№8826/20 FARİZ NAMAZLI AZƏRBAYCANA QARŞI – 20 İYUN 2024-CÜ İL

© tərcümə – aihmaz.org

 

BİRİNCİ BÖLMƏ

 

 

FARİZ NAMAZLI AZƏRBAYCANA QARŞI

(Ərizə №8826/20)

 

 

Qərar

Strasburq

20 iyun 2024-cü il

 

Bu qərar Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndində göstərilən hallarda qəti olacaq, ona redaktə xarakterli düzəlişlər edilə bilər

Namazlı Azərbaycana qarşı işində,

Avropa İnsan Haqları Məhkəməsinin (Birinci Bölmə) Palatası aşağıdakı heyətdən ibarət tərkibdə toplaşaraq:

Marko Boşnjak, Sədr
Alena Poláčkova,
Krzysztof Wojtyczek,
Lətif Hüseynov,
İvana Jelić,
Gilberto Feliçi,
Erik Wennerström, hakimlər,
və Ilse Freiwirth, İclas katibi,

Azərbaycan Respublikasının vətəndaşı cənab Fariz Mübariz oğlu Namazlının İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın (“Konvensiya”) 34-cü maddəsinə əsasən Azərbaycan Respublikasına qarşı 30 yanvar 2020-ci il tarixdə verdiyi ərizəni (№ 8826/20);

Konvensiyanın 6, 8 və 13-cü maddələri ilə bağlı şikayətlər barədə Azərbaycan Hökumətinə (“Hökumət”) məlumat verilməsi və ərizənin qalan hissəsinin qəbuledilməz elan edilməsi haqqında qərarı;

tərəflərin təqdimatlarını;

nəzərə alaraq:

28 may 2024-cü il tarixdə müzakirə aparıb,

Həmin tarixdə qəbul edilmiş aşağıdakı qərarı elan edir:

 

GİRİŞ

1. Ərizə əsasən vəkil olan ərizəçiyə aid olan sənədlərinin yoxlanılması və müdafiə etdiyi şəxsin həbsxanda görüşmələrindən sonra ona verdiyi yazılı ifadənin götürülməsi iddiaları ilə əlaqəlidir. Ərizədə Konvensiyanın 8-ci maddəsi çərçivəsində məsələlər qaldırılır.

FAKTLAR

2. 1982-ci il doğumlu Ərizəçi Sumqayıt şəhərində yaşayır, məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən vəkillər cənab Y.İmanov və cənab N.Kərimli tərəfindən təmsil olunub.

3. Hökuməti onun səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil edib.

4. İşin faktiki halları tərəflərin təqdim etdiklərinə əsasən, aşağıdakı kimi ümumiləşdirilə bilər.

5. Hüquqşunas olan Ərizəçi Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür, o, A.H. adlı müvəkkilini cinayət işində daxili məhkəmələrdə və Avropa İnsan Hüquqları Məhkəməsində (“Məhkəmə”) təmsil edib.

6. Ərizəçi 10 avqust 2018-ci il tarixdə məhkəmədəki işləri ilə bağlı bəzi məsələləri həbsxanada cəza çəkən A.H. ilə müzakirə etmək məqsədilə Qobustan Həbsxanasına gedib.

7. Ərizəçiyə görə, A.H. ilə görüşməsinə yalnız həbsxananın girişində onun sənədləri yoxlanıldıqdan sonra icazə verilib. O, sənədlərinin yoxlanılmasına etiraz edib və bunun qanunsuz olduğunu bildirib. Lakin həbsxana işçiləri onun etirazlarını görməzdən gəliblər. Ərizəçi görüş zamanı A.H. ilə müxtəlif məsələləri müzakirə edib, müvəkkili ona Məhkəməyə təqdim edilməsi üçün beş səhifəlik yazılı ifadəsini verib.

8. Görüş başa çatdıqdan sonra həbsxana personalı həbsxananı tərk etmək üzrə olan ərizəçini təkrar yoxlayıblar, üzərində axtarış aparıblar. Ərizəçi buna etiraz edib, amma onun etirazları görməzdən gəlinib. Sənədlər yoxlanılarkən A.H.-nin verdiyi yazılı ifadə həbsxana müdirinə göstərilməsi üçün ərizəçidən götürülüb. Təxminən otuz dəqiqə sonra ərizəçiyə bildirilib ki, həbsxana müdirinin göstərişi üzrə ifadə ona geri verilməyəcək. Yazılı ifadənin ərizəçidən götürülməsi ilə bağlı hər hansı protokol və ya başqa sənəd tərtib olunmayıb.

9. Ərizəçi 11 avqust 2018-ci il tarixdə Qobustan Həbsxanasının əməkdaşlarının onun sənədlərini həbsxananın giriş-çıxışında qanunsuz olaraq yoxlamasından və müvəkkilinin ona verdiyi sənədi götürməsindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə şikayət edib. Şikayətində iddia edib ki, həbsxana personalı tərəfindən məruz qaldığı davranışlar onun vəkil hüquqlarını və müvəkkili ilə imtiyazlı əlaqə hüququnu pozub.

10. Ərizəçi elə həmin tarixdə sənədlərinin yoxlanılmasından və müvəkkilinin yazılı ifadəsinin Qobustan Həbsxanası personalı tərəfindən götürülməsindən həm də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət edib. Ərizəçi şikayətində məruz qaldığı davranışların məxfilik prinsipinin pozuntusunu təşkil etdiyini və qanuna zidd olmasını xüsusi vurğulayıb.

11. Penitensiar Xidmət ərizəçiyə 11 sentyabr 2018-ci il tarixdə məktubla cavab verib. Məktubda bildirilib ki, şikayət araşdırılıb, həbsxana personalının A.H.-ya məxsus hər hansı sənədi götürməsi və ya orada A.H.-nın ərizəçi ilə konfidensial ünsiyyət qurmasına hər hansı müdaxilə edilməsi halı təsbit edilməyib.

