2 sentyabr 2024-cü il tarixdə dərc edilib
BİRİNCİ BÖLMƏ
Ərizənin nömrəsi: 20683/21
Hüseyn ABDULLAYEV və Zeynəb ABDULLAYEVA Azərbaycana qarşı
14 aprel 2021-ci il tarixdə təqdim edilib
16 iyul 2024-cü il tarixdə kommunikasiyaya başlanılıb
MƏHKƏMƏ İŞİNİN MÖVZUSU
Ərizə iş adamı və keçmiş siyasətçiyə (birinci ərizəçi) və onun anasına (ikinci ərizəçi) qarşı cinayət işi ilə bağlıdır.
Birinci ərizəçi 2005-ci ildən 2007-ci ilə qədər Milli Məclisin üzvü olub, onun deputat toxunulmazlığı parlamentdə müzakirələr zamanı digər parlament üzvü ilə fiziki münaqişədən sonra götürülüb. 2007-ci ildə birinci ərizəçi qəsdən fiziki xəsarət yetirmə və xuliqanlıqda təqsirli bilinib, iki il şərti azadlıqdan məhrum etmə cəzasına məhkum olunub (daha ətraflı bax: Abdullayev Azərbaycana qarşı, № 6005/08, 7 mart 2019-cu il).
2013-cü ildə birinci ərizəçi Almaniyaya köçüb. Onun təqdimatına görə, Almaniyada olarkən Azərbaycan hakimiyyətini tənqid edən klip çəkdirib. Elə həmin il ərizəçilərə qarşı Azərbaycanda qanunsuz sahibkarlıq, vergidən yayınma və ailə biznesinin idarəsi zamanı törətdikləri iddia edilən digər cinayətlər üzrə cinayət işi başlanmışdır. Həmin proseslər çərçivəsində birinci ərizəçinin həbsi ilə bağlı məhkəmə qərarı çıxarılıb və Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında İnterpol onun barəsində Qırmızı Bildiriş verib. 2013-cü ildə ərizəçi Almaniyada siyasi sığınacaq üçün müraciət etmiş və ona sığınacaq verilmişdi. 2014-cü ildə İnterpol Qırmızı Bildirişi ləğv edib.
Görünüşə görə, 2016-cı ildə ikinci ərizəçi başqa şəxsin pasportundan istifadə etməklə dövlət sərhədini qanunsuz keçərək Azərbaycanı tərk edib. Bu hadisə ilə əlaqədar daha sonra o, sərhədi qanunsuz keçmə cinayətində ittiham olunub. Bu kontekstdə birinci ərizəçi və sərhədçilər də daxil olmaqla bir neçə şəxsə də ittiham irəli sürülüb.
2018-ci ilin aprel ayında ərizəçilər Türkiyəyə istirahətə gediblər. Həmin vaxt birinci ərizəçi Türkiyə hüquq-mühafizə orqanları tərəfindən həbs edilərək Azərbaycan hökumətinə təhvil verilib. Hər iki ərizəçi də daxil olmaqla, bir sıra cinayət əməllərində ittiham olunan doqquz müttəhimin günahlandırldığı məhkəmə prosesinin yekununda Bakı Hərbi Məhkəməsi 1 oktyabr 2019-cu il tarixdə ərizəçiləri əsasən, qanunsuz sahibkarlıq, külli miqdarda çirkli pulların yuyulması, külli miqdarda vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, xidməti saxtakarlıq və sərhədi qanunsuz keçmə cinayətlərində təqsirli bilib. Birinci ərizəçi altı il müddətinə azadlıqdan məhrum etmə, ikinci ərizəçi isə 4000 Azərbaycan manatı məbləğində cərimə cəzasına məhkum edilib.
Məhkəmə, həmçinin vergi orqanlarının ərizəçilərə qarşı ödənilməmiş vergilərlə bağlı iddialarını təmin edib və onlara məxsus çoxsaylı daşınmaz əmlakın və müxtəlif digər aktivlərin müsadirə edilməsinə qərar verib. Yuxarı isntansiyalara şikayətlərin yekununda, 14 oktyabr 2020-ci il tarixdə Ali Məhkəmə ərizəçilərlə bağlı hökmləri qüvvədə saxlayıb.
