Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, oktyabr ayının 24-də Azərbaycandan göndərilmiş 17 ərizə üzrə 5 qərar və qərardadını elan edib. Ərizələrin hamısında iddia olunan pozuntular tam və ya qismən tanınıb. Bir işdə hökumət iddia olunan pozuntuları etiraf edib.
Seymur Həziyev Azərbaycana qarşı
Məhkəmə işi jurnalist olan ərizəçin in xuliqanlığa görə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıdır. İşin hallarına görə, 2014-cü ilin avqustunda ərizəçi ilə tanımadığı M.H. arasında insident baş verib. M.H. küçədə ərizəçiyə yaxınlaşıb, ondan Facebook vasitəsilə göndərdiyi mesajlara niyə cavab vermədiyini soruşub. Ərizəçi yəqin ki, onun mesajlarını görmədiyini bildirib, bu cavabdan sonra M.H. ərizəçiyə hücum edib, sifət nahiyəsinə yumruqla zərbə endirib. Ərizəçi özünü müdafiə edib, M.H-ni su qabı ilə vurub, hadisə yerini tərk edib. O, yaxındakı polis maşınındakı polis əməkdaşlarından kömək istəyib. Ərizəçi iddia edib ki, olay qurama olub, tənqidi mövqeyi ilə tanınan onu şərləmək məqsədi daşıyıb.
Hadisənin araşdırması zamanı ərizəçiyə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb və o, məhkəməyə qədər həbs edilib. Məhkəmə ərizəçini təqsirli sayaraq, 5 il müddətinə azadlqıdan məhrum edib. Yuxarı məhkəmələr həmin hökmü dəyişməyib.
Barəsindəki bütün icraatların ədalətsiz və özbaşına olduğunu iddia edən ərizəçi AİHM qarşısında ədalətli məhkəmə araşdırması və ifadə azadlığı hüququnun pozuntusunu mübahisələndirmişdi. AİHM məhkəmə prosesinin ədalətsiz və özbaşına məzmun daşıması iddialarını qəbul edib, ərizəçinin Konvemsiyanın 6-cı maddəsi ilə qorunan haqlarının pozulmassına qərar verib. Qərara əsasən, ərizəçiyə ümumilikdə, 4600 avro mənəvi zərər, xərc və məsrəf əvəzi ödənilməlidir.
Hafiz Babalı və başqaları başqaları Azərbaycana qarşı
Məhkəmə işi ərizəçilərin ictimai toplantı keçirməsinə icazə verilməməsi, habelə, bununla bağlı məhkəməyə çıxış imkanlarının önlənməsi ilə bağlıdır.
Ərizəçilər 2008-ci ilin sentyabr ayında Bibiheybət qəsəbəsindəki stadionda ədalətsiz məhkəmə qərarlarına etiraz etmək məqsədilə dinc aksiya keçirmək üçün müracitə ediblər, Bakı şəhər İcra Hakimiyyəti isə buna icazə verməyib. Nəticədə aksiya baş tutmayıb. Ərizəçilər məhkəmədə iddia qaldırblar, ancaq əvvəlcə Səbail rayon Məhkəməsi, ardınca, Bakı Apelyasiya Məhkəməsi onların şikayətlərini rədd edib. Sonrakı mərhələdə ərizəçilərin kassasiya şikayəti şikayət vermə müddəti ötdüyü üçün qəbuledilməz hesab edilib. Müddətin ötürülməsi ərizəçilərə dövlət heasbına vəkilin ayrılması prosesinin uzun sürməsi ilə bağlı olub. Nəticəədə ərizəçilərin kassasiya şikayətinə mahiyyəti üzrə baxılmayıb.
Ərizəçilər AİHM qarşısında ədalətli məhkəmə araşdırması və toplaşmaq hüququnun pozuntusunu mübahisələndirmişdi. AİHM iddia edilən hər iki pozuntunu tanıyıb. Qərara əsasən, ərizəçilərə (H.Babalı, Məmməd Əhmədov, Fəxrəddin Allahverdiyev, Cahangir İsmayılov, Vüqar İsmayılov) birlikdə 5 min 800 avro mənəvi zərər, 1500 avro xərc və məsrəf əvəzi ödənilməlidir.
Ərizəçiləri məhkəmə qarşısında hüquqşunaslar İ.Əliyev və N.Əliyeva təmsil edib.
Hacıbaba Əzimov və başqaları Azərbaycana qarşı
Bu məhkəmə işi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə yeni park komplekslərinin tikintisi zamanı park salınacaq ərazilərdəki yaşayış və qeyri-yaşayış sahələrinin, sakinlərin köçürülməsi zamanı pozuntulara yol verilməsi ilə bağlı idi.
Qeyd olunan ərazilərdə əmlakı olan ərizəçilər sökülmə-köçürülmə prosesi zamanı onların Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi həyata hörmət) və habelə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə (mülkiyyət hüququ) qorunan hüquqlarının pozulmasından şikayət edirdilər.