12. İş materiallarında olan sənədlərdən 20 sentyabr 2018-ci il tarixdə Qobustan Həbsxanasının rəisinin ərizəçinin məhkəmədə baxılan şikayəti ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə məktub göndərdiyi görünür. Məktubda ərizəçinin 10 avqust 2018-ci il tarixdə Qobustan Həbsxanasına gəldiyi, müvəkkili A.H. ilə saat 12:35-dən 17:20 -dək görüşdüyü ifadə edilib, onun çantasındakı sənədlər senzuradan keçirilməyib, sadəcə, çantaya ümumi baxış keçirilib. A.H. tərəfindən yazılmış hər hansı şikayət və ya ifadə həbsxana personalı tərəfindən götürülməyib.

13. Ərizəçi 14 oktyabr 2018-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə vəsatət təqdim edib, xahiş edib ki, sənədlərinin yoxlanıldığı və yazılı ifadənin götürüldüyü həbsxana nəzarət-buraxılış məntəqəsindəki təhlükəsizlik kameralarının video qeydləri istənilsin. Ərizəçi bununla yanaşı, müvəkkili A.H.-nın də məhkəmədə şahid qismində dindirilməsini xahiş edib. Qobustan Həbsxanasının rəisinin 20 sentyabr 2018-ci il tarixli məktubunun məzmununa da etiraz edən ərizəçi, onu da bildirib ki, məktubda göstərildiyinin əksinə olaraq, həbsxana personalının mübahisələndirilən davranışına məruz qalan vaxt onun yanında çanta olmayıb, sənədləri əlində tutub. Ərizəçi həmçinin, həbsxana personalının onun üzərindəki sənədləri oxuyaraq yoxlaması, müvəkkilinin verdiyi yazılı ifadəni götürməsi barədə iddialarını təkrarlayıb.

14. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 5 mart 2019-cu il tarixdə ərizəçinin iddiasına baxılmasının qeyri-mümkün olması barədə qərar qəbul edib. Qərar, ərizəçinin cavabdeh tərəfindən yoxlanmaya məruz qalması, onun sənədlərinin senzuradan keçirilməsi və müvəkkili tərəfindən ona verilmiş yazılı ifadənin götürülməsi iddialarını dəstəkləyən sübutlar təqdim etməməsi ilə əsaslandırılıb.

15. Aşağı instansiya məhkəməsinin onun şikayətinə baxmaqdan imtinasının qanunsuz olduğunu əsas gətirən ərizəçi, həmin qərardan 16 mart 2019-cu il tarixdə apellyasiya şikayəti verib.

16. Bakı Apellyasiya Məhkəməsi 25 aprel 2019-cu il tarixdə ərizəçinin şikayətini rədd edib.

17. Ərizəçi 14 may 2019-cu il tarixdə əvvəlki şikayətlərini təkrarlayaraq kassasiya şikayəti verib. Vurğulayıb ki, birinci instansiya məhkəməsindən həbsxananın nəzarət-buraxılış məntəqəsindəki kameraların video qeydlərinin istənilməsi və A.H.-nın şahid qismində dindirilməsi barədə vəsatətlər versə də məhkəmə onun vəsatətlərini təmin etməyib.

18. Ali Məhkəmə 16 iyul 2019-cu il tarixdə ərizəçinin kassasiya şikayətini təmin etməyib. Ali Məhkəmə də qeyd edib ki, ərizəçi cavabdehin onun sənədlərini senzuraya məruz qoyması, müvəkkilinin yazılı ifadəsini götürməsi barədə iddialarını təsdiq edən sübutlar təqdim etmədiyinə görə, aşağı instansiya məhkəmələrinin şikayətə mahiyyəti üzrə baxmaqdan imtina etməsi əsaslı olub. Ali Məhkəmə ərizəçinin təhlükəsizlik kameralarının video qeydlərinin istənilməsinə dair vəsatəti ilə bağlı qeyd edib ki, cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi video qeydlərin bir ay sonra avtomatik silindiyindən mövcud olmadığını bildirdiyi üçün birinci instansiya məhkəməsi həmin tələbi təmin etməyib. Ərizəçinin müvəkkilinin məhkəmədə dindirilməsi ilə bağlı vəsatətə gəlincə, Ali Məhkəmə müəyyən edib ki, A.H. məhkəməyə qəbul edilə bilən sübutlar təqdim edə bilməzdi, çünki, ərizəçinin özünün də bildirdiyi kimi, sənədlərinin incələnməsi və yazılı ifadənin götürülməsi A.H.-nın yanında yox, həbsxananın nəzarət-buraxılış məntəqəsinin ərazisində baş verib.

19. Ali Məhkəmənin qərarı ərizəçiyə 30 iyul 2019-cu il tarixdə təqdim olunub.

UYĞUN QANUNVERİCİLİYİN ÇƏRÇİVƏSİ

28 dekabr 1999-cu il tarixli “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun

20. Qanunun uyğun vaxtda qüvvədə olan müvafiq hissəsinin mətni aşağıdakı kimidir:

Maddə 7. Vəkillik fəaliyyətinin təminatı

I. Təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar.

III. Vəkili peşə borcunu həyata keçirməklə əlaqədar ona məlum olan hallar barədə dindirmək qadağandır.

Peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar vəkillər tərəfindən toplanılan sənədlər və digər sübutlar, vəkillik icraatları (dosye) istintaq və məhkəmə orqanları tərəfindən tələb edilə və götürülə bilməz.

IV. Vəkillərə və onların təşkilatlarına edilən bütün müraciətlər vəkillər tərəfindən sirr kimi qorunur.

Tutulan, həbs edilən və ya məhkum edilən şəxslərə hüquqi yardımın göstərilməsi üçün vəkil ilə təklikdə görüşlər və məsləhətləşmələr üçün lazımi şərait yaradılmalı, konfidensiallıq təmin olunmalıdır…”

Maddə 16. Vəkilin vəzifələri

“I. Peşə fəaliyyətini həyata keçirərkən vəkil:

qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir;

vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir;

…”

Maddə 17. Vəkil sirri

“I. Vəkilin peşə vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər və arayışlar vəkil sirrini təşkil edir.

