Hesabat: Avropa Şurası məkanında ən az vəkil Azərbaycandadır

Bu gün, oktyabrın 16-da Avropa Şurası qurumu olan Ədalətin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) Şura ölkələrinin ədliyyə sistemlərinin durumu ilə bağlı periodik hesabatını təqdim edib. “Avropa ədliyyə sistemi” adlanan sənəd iki ildə bir dəfə hazırlanıb-təqdim edilir. Sənəd 2022-ci ilə qədər olan bilgilərə əsaslanır.

Ədliyyə sisteminə hansı ölkə nə qədər xərcləyir?

(Ədliyyə büdcəsi dedikdə, məhkəmələrə, prokurorluğa və hüquqi yardıma ayrılan vəsaitlər nəzərdə tutulur)

2022-ci ilin məlumatlarına görə, Avropa ölkələrində ədliyyə sisteminə adambaşına ortalama 85.4 avro xərclənib (2020-ci ildə 78,09). Ədliyyə sisteminə ən çox pul xərcləyən ölkələr İsveçrə (245 avro), Monako (217 avro) və Lüksemburqdur (193 avro).

Ən az xərcləyən ölkələr sırasında birinci Gürcüstandır – 14.5 avro, bu ölkədə illik xərcləmədə azalma qeyd olunur. Ədliyyəyə az pul xərcləyən ölkələrin sıralamasında sonra Türkiyə (15.6 avro), Albaniya (15.8 avro), Ermənistan (17 avro) və Azərbaycan (17.7 avro) gəlir.

Avropa ölkələri ədliyyə sisteminə ayrıdıqları büdcənin təxminən 3-də 2-ni məhkəmələrə, yüzdə 25-ni prokurorluğa, yerdə qalan qəpik-quruşu vətəndaşlara hüquqi yardıma xərcləyirlər. Hər fərdə ortalama 50.6 avro məhkəmə, 18.6 avro prokurorluq xərci düşür. Hüquqi yardıma qalan ortalama məbləğ 10 avro təşkil edir. Türkiyə hüquqi yardıma adambaşına 1.15 ayırıb, bu aşağı göstəricidir. Hüquqi yardıma ən çox İngiltərə, Uels və İrlandiya (59.3 avro) ayırıblar.

Azərbaycanın 2022-ci ildə ədliyyə büdcəsi 178 049 918 avro təşkil edib. Bu, hər fərd üçün 17,7 avro deməkdir ki, bu da AŞ ortalamasından xeyli aşağıdır. Bununla belə, ədliyyə büdcəsi 2020-ci illə müqayisədə hər üç kateqoriya (məhkəmələr, prokurorluq, hüquqi yardım) və xüsusilə də məhkəmələr və hüquqi yardım üçün artıb. Ədliyyə büdcəsi ÜDM-in 0,24%-ni təşkil edib, bu da AŞ ortalamasından aşağıdır.

prokurorluq sisteminin büdcəsi

Prokurorluq büdcəsi ölkədən-ölkəyə fərqlənir, ancaq orta hesabla ədliyyə büdcəsinin təxminən 25%-ni təşkil edir. Prokurorluğa ən çox büdcə ayıran ölkələr Kipr (62%), Ukrayna (45%), Albaniya (41%), Azərbaycan, Bolqarıstan, Moldovadır (hamısı 38%). Ədliyyə büdcəsindən prokurorluğa ən az büdcəni Norveç (7%), İspaniya (8%) və Malta (9%) ayırıb.

Prokurorluğun büdcəsinin inkişafına baxanda 2020-2022-ci illər aralığında demək olar ki, bütün ölkələr xərclərini artırıblar – orta artım 12%. Yalnız üç üzv ölkə (Xorvatiya, Danimarka, Portuqaliya) və müşahidəçi dövlət (İsrail) prokurorluq xərclərini artırmayıb. Ən iri artım Kiprdə (194%), Azərbaycanda (104%) və Gürcüstanda (46%) müşahidə edilib. Kiprdəki artım prokurorluq orqanlarında aparılan əsaslı yenidənqurma ilə bağlı olub.

hüquqi yardım xərcəmələri

Ədliyyə büdcəsindən hüquqi yardıma ən çox vəsait yönəldən ölkə Böyük Britaniyadır. Hüquqi yardıma Şimali İrlandiyada ümumi ədliyyə büdcəsinin 42,0%-ni, Şotlandiyada isə 26,5%-ni yönəldiblər. Şimali Avropa ölkələri hər zamankı kimi hüquqi yardım ənənəsini qoruyub saxlayır: Norveç (37,1%), Danimarka (27,0%) və İsveç (25,5%).

2020-2022-ci illərdə hüquqi yardım büdcəsi əksər ölkələrdə, o cümlədən, Azərbaycanda artıb. Azərbaycandakı artımın COVID-19 sonrası şikayətlərin artması ilə bağlı olduğu bildirilir.