AİHM ərizəçilər H.Əzimov, Malik Əliyev, Famil Qasımov, Malik Musayev (1), Elşad Məlikzadə, Malik Musayev (2), Elnur Hüseynova münasibətdə mülkiyyət hüququnun pozuntusunu tanıyıb. Məhkəmə həmçinin, barəsindəki daxili məhkəmə qərarlar icra edilməməsi səbəbindən Malik Musayevin hər iki işində ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına qərar verib.
Məhkəmə bu işdə ədalətli əvəzin müəyyən edilməsi ilə bağlı qərar verməyə hazır olmadığını ifadə edib, tərəflərə razılaşma üçün 3 ay vaxt verib. Həmin müddət çərçivəsində razılaşma olmazsa, ədalətli əvəzin ödənilməsi ilə bağlı qərar veriləcək.
Ərizəçilər AİHM qarşısında ümumilikdə, 2 milyon 101 min 602 manat, 1 milyon 715 min 829 avro məbləğində maddi, mənəvi, hüquqi xərclər və əldən çıxmış fayda əvəzi təzminat tələbi irəli sürüblər.
Ərizəçiləri məhkəmə qarşısında vəkil və hüquqşunaslar Sadiq Bağırov, Şəfa Camalzadə, Nemət Heydərov və Sevinc Əliyeva təmsil edib.
Ağayev və Zülfüqarzadə Şirkəti Azərbaycana qarşı
Ərizə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ərizəçi şirkətin və iki fiziki şəxsin şərikli mülkiyyətində olan evin və onun altındakı və ona əlavə edilmiş torpaq sahəsinin qanunsuz olaraq özgəninkiləşdirilməsi iddiaları ilə bağlı idi. Özgəninkiləşdirmə “Qış parkı” bağ-park kompleksinin tikintisi zamanı həyata keçirilmişdi.
Ərizəçi şirkət BŞİH-ə və digər dövlət orqanlarına qarşı özgəninkiləşdirmə üçün əsas olan inzibati aktların etibarsız hesab edilməsi və maddi və mənəvi ziyana görə kompensasiya təyin edilməsi tələbi ilə iddia qaldırmış, yekunda özgəninkiləşdirilmiş sahənin hər kv.m-i üçün ərizəçiyə 1500 Azərbaycan manatı məbləğində kompensasiyanın ödənilməsinə qərar verilmişdi. Ancaq həmin qərar icra edilməyib.
Ərizəçi şirkət ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqununun pozulmasından şikayət etmişdi. Həmçinin, üzləşdiyi pozuntulara qarşı effektiv müdafiə vasitələrinə malik olmadığını mübahisələndirmişdi.
AİHM bu işdə mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulmasına qərar verib.
Ərizəçi məhkəmə qarşısında ümumilikdə 800 min avro məbləğində maddi və mənəvi zərər əvəzi tələb edib. Ədalətli əvəzin müəyyən edilməsi ilə bağlı qərar verməyə hazır olmayan məhkəmə, tərəflərə razılaşma üçün 3 ay vaxt verib. Həmin müddət çərçivəsində razılaşma olmazsa, ədalətli əvəzin ödənilməsi ilə bağlı qərar veriləcək.
Ərizəçiləri AİHM qarşısında vəkil Fuad Ağayev təmsil edib.
Namizəd Səfərov və başqaları Azərbaycana qarşı
Bu işdə 7 ərizə birləşdirilib. AİHM-ə 2021-ci ildə təqdim edilmiş ərizələrdə ərizəçilər, dinc toplantıların keçirilməsinə imkan verilməməsi və başqa məhdudiyyətlərin onların Konvemsiyanın 11-ci maddəsi ilə təminat altına alınan toplaşmaq hüququnu pozmasından şikayət etmişdilər. Ərizəçilər həmçinin, iddia etdikləri pozuntulara qarşı effektiv müdafiə vasitələrinə malik olmadıqlarını mübahisələndirmişdilər.
AİHM bu işdə kommunikasiya zamanı hökumətin təqdim etdiyi təktərəfli bəyannaməni qəbul edib. Hökumət həmin bəyannamədə iddia olunan pozuntuları etiraf edib, ərizəçilərə ədalətli əvəz ödəmək öhdəliyi götürüb. Qərardada əsasən, ərizəçilərdən Aygül Cəfərova, Rəbiyyə Məmmədova və Gülnarə Mehdiyevaya birlikdə 1350 avro məbləğində mənəvi zərər, 225 avro məbləğində xərc və məsrəflər əvəzi ödənilməlidir. Digər işlərdə ərizəçilərdən Vəfa Rüstəm, Rəbiyyə Məmmədova, Nurəddin Məmmədli, Eldəniz Quliyev, Rövşən Əhmədli və Namizəd Səfərovun hər birinə 1350 avro məbləğində mənəvi zərər, 225 avro xərc və məsrəf əvəzi ödənilməlidir.
Ərizəçiləri AİHM qarşısında vəkil və hüquqşunaslar A.Layic və J.Bayramova təmsil edib.