Avropa İnsan Haqları Məhkəməsi (AİHM) avqust ayının 29-da Azərbaycanla bağlı 2 yeni qərar və qərardadını elan edəcək. Hər iki işdə ərizəçi eyni QHT-dir.
Azad İqtisadiyyata Yardım İctimai Birliyi Azərbaycana qarşı (№12759/13)
Bu işdə ərizəçi 2004-ü ildə yaradılmış, Bakıda yerləşən, liberal iqtisadiyyatı, ictimai vəsaitlərin xərclənməsindəki şəffaflığı dəstəkləyən qeyri-hökumət təşkilatıdır.
Ərizəçi 2010-cu ildə Azərbaycan Dövlət Televiziyasına (AzTV) informasiya sorğusu göndərib, büdcəsinin xərclənməsi durumunu ifadə edən bilgilərin ona təqdim edilməsini istəyib. Ancaq AzTV sorğuya cavab verməyib.
Ərizəçi Səbail rayon Məhkəməsinə müraciət edib. AzTV-nin sorğuya cavab verməməsinin qanunsuz olduğunu iddia edən ərizəçi məhkəmədən xahiş edib ki, cavabdehin üzərində informasiya sorğusunda istənilən informasiyaların ona təqdim edilməsi vəzifəsi qoyan qərar versin. Məhkəmə QHT-nin iddiasını rədd edib.
Ərizəçinin həmin qərardan verdiyi şikayəti apekyasiya instansiyası qismən təmin edib, bildirib ki, AzTV-nin sorğuya cavab verməməsi qanunsuz olub. Ərizəçinin digər tələbləri isə rədd edilib.
Ərizəçi Ali Məhkəməyə şikayət edib, bu instansiya öz növbəsində apelyasiya instansiyasının qərarını ləğv edib, işi yenidən baxılması üçün geri qaytarıb.
Bakı Apelyasiya Məhkəməsi bu dəfə ərizəçinin iddiasını təmin edib – qərar verib ki, AzTV QHT-nin istədiyi informasiyaları ona təqdim etməlidir.
Bu dəfə AzTV qərardan Ali Məhkəməyə şikayət edib. Öz növbəsində Ali Məhkəmə şikayəti təmin edən, ərizəçinin tələblərinin tamamilə rədd olunmasını nəzərdə tutan qərar qəbul edib. Ali Məhkəmədəki icraat xəbər verilmədiyi üçün ərizəçinin iştirakı olmadan keçirilib.
Ərizəçi AİHM qarşısında ifadə və ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edir.
Azad İqtisadiyyata Yardım İctimai Birliyi Azərbaycana qarşı (№27642/13)
Bu məhkəmə işində də ərizəçi QHT ifadə azadlığı və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu mübahisələndirib. Məhkəmə işi əvvəlki işdə olduğu kimi informasiya sorğusunun tam cavablandırılmaması, ərizəçinin şikayətlərinin məhkəmələr tərəfindən rədd edilməsi ilə bağlıdır.
Ərizəçi QHT 2011-ci ildə Nazirlər Kabinetinə informasiya sorğusu göndərib. O xahiş edib ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları” ilə əlaqəli bəzi informasiyalar ona təqdim edilsin. Ərizəçi sorğunu həyata keçirdiyi layihələr, araşdırmalar ilə əsaslandırıb.
Nazirlər Kabineti sorğuya cavab vermədiyindən ərizəçi 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə iddia ilə müraciət edib, Nazirlər Kabinetindən istədiyi məlumatların ona təqdim edilməsinin təmin olunmasını xahiş edib. Məhkəmə iddianı rədd edib, yuxarı məhkəmə instansiyaları həmin qərarı qanuni hesab edib.