…”

Cəzaların İcrası Məcəlləsi (CİM)

21. CİM-in 75-ci maddəsinə görə, cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəssisəyə daxil olan və çıxan şəxsləri, onların əşyalarını və nəqliyyat vasitələrini yoxlamaq hüququna malikdir (75.5-ci maddə). Baxış və axtarış tədbirlərinin keçirilməsi qaydası cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları (75.6-ci maddə) ilə tənzimlənir.

22. Məcəllənin 81-ci (məhkumların qohumları, vəkilləri və digər şəxslərlə görüşməsi) maddəsinə görə, hüquqi yardım almaq üçün məhkumların özlərinin, yaxın qohumlarının və ya onların qanuni nümayəndələrinin ərizəsinə əsasən məhkumlara vəkillərlə, habelə belə yardımı göstərmək hüququna malik olan digər şəxslərlə görüş verilir (81.7-ci maddə). Məhkumlarla Məcəllənin 81.7-ci maddəsi ilə müəyyən edilmiş görüşlərin sayı və müddəti məhdudlaşdırılmır və cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına riayət edilməklə həyata keçirilir (81.8-ci maddə). Vəkil və ya hüquqi yardım göstərmək hüququna malik olan digər şəxs cəzaçəkmə müəssisəsinə onun şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi təqdim etdikdə buraxılır (81.9-cu maddə).

Ədliyyə Nazirliyinin Kollegiyasının 29 dekabr 2011-ci il tarixli 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş Cəzaçəkmə Müəssisələrinin Daxili İntizam Qaydaları

23. Qaydaların 1-ci bölməsində nəzərdə tutulur ki, Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları müəyyən müddətə və ya ömürlük həbs cəzalarının icrası və çəkilməsi qaydalarının həyata keçirilməsi mexanizmini müəyyən edir: həmin Qaydalar Avropa Həbsxana Qaydalarına uyğun olaraq hazırlanıb.

24. Qaydaların 32-ci bölməsi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin, Ombudsmanın milli preventiv qrupunun üzvlərinin və vəkillərin məhkumlarla görüşləri ilə bağlıdır. Həmin bölməyə görə, hüquqi yardım almaq üçün məhkumların özlərinin, yaxın qohumlarının və ya onların qanuni nümayəndələrinin ərizəsinə əsasən məhkumlara vəkillərlə görüşlər verilir. Vəkil onun şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi təqdim etdikdə cəzaçəkmə müəssisəsinə buraxılır.

Ədliyyə Nazirliyinin Kollegiyasının 29 dekabr 2011-ci il tarixli, 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaları icra edən müəssisələrə daxilolma Qaydaları”

25. Qaydaların 2.1-ci maddəsində cəzaçəkmə müəssisələrinə daxil olmaq hüququ olan şəxslərin siyahısı və onların daxil olma şərtləri ifadə edilib. 2.1.10-cu maddəyə görə, vəkilin və ya hüquqi yardım göstərmək hüququ olan digər şəxsin cəzaçəkmə müəssisəsinə daxil olmasına şəxsiyyət vəsiqəsini və peşə statusunu təsdiq edən sənədləri təqdim etməklə icazə verilir.

26. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti müəssisəyə daxil olan və çıxan şəxsləri, onların əşyalarını və nəqliyyat vasitələrini yoxlamaq hüququna malikdir. 2.1.1-ci maddədə sadalanan şəxslər və 2.1.9-cu maddədə göstərilən şəxslər, yəni, hakimlər, həbsxanalara getmək hüququ olan beynəlxalq təşkilatların nümayəndələri və xarici dövlətlərin Azərbaycandakı səfirlik və konsulluqlarının nümayəndələri yoxlamaya məruz qala bilməzlər (2.4.1-ci maddə).

27. Şəxsin və əşyaların yoxlanılması Daxili İntizam Qaydalarında nəzərdə tutulmuş qaydalara uyğun aparılmalıdır (2.4.2-ci maddə).

UYĞUN BEYNƏLXALQ SƏNƏD

28. Avropa Şurası Nazirlər Komitəsinin 11 yanvar 2006-cı il tarixdə keçirilmiş 952-ci iclasında qəbul edilən, Komitənin 1 iyul 2020-ci il tarixli 1380-ci iclasında yenidən işlənmiş və dəyişikliklər edilmiş Avropa Penitensiar Qaydalarına dair Nazirlər Komitəsinin Avropa Şurasına üzv dövlətlərə tövsiyəsinin (Rec (2006)2-rev) uyğun hissələrinin mətni aşağıdakı kimidir:

“Hüquqi yardım

23.1. Bütün məhbuslar hüquqi yardım almaq hüququna malikdirlər, müdiriyyət öz növbəsində belə yardımdan səmərəli istifadə üçün zəruri şərait yaratmalıdır.

23.2. Məhbuslar istənilən hüquqi məsələ ilə əlaqədar öz seçimlərinə və hesablarına vəkillə məsləhətləşə bilərlər.

23.3. Pulsuz hüquqi xidmət sistemi mövcud olduqda, müdiriyyət bu barədə məhbusları məlumatlandırmalıdır.

23.4. Məhbusların öz vəkilləri ilə məsləhətləşməsi və istənilən ünsiyyəti, onların yazışması da daxil olmaqla məxfi xarakter daşıyır.

23.5. Müstəsna hallarda məhkəmə penitensiar müəssisədə ağır cinayətin və ya təhlükəsizliyə qarşı ciddi təhdidin qarşısının alınması məqsədilə belə məxfiliyə məhdudiyyət qoya bilər.

23.6. Məhbusların onlar barədə məhkəmə-istintaq hərəkətlərinə dair sənədlərlə tanış olmaq, yaxud belə sənədləri özlərində saxlamaq imkanı olmalıdır”.

