmmədli və Emil Salimov Konvensiyanın 11-ci maddəsinə əsaslanaraq, dinc toplantıların keçirilməsinin qadağan edilməsindən və ya kütləvi tədbirlərin keçirilmə yeri, vaxtı və ya üsulu ilə bağlı məhdudiyyətlərin qanunsuzluğundan şikayət etmişdilər.
Məhkəmə bu ərizə ilə bağlı qərarında hesab edib ki, ərizəçilərin sərbəst toplaşmaq azadlığına edilmiş müdaxilə ya Avropa Konvensiyasının “qanunun keyfiyyəti” ilə bağlı tələblərinə cavab verməyən qanunların müddəalarına əsaslanıb, ya da “demokratik cəmiyyətdə zəruri” olmayıb. Ona görə də ərizəçilərə münasibətdə Konvensiyanın 11-ci maddəsinin pozunlduğunu elan edib.
Qərara əsasən, ərizəçilərin hər birinə mənəvi zərər əvəzi 1500, xərc və məsrəf əvəzi 250 avro ödənilməlidir.
Ərizəçini AİHM-də vəkil Fariz Namazlı təmsil edib.
Tofiq Yaqublu və başqaları Azərbaycana qarşı
Bu məhkəmə işi dinc aksiya iştirakçısı olan ərizəçilərə qanunsuz və qeyri-mütənasib tədbirlərin tətbiqi iddiaları ilə bağlı idi. Konvensiyanın 5-ci, 6-cı və 11-ci maddələrinə əsaslanan ərizəçilər barələrindəki inzibati icraatın qurama, məhkəmə prosesinin ədalətsiz olmasından şikayət etmişdilər.
Ərizələrin kommunikasiyası zamanı AİHM-ə təktərəfli bəyannamə təqdim edən hökumət, iddia olunan pozuntuları etiraf edərək, ərizəçilərə təzminat ödəməyi təklif edib.
AİHM-in qərardadına görə, hökumət ərizəçilərdən Tofiq Yaqubluya (1-ci ərizə) 3500, Fuad Qəhrəmanlı, Tofiq Yaqublu (2-ci ərizə), Razim Əmiraslanlı və Qoşqar Nurəliyevin hər birinə 2340 avro mənəvi zərər əvəzi ödəməlidir. Hər ərizəyə görə, həmçinin, 225 avro hüquqi xərclər əvəzi ödənilməlidir.
Ərizəçini AİHM-də vəkil Nemət Kərimli təmsil edib.
Rəhim Vəliyev və Yusif Qarayev Azərbaycana qarşı
Bu işdə hər iki ərizəçi inzibati qaydada saxlanılmış, daha sonra məhkum edilmişdilər. Yerli məhkəmələr ərizəçilərin barələrindəki inzibati icratın qanunsuzluğu ilə bağlı iddialarını rədd etmişdilər. Onlar AİHM qarşısında hər hansı inzibati xətaya yol vermədiklərini, şərlənib həbs olunduqlarını, məhkəmələrin qərarlarının heç bir əsas olmadan onları məhkum etdiyini iddia edirdilər.
Digər iddiaları mahiyyəti üzrə araşdırmağa ehtiyac görməyən AİHM ərizəçilərə münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına qərar verib. Qərara əsasən, ərizəçilərin hər birinə mənəvi zərər, xərc və məsrəf əvəzi 1250 avro ödənilməlidir.
Ərizəçini AİHM-də vəkillər Zibeydə Sadıqova və Nemət Kərimli təmsil edib.
Vüqar Rzalı Azərbaycana qarşı
Məhkəmə işi ərizəçinin İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən “polis əməkdaşının qanuni əmrini yerinə yetirmədiyinə görə” inzibati qaydada həbs edilməsi ilə bağlıdır. İşin hallarına görə, ərizəçi Facebook-da paylaşdığı yazılarında yüksək rütbəli polis məmurlarını təhqir etdiyi iddiası ilə polis bölməsinə “dəvət olunub”. O, arxasınca gələn polislərlə bölməyə getməməklə “polislərin əmrinə tabe olmamaqda” ittiham olunurdu. Cəlilabad Rayon Məhkəməsi 12 iyul 2018-ci il tarixdə ərizəçinin İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə günahkar bilib və ona 20 sutkalıq inzibati həbs cəzası verib. Şirvan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Konvensiyanın 5-ci, 6-cı və 10-cu maddələrinə əsaslanan ərizəçi ölkədaxili icraatların ədalətsizliyindən və onun ifadə azadlığı hüququnu pozmasından şikayət etmişdi.
Bu ərizənin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar. Həmin anlaşmaya əsaslanan qərardada görə, hökumət ərizəçiyə 2500 avro məbləğində mənəvi zərər, xərc və məsrəf əvəzi ödəməlidir.
Ərizəçini məhkəmədə vəkil Əlibaba Rzayev təmsil edib.