ən çox-az hüquq yardımı göstərənlər

Finlandiya, Hollandiya, Norveç və Şimali İrlandiya hər iş üzrə vətəndaşa ən yüksək məbləği ayırır. Bir işə İrlandiya 1772, Finlandiya 1223, Niderland 1856, Norveç 3099 avro hüquqi yardım xərci ayırıb. Azərbaycanda göstərilən hüquqi yardımın dəyəri 73 avro təşkil edib.

Litva, İspaniya və Şimali İrlandiya hüquqi yardım göstərilən işlərin həcminə görə ən səxavətli ölkələr sırasındadır. Litvada hər 100 min nəfərdən 2184-nə, İspaniyada 4167-nə, İrlandiyada isə 3349-na hüquqi yardım göstərilir.

Azərbaycanda hər 100 min nəfərdən 461-nə hüquqi yardım göstərilir, bu, ən aşağı 6 göstəricidən biridir. Serbiya ən pis göstəriciyə sahibdir.

ƏDLİYYƏ İŞÇİLƏRİ

hakimlər

Avropada ortalama hər 100 min əhaliyə 22 hakim düşür. Ən aşağı göstərici İngiltərə və Uelsdədir – hər 100 minə 3 hakim. Ən yüksək göstəriciyə Monako sahibdir – hər 100 minə 102 hakim. Türkiyədə hər 100 min əhaliyə 17.4 hakim düşür.

Azərbaycanda hər 100 min əhaliyə 5.4 hakim düşür, AŞ ortalamasından xeyli aşağı. Bu gösərici İrlandiyada 3,7, Şotlandiyada 3.6, Ermənistanda 10, Gürcüstanda 9,1 təşkil edir.

Avropada hakimlərin 57 faizini qadınlar təşkil edir (Avropada 2012-ci ildə hakimlərin 49%-i qadın idi). Üstəlik 2022-ci ildə yeni işə götürülənlərin 62 faizini qadınlar təşkil edib.

Ən yuxarı göstərici Latviya və İsveçdədir, bu ölkələrdə hakimlərin 81 faiz qadındır. Maltada isə bütün hakimlər qadınlardır. Türkiyədə hakimlərin 47 fazi qadınlardır. Azərbaycana gəlincə, hakimlərin 20 faizi qadındır, bu, AŞ məkanında ən aşağı göstəricidir. Sonrakı yerdə Şotlandıya (28%) və Uels (34%) gəlir.

prokurorlar

Avropada ortalama hər 100 min əhaliyə 12.2 prokuror düşür. Məsələn, Fransada hər 100 minə 3, Moldovada 24 prokuror düşür. Türkiyədə bu göstərici 8,7 təşkil edir. Azərbaycanın göstəricisi AŞ standartlarına tam uyur – hər 100 min nəfərə 12.2 prokuror.

Avropada prokurorların 54 faizi qadındır. Ən çox qadın prokuror Kiprdədir – 73 faiz. Estoniya prokurorların 70, Şotlandiyada isə 68 faizi xanımlardır.

AŞ məkanında ən az qadın prokuror Azərbaycandadır – bütün prokurorların 7 faizi. Sonrakı yerlərdə Türkiyə (16%), Ermənistan (20%) və Gürcüstan (34%) gəlir.

HAKİM PROKUROR MAAŞLARI

Avropada hakimlərin maaşları ölkəyə görə fərqlənir. Ancaq ümumilikdə hakimlər orta milli maaşdan 2,5 qat çox, karyerasının sonuna gələn hakimlərsə 4,9 qat artıq maaş alır. Prokurorlarda bu artım 1,9 qat və 3,7 qat təşkil edir. Hakimlərin orta illik gəliri yeni başlayanlarda 60 min 750, karyer sonunda 115 min avro təşkil edir.

Yeni başlayan hakimlər illik ən çox Şotlandiyada qazanırlar – 166 min avro. Karyerasının qürubuna çatan hakimlərsə çox İsveçrədə qazanırlar – 356 min avro.

Hakimlər Türkiyədə başlanğıcda 16 min, karyer sonu 29 min 370 avro alır. Azərbaycanda hakimlərin başlanğıcda orta illik maaş 37 min 416, karyeralarının sonunda isə 50 min 798 avro təşkil edir.

VƏKİL SAYI

Vəkil sayına gəlincə, Avropada ortalama hər 100 min nəfərə 180 vəkil düşür. Ən yüksək göstəriciyə Kipr sahibdir hər yüz min nəfərə 505 vəkil. Müşahidəçi dövlət İsraildə hər 100 minə 807, Türkiyədə 205 vəkil düşür. Bu kateqoriyada ən aşağı göstərici Azərbaycana məxsusur, hər 100 min nəfərə 23 vəkil. Sənəddə həmçinin, 2012-2022-ci illər aralığında Azərbaycanda vəkillərin sayının 100%-dən çox artdığı da vurğulanır.

AŞ ölkələrinin 28%-də 100.000 nəfərə düşən vəkil sayı 100-dən az, 39%-də 100-200 arası, 33%-də isə 200-dən çoxdur.