QANUN

Konvensiyanın 8-ci maddəsinin pozuntusu iddiası

29. Konvensiyanın 8-ci maddəsinə əsaslanan ərizəçi, həbsxana personalı tərəfindən sənədlərinin yoxlanılması və müvəkkilinin yazılı ifadəsinin həbsxana müdiriyyəti tərəfindən götürülməsi nəticəsində onun Konvensiya ilə qorunan hüquqlarının pozulmasından şikayət edib. Konvensiyanın 8-ci maddəsinin mətni aşağıdakı kimidir:

1. Hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir.

A. Qəbuledilənliklə bağlı

30. Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35-ci maddəsi çərçivəsində açıqca əsassız deyildir. Bundan əlavə, bunun başqa bir əsasla da qəbulediıməz olmadığını qeyd edir. Buna görə qəbuledilən elan edilməlidir.

B. Mahiyyət

1. Tərəflərin təqdimatları

31. Ərizəçi, Qobustan Həbsxanasının əməkdaşlarının onun sənədlərini həbsxananın giriş-çıxışında yoxlaması və müvəkkilinin ona verdiyi yazılı ifadəni götürməsi barədə şikayətini davam etdirərək, qeyd edib ki, həmin hərəkətlər Konvensiyanın 8-ci maddəsinin işığında onun şəxsi həyata və yazışma hüququna müdaxilə təşkil edib və qanuna uyğun olmayıb. Həmçinin, sənədlərinin yoxlanılmasının və ifadənin götürülməsinin heç bir qanuni məqsəd güdmədiyini, müdaxilənin əsaslandırılmadığını iddia edib.

32. Hökumət, ərizəçinin əşyalarının Qobustan Həbsxanasının giriş və çıxışında qanunvericiliyə uyğun olaraq yoxlanıldığını, ancaq onun heç bir sənədinin və ya əşyasının götürülmədiyini bildirib. Xüsusilə, ərizəçinin təqdimatlarına etiraz edən hökumət, iş materiallarında ərizəçinin müvəkkili tərəfindən ona verdiyi yazılı ifadənin götürülməsi ilə bağlı iddiasını dəstəkləyən heç bir sübutun olmadığını irəli sürüb.

33. Hökumət, ərizəçinin əşyalarının yoxlanılması ilə bağlı qeyd edib ki, bu yoxlama, ərizəçinin Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə təşkil edib. Ancaq həmin müdaxilə qanuna uyğun olub, qanuni məqsəd güdüb və demokratik cəmiyyətdə zəruri olub. Vəkillərin CİM-in 75.5-ci maddəsinə və Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarına uyğun olaraq peşə vəsiqəsini təqdim etdikdən sonra heç bir maneə olmadan və əvvəlcədən xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrinə daxil olmaq hüququna malik olan şəxslər kateqoriyasına daxil olmadığını bildirən hökumət, həbsxanalara daxil olan şəxslərin yoxlanılmasının cinayətlərin və iğtişaşların önlənməsi məqsədi ilə obyektiv təhlükəsizlik baxımından demokratik cəmiyyətdə zəruri olduğunu ifadə edib.

2. Məhkəmənin qiymətləndirməsi

(a) Ümumi prinsiplər

34. Məhkəmə, Michaud Fransaya qarşı (№12323/11, §§ 117-19, AİHM 2012) və Laurent Fransaya qarşı (№28798/13, §§35 və §§44, 24 may 2018-ci il) işlərində vurğulanan və hazırkı işlə eyni dərəcədə əlaqəli olan presedent hüququnda məyyən edilən ümumi prinsiplərə istinad edir.

35. Məhkəmə, vəkillik peşəsinin ədalət mühakiməsinin həyata keçirilməsində və qanunun aliliyinin təmin edilməsində oynadığı mərkəzi rolu təkrar vurğulamanın gərəkli olması düşüncəsindədir. Vəkillərin məsləklərini haqsız hər hansı maneə olmadan icra etmə azadlığı, demokratik toplumların təməl tərkib hissəsidir və Konvensiyanın müddəalarının, xüsusilə də ədalətli məhkəmə qarantiyalarının və şəxsi təhlükəsizlik hüququnun təsirli icrası üçün gərəkli ilkin şərtdir. Bu səbəblərə görə, hüquq peşəsi mənsublarının təqib olunması və ya onlara təzyiq edilməsi Konvensiya sisteminin tam ürəyinə zərbə vurur (bax: mutatis mutandis, Elçi və Digərləri Türkiyəyə qarşı, №23145/93 və 25091/94, §669, 13 noyabr 2003-cü il).

36. Bundan əlavə, vəkillərlə yazışmalar istər icraatda olan, istər gözlənilən məhkəmə proseslərinə aid olsun, istərsə də ümumi məzmun daşısın, Konvensiyanın 8-ci maddəsinə əsasən prinsip olaraq imtiyazlıdır. Xüsusilə, bu yazışmalarda yer alan mövzuya birbaşa marağı ola biləcək şəxslər və ya səlahiyyətlilər tərəfindən həyata keçirilən rutin yoxlama, bir vəkil ilə müvəkkili arasındakı münasibətlərlə bağlı gizlilik və peşəkar imtiyazlar prinsipləri ilə uyuşmur (bax: Kempbell Birləşmiş Ştatlara qarşı Krallıq, 25 mart 1992, §§47-48, A seriyası №233 və Piechowicz Polşaya qarşı, №239, 17 aprel 2012).

37. Konvensiya vəkillərin üzərinə müştəriləri ilə münasibətlərinə dair müəyyən öhdəliklərin qoyulmasını yasaqlamır. Bu, xüsusilə bir vəkilin cinayətdə iştirakına və ya müəyyən təcrübələrlə mübarizə səyləri ilə bağlı dair inandırıcı dəlillərin mövcud olduğu durumlarda keçərlidir. Bununla belə, vəkillər ədalət mühakiməsinin həyata keçirilməsində həyati mövqe tutmaları və proses iştirakçıları ilə məhkəmələr arasında vasitəçi rol oynamaları səbəbindən hüquqi vəzifəli kimi tanına bildiklərindən belə tədbirlərlə bağlı dəqiq çərçivənin təmin edilməsi mühüm önəm daşıyır (bax: André və Another Fransaya qarşı, №18603/03, §42, 24 iyul 2008-ci il və Altay Türkiyəyə qarşı (no.2), №11236/09, § 56, 9 aprel 2019-cu il).

