2 sentyabr 2024-cü il tarixində dərc edilmişdir
BİRİNCİ BÖLMƏ
Ərizənin nömrəsi: 9932/21
Arif BABAYEV Azərbaycana qarşı
19 yanvar 2021-ci il tarixdə təqdim edilib
16 iyul 2024-cü il tarixdə kommunikasiyaya başlanılıb
MƏHKƏMƏ İŞİNİN MÖVZUSU
Ərizə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internetdə qanunla məhdudlaşdırılmış məlumatların yayılması) maddəsində nəzərdə tutulmuuş inzibati xətanı törətməklə ittiham olunan və bir ay müddətinə inzibati qaydada həbs edilən müxalifət fəala qarşı inzibati icraatla bağlıdır. Ərizəçinin təqdimatına görə, polis həbs zamanı onun mobil telefonunu götürüb və özündə saxlayıb.
Suraxanı Rayon Məhkəməsi 22 aprel 2020-ci il tarixli qərarı ilə polisin təqdimatına və iş materialına istinad edərək qərara alıb ki, ərizəçi yuxarıda qeyd olunan inzibati xətanı törədib. Məhkəmə öz qərarında ərizəçi tərəfindən hansı məlumatın yayılmasının qanunsuz olduğunu aydın göstərməyib.
Həmin qərardan apellyasiya şikayəti verən ərizəçi qadağan olunmuş hər hansı məlumatı yaymadığını, sadəcə, müxalifət liderlərindən birinin müsahibəsini və keçmiş hərbi qulluqçunun “Azadlıq” qəzetində dərc olunmuş açıqlamasını özünün Facebook hesabında paylaşdığına görə mühakimə olunduğunu iddia edib. Bakı Apellyasiya Məhkəməsi 5 may 2020-ci il tarixli qərarı ilə aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Həmin qərarda da ərizəçi tərəfindən yayılan iddia edilən qeyri-qanuni məzmunla bağlı istinad olmayıb.
Konvensiyanın 5, 6, 8 və 10-cu maddələrinə əsaslanan ərizəçi, daxili məhkəmə araşdırmalarının ədalətsiz olmasından və nəticədə onun ifadə azadlığı hüququnun pozulmasından şikayət edib. Ərizəçi həmçinin, müvafiq yerli orqanların onun mobil telefonunu ələ keçirib saxlamasından və heç bir qanuni əsas olmadan mobil telefona daxil olmasından şikayət edib.
TƏRƏFLƏRƏ SUALLAR
1. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin işığında ona qarşı icraatlar zamanı ədalətli məhkəmə dinləmələri imkanına malik olubmu? Xüsusilə, tərəflərin bərabərliyi prinsipinə və ərizəçinin əsaslandırılmış qərar əldə etmək hüququna hörmət edilibmi?
2. Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndinin mənasında ərizəçinin ifadə azadlığına müdaxilə baş veribmi? Əgər belədirsə, bu müdaxilə qanunla nəzərdə tutulmuşdumu və 10-cu maddənin 2-ci bəndi baxımından zəruri idimi? Ərizəçiyə qarşı tətbiq edilən sanksiya qarşıya qoyulan məqsədlərə mütənasib idimi?
3. Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndinin mənasında ərizəçinin şəxsi həyatına və yazışmalarına hörmət etmək hüququna müdaxilə edilibmi? Əgər belədirsə, bu müdaxilə qanuna uyğun və qanuni məqsəd naminə 8-ci maddənin 2-ci bəndi baxımından zəruri idimi?
Tərəflərdən inzibati icraata aid bütün sənədlərin surətlərini, ərizəçi tərəfindən yayılmış və onun inzibati məsuliyyətə cəlb edilməsinə səbəb olan mübahisələndirilən qanunsuz məlumatların ingilis və ya fransız dilinə orijinal mətnini və tərcüməsini təqdim etmələri xahiş olunur.