Elə həmin vaxtlardda, 26 avqust 2020-ci il tarixində BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupu 48/2020 saylı qərarını açıqlayıb. Həmin qərarda həm Türkiyənin, həm də Azərbaycanın birinci ərizəçiyə münasibtdə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin və İCCPR-nin bir sıra müddəalarını pozduğunu müəyyən edib, hər iki dövlətdən vəziyyəti düzəltmək üçün addımlar atmağı tələb edib. Qərarda həmçinin qeyd edilib ki, həll yolu Azərbaycanın birinci ərizəçini dərhal azad etməsi və həm Azərbaycanın, həm də Türkiyənin birinci ərizəçinin təzminat və dəymiş zərərin əvəzinin ödənilməsi hüququnu təmin etməsi ola bilər.
Ərizəçilər Konvensiyanın 6-cı maddəsinə və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsaslanaraq, onlarla bağlı cinayət prosesinin iddia edilən ədalətsizliyindən, məhkəmələrin iddia edilən tərəfsizlik və müstəqillik prnsiplərinə əməl etməməsindən və əmlaklarına tətbiq edilən müsadirə tədbirlərinin qanunsuz olmasından şikayət ediblər.
Ərizəçilər həmçinin Konvensiyanın 10-cu maddəsinə əsaslanaraq, iddia eediblər ki, cinayət məsuliyyətinə cəlb edilmələri birinci ərizəçinin ifadə azadlığından istifadə etməsi ilə bağlı olub.
Ərizəçilər yekun olaraq, Konvensiyanın 18-ci maddəsinə əsaslanaraq, yuxarıda qeyd olunan Konvensiyanın bütün müddəaları ilə birlikdə onların hüquqlarının Konvensiyada nəzərdə tutulmuş məqsədlərdən başqa məqsədlər üçün məhdudlaşdırılmasından şikayətçi olublar.
TƏRƏFLƏRƏ SUALLAR
1. Birinci ərizəçi cənab Hüseyn Abdullayevə münasibətdə, ərizə BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupuna təqdim edilənlərlə mahiyyətcə eyni olan məsələlərə aiddirmi? Konvensiyanın 35-ci maddəsinin 2-ci bəndinə (b) uyğun olaraq, həmin qurumun qarşısındakı icraat beynəlxalq təhqiqat və ya həllin digər proseduru hesab edilə bilərmi? Ərizə, həmin quruma təqdim edilmiş məsələlərlə müqayisədə müvafiq yeni təfərrüatları əhatə edirmi?
2. Ərizəçilər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, onlara qarşı cinayət ittihamının incələnməsi zamanı ədalətli məhkəmə dinləmələri imkanına sahib olublarmı? Ərizəçilərin əsaslandırılmış qərar əldə etmək hüququnun, xüsusilə də onların ittiham olunduğu cinayət əməlləri üzrə təhqiqat müddətlərinin başa çatması ilə bağlı arqumentləri ilə bağlı pozuntu baş veribmi?
3. Ərizəçilərin işinə baxan Bakı Hərbi Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələb etdiyi kimi müstəqil və qərəzsiz idimi?
4. Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinin mənasında ərizəçilərin ifadə azadlığına müdaxilə baş veribmi? Əgər belədirsə, bu müdaxilə qanunla nəzərdə tutulmuşdumu və 10-cu maddənin 2-ci bəndi baxımından zəruri idimi?
5. Ərizəçilər mülkiyyətlərindən 1 saylı Protokolun 1-ci maddəsinin mənasında ictimai maraqlar naminə və qanunla nəzərdə tutulmuş şərtlərə və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraqmı məhrum ediliblər? Əgər belədirsə, həmin məhrumiyyət əmlakın ümumi mənafeyə uyğun istifadəsinə nəzarət etmək və ya cərimələrin ödənilməsini təmin etmək üçün lazımlı idimi? Bu məhrumiyyət ərizəçilərin üzərinə həddindən artıq fərdi yük qoymuşdumu?
6. Konvensiyanın 6-cı və 10-cu maddələrinə və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə uyğun olduğu iddia edilən dövlət tərəfindən qoyulmuş məhdudiyyətlər, Konvensiyanın 18-ci maddəsinə zidd olaraq, həmin maddələrdə nəzərdə tutulanlardan başqa məqsədlər üçünmü tətbiq olunub?