(b) Ümumi prinsiplərin hazırkı işə tətbiqedilənliyi

(i) müdaxilənin mövcud olub-olmaması

38. Məhkəmə ilkin olaraq, ərizəçinin və hökumətin olaylarla bağlı versiyalarının, müvəkkili tərəfindən ərizəçiyə verilmiş yazılı ifadənin həbsxana işçiləri tərəfindən götürülməsi iddiası baxımından bir-birindən fərqli olduğunu qeyd edir. Xüsusilə, ərizəçi bunun baş verdiyini iddia etsə də hökumət, ərizəçinin heç bir sənədinin və ya əşyasının həbsxana personalı tərəfindən götürülmədiyi görüşünü irəli sürüb (31 və 32-ci bəndlərə bax). Ancaq tərəflərin təqdimatlarını və işin materiallarında mövcud olan sənədləri nəzərə alan məhkəmə, hazırkı işin xüsusiyyətləri baxımından qeyd edilən uyğunsuzluğu çözməyi gərəkli hesab etmir, çünki, qeyd edilənlərin hazırkı işdə gündəmə gətirilən təməl mövzuları təsirləndirmədiyi qənaətindədir. Daha əvvəl də vurğuladığı kimi Məhkəmə, Konvensiyanın “praktik və təsirli” haqları qorumağı hədəflədiyini nəzərə alaraq, zahirən görünənlərin arxasındakılara baxmalı, şikayət edilən vəziyyətin gerçəklərini araşdırmalıdır (Par və Hyodo Azərbaycana qarşı, №54563/11 və 22428/15, §47, 18 noyabr 2021-ci il; Şentürk və başqaları Azərbaycana qarşı, №41326/17, §101, 10 aprel 2022).

39. Bu baxımdan Məhkəmə, ərizəçinin şikayətinin mahiyyətinin vəkilin müvvəkkili ilə görüşmək üçün həbsxanada qəbulu zamanı qarşılaşa biləcəyi müntəzəm təhlükəsizlik yoxlaması ilə bağlı deyil, onun sənədlərinin müvəkkili ilə görüşdən əvvəl və sonra, həm də hər hansı cinayət şübhəsi olmadan həbsxana personalı tərəfindən yoxlanılması ilə əlaqəli olduğunu vurğulayır.

40. Məhkəmə, icra üsulu və praktiki nəticələri baxımından axtarışdan fərqlənməyən hər hansı tədbirin, daxili qanunvericilikdəki xarakteristikasından asılı olmayaraq, ərizəçinin Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə təşkil etməsi barədə görüşünü yeniləyir (bax: Avanesyan Rusiyaya qarşı, № 41152/06, § 39, 18 sentyabr 2014-cü il, və Kruqlov və başqaları Rusiyaya qarşı, № 11264/04 və digər 15 iş, § 123, 4 fevral 2020-ci il). Məhkəmə, hazırkı işdə Qobustan həbsxanasının rəisinin 20 sentyabr 2018-ci il tarixli məktubundan ərizəçinin 10 avqust 2018-ci il tarixdə müvəkkili ilə görüşmək üçün Qobustan həbsxanasına getdikdə onun sənədlərinin həbsxananın girişində və çıxışında ümumi yoxlanışdan keçirildiyinin anlaşıldığını müşahidə edir (yuxarıda 12-ci bəndə bax).

Məhkəmə, səlahiyyətlilərin, ərizəçinin sənədlərinin onun müvəkkili ilə görüşməsindən əvvəl və sonra yoxlanılmasına qərar verərəkən, ərizəçinin qanunsuz hərəkət etməsinə dair hər hansı şübhəyə, hətta, maddi sübuta söykənib hərəkət etdiyinə inanmaq üçün heç bir səbəb görmür. Hökumət tərəfindən belə bir iddia da irəli sürülməyib. Həm də hökumət, ərizəçinin əşyalarının həbsxananın giriş və çıxışında yoxlanıldığını, bunun ərizəçinin Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan hüquqlarına müdaxilə təşkil etdiyini qəbul edib (32 və 33-cü bəndlərə bax).

41. Məhkəmə bu şərtlər altında, həbsxanada müvəkkiliylə görüşdən əvvəl və sonra ərizəçinin sənədlərinin yoxlanılmasının, bu tədbirin daxili anunvericilikdə necə xarakterizə edilməsindən asılı olmayaraq, ərizəçinin “şəxsi həyatına” və “yazışmalarına” Konvensiyanın 8.1-ci maddəsinin mənasında müdaxilə təşkil etdiyi qənaətindədir (mutatis mutandis, İvaşçenko Rusiyaya qarşı, №61064/10, §§68-69, 13 fevral 2018-ci il; Yunusova və Yunusov Azərbaycana qarşı (№ 2), №68817/14, §148, 16 iyul 2020).

(ii) müdaxilənin əsaslı olub-olmaması

42. Belə müdaxilələr, 8-ci maddənin 2-ci bəndinə əsasən qanuna uyğun olması, orda sadalanan qanuni məqsədlərdən biri və ya bir neçəsinə yönəlməsi, uyğun məqsədə və ya məqsədlərə çatmaq üçün demokratik cəmiyyətdə zəruri olması əsaslandırlmadıqca, Konvensiyanın 8-ci maddəsini pozacaq.

43. Məhkəmə, oturuşmuş presedent hüququna söykənərək, Konvensiyanın Preambulasında açıq ifadə edildiyi kimi “qanuna uyğunluq” ifadəsinin, 8-ci maddənin məqsədləri və məzmunu baxımından etiraz edilən tədbirin milli qanunvericilikdə təməlinin olmasını və hüququn üstünlüyü prinsipinə uyğun gəlməsini tələb etdiyini vurğulayır (Azər Əhmədov Azərbaycana qarşı, №3409/10, §63, 22 iyul 2021-ci il). “Qanuna uyğunluq” ifadəsi həmçinin, sözügedən qanunun keyfiyyətinə də istinad etməklə, onun aidiyyəti olan şəxslər üçün əlçatanlığını, onun təsirlərinin öncədən görülə bilən olmasını tələb edir (Quliyev Azərbaycana qarşı, №54588/13, §. 50, 6 iyul 2023). Qanunun öncə görülə bilənlik meyarına cavab verməsi, müvafiq şəxslərin – lazımsa, müvafiq tövsiyələrlə – öz davranışlarını tənzimləyə bilmələri üçün tədbirin tətbiqi ilə bağlı şərtləri kifayət qədər dəqiqliklə müəyyən etməsini tələb edir (bax: Altay (№2), yuxarıda göstərilən, § 54).

44. Bundan başqa, milli qanunvericiliyin keyfiyyətlə bağlı tələblərə cavab verməsi üçün dövlət orqanları, Konvensiya ilə təmin olunan hüquqları özbaşına müdaxilələrdən qorumaq üçün hüquqi qorumanı təmin etmək öhdəliyi daşıyırlar. Fundamental hüquqları təsirləndirən mövzularda icra hakimiyyətlərinə verilən mülahizə sərbəstliyinin məhdudiyyətsiz səlahiyyət kimi ifadə edilməsi, Konvensiyada təsbit edilən demokratik cəmiyyətin əsas prinsiplərindən biri olan qanunun aliliyi prinsipinə zidd olacaq. Nəticə olaraq, qanun, bu cür mülahizə səlahiyyətinin çərçivəsini və onun tətbiqi formasını yetərli qədər aydın ifadə etməlidir (Səlahəddin Dəmirtaş Türkiyəyə qarşı (no.2) [GC], №14305/17, §§249-50, 22 dekabr 2020, əlavə istinadlarla və Zayidov Azərbaycana qarşı (№2), №5386/10, §68, 24 mart 2022).

45. Məhkəmə, hər hansı müdaxilənin qanuniliyini və xüsusilə, sözügedən milli qanunvericiliyin oncədən görülə bilənliyini dəyərləndirərkən, həm qanunun mətnini, həm də onun rəsmilər tərəfindən necə tətbiq və təfsir olunmasını nəzərə alır. Milli məhkəmələr tərəfindən qanunun praktiki təfsiri və tətbiqi, fərdlərin özbaşına müdaxilələrdən qorunmasını təmin etməlidir (yuxarıda qeyd edilən Quliyev işi, §51).

46. Məhkəmə, hazırkı işin hallarına qaydaraq, milli qanunvericiliyin bir vəkilin sənədlərinin həbsxananın giriş və çıxışında yoxlanılması ilə bağlı açıq göstərişləri ehtiva etmədiyini müşahidə edir. Ancaq görünən odur ki, Hökumət, ərizəçinin hüquqlarına müdaxiləni Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarının müddəaları (yuxarıda 25-27-ci bəndlərə bax) işığında baxdıqda, Cəzaların İcrası Məcəlləsinin 75.5-ci maddəsi (yuxarıda 21-ci bəndə bax) ilə əsaslandırıb. Xüsusilə də, müvafiq daxili qanunvericiliyə görə vəkillər peşə vəsiqələrini təqdim edərək maneəsiz və qabaqcadan xəbərdarlıq edilmədən həbsxanalara daxil olmaq hüququna malik şəxslər kateqoriyasında olmadıqları üçün müdaxilənin qanuna uyğun olması iddia edilib (yuxarıda 33-cü bənd).

47. Bu baxımdan, Məhkəmə, Qanunun 7 və 17-ci maddələrinin vəkil-müvəkkil münasibətləri üçün tanınan imtiyazı və vəkilin öz peşə fəaliyyətini həyata keçirərkən əldə etdiyi məlumat və sənədlərə tətbiq edilən məxfilik prinsipini açıq şəkildə qoruduğunu müşhidə edir (yuxarıda 20-ci bəndə bax). Məhkəmə xüsusilə, CİM-in məhbusların vəkilləri ilə görüşlərini tənzimləyən 81-ci maddəsinin vəkilin şəxsiyyət vəsiqəsini və peşə statusunu təsdiq edən sənədləri (maddə 81.9) təqdim etməsi ilə həbsxanaya daxil olmasına icazə verdiyini və vəkilin sənədlərinin həbsxana personalı tərəfindən yoxlanılması sualını isə cavabsız qoyduğunu qeyd edir (22-ci bəndə bax). Ancaq CİM-in 75-ci maddəsi, həbsxana personalına müxtəlif kateqoriyalı insanlar arasında heç bir fərq qoymadan və ya yoxlamanın necə aparılmalı olduğunu izah etmədən, içəri girən və çıxan insanları, onların əşyalarını və nəqliyyat vasitələrini yoxlamaq səlahiyyətini verən ümumi qayda müəyyən edir (maddə 75.5., yuxarıda 21-ci bəndə bax).

48. Məhkəmə, hazırkı işdə milli məhkəmələrin ərizəçinin onun sənədlərinin yoxlanılmasının qanununiliyi ilə bağlı şikayətini mahiyyəti üzrə araşdırmaqdan imtina etdiyini və yuxarıda ifadə edilən yerli məhkəmə qərarlarının nə ilə əsaslandırıldığını açıqca ortaya qoyan hər hansı milli presedentin mövcud olmadığını müşahidə edir. Bundan əlavə, nə yerli məhkəmələr öz qərarlarında, nə də Hökumət Məhkəməyə təqdimatlarında Qanunun 7 və 17-ci maddələrinin, CİM-in 81.9-cu maddəsinin həbsxana personalının CİM-in 75.5-ci maddəsinə uyğun olaraq həbsxanaya girib-çıxan insanları və onların əşyalarını yoxlamaq səlahiyyəti ilə necə qarşılıqlı əlaqədə olduğuna dair heç bir izahat verməyib.

49. Bütün hallarda, hökumətinin də iddia etdiyi kimi, həbsxanalara daxil olma Qaydalarının müddəalarının işığında oxunduğunda CİM-in 75.5-ci maddəsinin ərizəçinin sənədlərinin yoxlanılması üçün hüquqi əsas yaratdığını fərz etsək belə, Məhkəmə belə bir ümumi qaydanın Konvensiyanın 8-ci maddəsinin mənası baxımından qanunun keyfiyyəti tələbinə cavab vermədiyini düşünür.

50. Bu baxımdan, Məhkəmə, vəkillərlə onların müvəkkilləri arasındakı mübadilələrin Konvensiyanın 8-ci maddəsi çərçivəsində onların sahib olduqları gücləndirilmiş müdafiə (bax: Michaud, yuxarıda adı çəkilən, §118) və bu kontekstdə hər hansı tədbirin tətbiqi üçün ciddi çərçivənin təmin edilməsi ehtiyacına diqqəti yönəldir (37-ci bənddə göstərilən presedent hüququna baxın). Məhkəmə xüsusilə, axtarış aparılmasının 8-ci maddə ilə qorunan haqlara ciddi müdaxilə təşkil etdiyini və buna görə, dəqiq ifadə edilmiş qanuna əsaslanmalı olmasının vacibliyini vurğulayır. Mümkün sui-istifadə və ya özbaşınalıq hallarına qarşı qorumanı təmin edən aydın və ətraflı qaydaların olması şərtdir (mutatis mutandis, Sorvisto Finlandiyaya qarşı, №19348/04, §118, 13 yanvar 2009-cu il və Heino Finlandiyaya qarşı, №56720/09, §43, 15 fevral 2011-ci il).

51. Ancaq Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydalarının müddəalarının işığında baxdıqda CİM-in 75.5-ci maddəsi mümkün sui-istifadə və ya özbaşınalıq hallarına qarşı aydın və ətraflı hüquqi baza və ya qoruma təmin etmir. Əksinə, bu müddəalar məhbusların vəkilləri ilə ailə üzvləri kimi digər ziyarətçilərə heç bir fərq qoymur, vəkillərin ədalət mühakiməsinin həyata keçirilməsindəki xüsusi statusunu gözardı edir. Bu müddəalara söykənən həbsxana personalı təcrübədə həbsxanada müvəkkilini ziyarət edən vəkillərin sənədlərini yoxlamaq üçün sərhədsiz mülahizə sərbəstliyindən istifadə edə bilər və qəbul etdikləri qərarlarına hər hansı səbəb və ya əsaslandırma təqdim etmələri də tələb olunmaz.

52. Məhkəmə, müvafiq yerli qanunvericiliyin belə təfsir və tətbiq edilməsinin, müvəkkil-vəkil münasibətlərinə tanınan imtiyazı azadlıqlarından məhrum edilmiş fərdlər baxımından hər hansı mahiyyətdən məhrum etmiş olacaq. Xüsusilə, həbsxanada müdafiə etdikləri şəxslərə baş çəkməzdən əvvəl və sonra vəkillərin sənədlərinin yoxlanılması ilə bağlı qərarların hökumətin də bu işdə bildirdiyi kimi həbsxana personalının mülahizəsinə buraxılması, Konvensiyanın 8-ci maddəsi ilə qorunan vəkil-müvəkkil münasibətlərinin gizliliyinə hörmət prinsipi ilə bir araya sığmır.

53. Yuxarıdakı mülahizələr Məhkəmənin sözügedən müdaxilənin Konvensiyanın 8-ci maddəsinin 2-ci bəndinin mənası baxımından “qanuna uyğunluq” testinə cavab verməməsi nəticəsinə gəlməsi üçün yetərlidir. Bu nəticənin işığında Məhkəmə, müdaxilənin 8.2-ci maddədə ifadə edilən qanuni məqsədlərdən hər hansı birinə xidmət edib-etmədiyini və demokratik cəmiyyətdə zəruri olub-olmadığını araşdırmaq məcburiyyətində deyil.

54. Qeyd edilənlərə əsasən, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş verib.

Konvensiyanın 6-cı və 13-cü maddələrinin pozuntusu iddiası

55. Ərizəçi Konvensiyanın 6 və 13-cü maddələrinə əsasən məhkəməyə çatım və səmərəli müdafiə vasitələrinin çatışmazlığından şikayətçi olub.

56. İşin hallarını, tərəflərin təqdimatlarını və Konvensiyanın 8-ci maddəsinə əsasən gəldiyi nəticələri nəzərə alan Məhkəmə, hazırkı ərizədə qaldırılan əsas hüquqi sualı araşdırdığı və yuxarıda qeyd olunan şikayətlərin qəbuledilənliyi və mahiyyəti ilə bağlı ayrıca qərar verilməsinə ehtiyac olmadığı düşüncəsindədir (Hüquq Resursları Mərkəzi adından Valentin Câmpeanu Rumıniyaya qarşı [GC] №47848/08, §156, AİHM 2014 və yuxarıda göstərilən Azər Əhmədovun işi, §79).

Konvensiyanın 41-ci maddəsinin tətbiqi

57. Konvensiyanın 41-ci maddəsi aşağıdakı kimidir:

“Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.”

Ziyan

58. Ərizəçi mənəvi ziyan əvəzi görə 20.000 avro (EUR) tələb edib.

59. Hökumət ərizəçinin tələb etdiyi məbləğin əsassız və həddindən artıq olduğunu, hər hansı pozuntunun təsbit edilməsinin yetərli ədalətli əvəz təşkil edəcəyini bildirib.

60. Məhkəmə, ərizəçinin yalnız pozuntunun müəyyən edilməsi ilə kompensasiya edilə bilməyəcək mənəvi zərərə məruz qaldığı, bu səbəbdən təzminat ödənilməsinin vacib olduğu düşüncəsindədir. Konvensiyanın 41-ci maddəsinin tələb etdiyi kimi ədalətli əsaslarla qiymətləndirmə aparan Məhkəmə, ərizəçiyə bu başlıq altında ödənilməsi üçün 4,500 avro təyin edir, bu məbləğdən tutula bilən hər hansı vergi məbləği də onun üzərinə əlavə olunmalıdır.

Xərc və məsrəflər

61. Ərizəçi, daxili məhkəmələrdə icraat zamanı çəkdiyi hüquqi məsrəflər üçün 30 avro və poçt məsrəfləri üçün 9,56 avro tələb edib və iddiasını dəstəkləmək üçün qəbzlər təqdim edib. Həmçinin, Məhkəmə qarşısındakı hüquqi xərclərə görə 993 avro tələb edib. Ərizəçi bununla əlaqədar olaraq öz nümayəndələri ilə bağladığı, amma imzalamadığı müqaviləni (5 iyul 2021-ci il tarixli) 14 noyabr 2022-ci il tarixli təqdimatına əlavə edib.

62. Hökumət 15 dekabr 2022-ci il tarixli təqdimatında ərizəçinin tələb etdiyi məbləğin əsassız və həddindən artıq olduğunu iddia edib. Hökumət xüsusilə, müqavilənin ərizəçi tərəfindən imzalanmaması əsası ilə Məhkəmə önündə çəkilmiş hüquqi xərclərlə bağlı müqavilənin etibarlılığına etiraz edib. Onlar həmçinin, Məhkəmə qarşısında müvəkkillərini təmsil etməkdə hərtərəfli təcrübəyə malik olan ərizəçinin, Məhkəmə qarşısında hansı səbəbdən iki vəkil tərəfindən təmsil olunmasının aydın olmadığını ifadə ediblər.

63. Ərizəçi, 23 dekabr 2022-ci il tarixdə sözügedən müqavilənin imzalanmılş versiyasını məhkəməyə təqdim edib və 14 noyabr 2022-ci ildə təqdim etdiyi qeydlərə yanlışlıqla müqavilənin imzalanmamış variantının əlavə edildiyini bildirib.

64. Məhkəmə, 17 yanvar 2023-cü il tarixli məktubla ərizəçiyə Məhkəmə tərəfindən əlavə təqdimatlar etmək üçün dəvət olunmadığını və Palatanın bu iddiaları nəzərə alıb-almamağa qərar verəcəyini bildirib (Qaydaların 60 və 2-ci bəndi; Məhkəmə Reqlamentinin 2 və 3-cü bəndləri).

65. Məhkəmə, hər hansı ərizəçinin Palatanın Sədri fərqli göstəriş vermədiyi müddət ərzində, işin mahiyyəti üzrə qeydlərini, müvafiq dəstəkləyici sənədləri, iddiaların detallı təfərrüatlarını müəyyən edilmiş müddət çərçivəsində təqdim etməli olduğunu təkrar qeyd edir (60§2-cı Qayda). Ərizəçi müvafiq qaydalara əməl etməzsə, Palata iddiaları tamamilə və ya qismən rədd edə bilər (60§3-cü Qayda). Hazırkı işdə əlində olan sənədləri və yuxarıda göstərilən meyarları nəzərə alan Məhkəmə, ərizəçinin müqavilənin imzalanmış surətini tələb olunan müddət daxilində təqdim etməməsi və müvafiq tələblərə əməl etməməsinə səbəb olaan inandırıcı izahat verməməsi səbəbindən ərizəçinin məhkəmə xərclərinə dair iddiasını qəbul etmək üçün heç bir əsas tapmır. Bu səbəbdən, iddianın bu hissəsinin rədd edilməsi gərəklidir (Aslan İsmayılov Azərbaycana qarşı, №18498/15, §63, 12 mart 2020-ci il).

66. Milli məhkəmələrdəki icraat zamanı çəkilmiş hüquqi məsrəflər və poçt xərclərinə aid tələblərlə bağlı Məhkəmə, ərizəçiyə 39,56 avro məbləğin və ondan tutula biləcək hər hansı vergi məbləğinin ödənilməsini məqsədəuyğun olduğu düşüncəsindədir.

BU ƏSASLARA GÖRƏ MƏHKƏMƏ, YEKDİLLİKLƏ,

1. Bəyan edir ki, Konvensiyanın 8-ci maddəsi üzrə şikayət qəbulediləndir;

2. Qərar verir ki, Konvensiyanın 8-ci maddəsinin pozuntusu baş verib;

3. Qərar verir ki, Konvensiyanın 6-cı və 13-cü maddələrinə əsaslanan şikayətlərin qəbuledilənliyi və mahiyyəti üzrə qərar verməyə ehtiyac yoxdur;

6. Qərar verir ki,

(a) cavabdeh Dövlət Konvensiyanın 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq, qərarın qüvvəyə mindiyi tarixdən üç ay müddətində aşağıdakı məbləğdə təzminatı ödəmə tarixində keçərli olan məzənnəyə uyğun olaraq, cavabdeh dövlətin valyutasına mübadilə edirək ərizəçilərə ödəməlidir;

(i) tutula biləcək hər hansı vergi məbləği daxil olmaqla, mənəvi ziyana görə 4,500 avro (dörd min beş yüz avro);

(ii) ərizəçilərdən tutula biləcək hər hansı vergi məbləği daxil olmaqla hüquqi xərc və məsrəflərlə bağlı 39,56 avro (otuz doqquz avro və əlli altı sent);

(b) yuxarıda qeyd edilən üç ayın keçməsindən sonra ödəmənin həyata keçirilməsinə qədər gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğə görə, Avropa Mərkəzi Bankının faiz dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;

Ərizəçinin ədalətli kompensasiya tələbinin qalan hissəsini rədd edir.

Qərar ingilis dilində tərtib edilib və 20 iyun 2024-cü il tarixdə Məhkəmə Reqlamentinin 77-ci Qaydasının 2-ci və 3-cü bəndlərinə uyğun olaraq qərar barədə yazılı məlumat verilib.

Ilse Freiwirth                    Marko Bošnjak
Katib                                     Sədr